BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının keçiriləcəyi yer kimi Azərbaycanın seçilməsi ən doğru qərardır, çünki iqlim dəyişikliyi kimi məsələlər neft hasil edən ölkələrdə müzakirə olunmalıdır.
Bu sözləri Bakıda keçirilən COP29-da iştirak edən Rusiya Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov deyib.
Titov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin neft hasilatı ilə bağlı respublikaya ünvanlanan tənqidlərə təəccüblü münasibətini bölüşür. Onun fikrincə, yaşıl gündəliyi “karbon yanacaqlarından təcili olaraq imtina və bunu kifayət qədər tez etməyənlər üçün cərimələr” düsturuna endirmək cəhdləri məqsədəuyğun deyil.
Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi xatırladıb: “Rusiya qaz, nüvə və su enerjisini birləşdirən dünyanın ən yaşıl enerji sektorlarından birinə malikdir. Buna görə də ənənəvi texnologiyalardan dərhal və genişmiqyaslı imtina bizim üçün nəinki iqtisadi cəhətdən mümkün deyil, həm də özünü qətiyyən doğrultmur. Biz artıq istiləşməyə qarşı qlobal mübarizəyə öz töhfəmizi vermişik və gələcəkdə də bu istiqamətdə fəaliyyətimizə davam edəcəyik”.
Titovun sözlərinə görə, beynəlxalq ictimaiyyətin iqlim gündəliyinin ən aktual və mühüm aspektlərinin müəyyənləşdirilməsinə yanaşmalarını dəyişməyin vaxtı çatıb. “Axı, antropogen amillər istixana qazı emissiyalarının yalnız kiçik bir hissəsini təşkil edir, təbii şərait iqlimə daha çox təsir göstərir. İstixana qazı emissiyalarının və onun udulmasının azaldılmasına təkcə sənayenin yenidən qurulması ilə nail olmaq olmaz. Meşələr və su səthlərinin hamısı bu işə daha çox nəzərəçarpan töhfə verir. Bu cür layihələr tezliklə yaradılması lazım olan karbon vahidləri üçün həqiqətən ədalətli beynəlxalq bazar çərçivəsində adekvat qiymətləndirilməlidir”, – deyə o vurğulayıb.