Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.
COP29-a dəvətə, bu tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Ruanda Prezidenti qeyd edib ki, dövlətimizin başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çıxışı çox dolğun və məzmunlu idi.
Prezident İlham Əliyev dəvəti qəbul edib və COP29 tədbirində iştirakına görə Pol Kaqameyə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, COP sədrliyini öz üzərinə götürəndən etibarən Azərbaycana qarşı haqsız və ədalətsiz hücumlar olmuş, beynəlxalq mediada müxtəlif kampaniyalar təşkil edilmişdir ki, bunlar da qəbuledilməzdir. Azərbaycan Prezidenti deyib ki, belə təəssürat yaradılır ki, sanki dünyanı çirkləndirən inkişaf etməkdə olan dövlətlərdir.
Ruanda Prezidenti “Commonwealth” təşkilatı çərçivəsində də Azərbaycanla əməkdaşlıq məsələlərini qeyd edib.
Dövlətimizin başçısı “Commonwealth” xətti ilə ölkəmizin kiçik ada dövlətlərinə maliyyə yardımı göstərdiyini və Azərbaycanın peyk imkanlarından istifadə edərək həmin ölkələrin iqlim dəyişikliyi nəticəsində qarşılaşdıqları məsələlərlə bağlı məlumat bazasının hazırlanacağını da bildirib, Azərbaycanın praktiki baxımdan faydalı əməkdaşlığı daim dəstəklədiyini deyib.
Görüşdə Azərbaycanla Ruanda arasında ikitərəfli münasibətlər müzakirə olunub.
Ruanda Prezidenti Azərbaycanın “ASAN xidmət” təcrübəsinin çox maraqla qarşılandığını qeyd edib. Bu təcrübənin Ruandada da tətbiq olunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
ASAN və DOST xidmətləri haqqında məlumat verən dövlətimizin başçısı burada göstərilən xidmətlərin keyfiyyətinin vətəndaşlar tərəfindən maksimum şəkildə müsbət qarşılandığını bildirib.
Görüşdə iqtisadi-ticari əlaqələr, sərmayələr sahəsində əməkdaşlıq, insanlararası təmasların daha da genişləndirilməsi məsələləri müzakirə olunub, birgə işçi qrupunun yaradılması razılaşdırılıb.
Ruanda Prezidenti qeyd edib ki, Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.
Pol Kaqame Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı da öz növbəsində Ruanda Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib.