LORENSO KUİNNİN HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏKİ ƏSƏRLƏRİNİ GÖRMƏYİ QAÇIRMAYIN!

Ziyarətçilərin dünyaşöhrətli monumental heykəltaraş Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində davam edən “Təbiətdə tarazlıq” sərgisindəki əsərləri bu həftənin sonunadək izləmək fürsəti var.

Noyabrın 1-dən başlayan sərgidə heykəltaraşın 15-dək məşhur əsəri nümayiş olunur. Həftə sonundan etibarən həmin əsərlərin bir qismi Böyük Britaniyadakı sərgiyə, digər hissəsi COP29 məkanında nümayiş üçün aparılacaq. Ekspozisiyanın bir neçə əsəri isə 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzində təqdim ediləcək.

Xatırladaq ki, Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi ilk gündən böyük marağa səbəb olub. COP29 ərəfəsində Heydər Əliyev Mərkəzində təşkil edilən sərgi ictimaiyyətin diqqətini ekoloji məsələlərə yönəldir. Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.