Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında bir sıra qərarlar qəbul edilib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasın sonunda xarici işlər nazirləri tərəfindən “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” və “Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatının Türk Dövlətləri Təşkilatına verilməsi haqqında Qərar” imzalanıb.
Qeyd edək ki, 6 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında iştirak və çıxış edib.
Çıxışda TDT çərçivəsində iqtisadi-ticarət, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin Təşkilatın gücləndirilməsi istiqamətində təşəbbüsləri və baxışı, habelə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən ətraflı bəhs olunub.