SABAH BƏZİ YERLƏRDƏ YAĞIŞ YAĞACAQ

Azərbaycanda noyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 11-14°, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 5-10°, gündüz 20-25° isti, dağlarda gecə 1-6°, gündüz 10-15° isti olacağı ehtimal edilir.