COP29 ƏLEYHİNƏ APARILAN QƏRƏZLİ KAMPANİYALAR İFLASA MƏHKUMDUR

Qlobal iqlim problemlərini müzakirə olunacağı mötəbər COP29 konfransı yaxınlaşdıqca, anti-Azərbaycan şəbəkəsinin, eləcə də erməni lobbisi və diasporunun ölkəmizə qarşı qərəzli iddialarının intensivləşməsi müşahidə edilir.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin (MEDİA) bununla bağlı birgə açıqlamasında bildirilir ki, “X” sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb. Bu saxta və qərəzli kampaniyanın məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması barədə saxta təsəvvür yaratmaqdır.

Dünya miqyaslı mötəbər iqlim tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulundan ötən bir ilə yaxın müddətdə ölkəmizə qarşı bu cür qərəzli kampaniyaların geniş vüsət alması, COP29-un “sabotaj edilməsi” cəhdləri ölkə ictimaiyyəti üçün heç də yenilik deyil. Rəsmi Bakının müstəqil siyasət yürütməsi, xarici təzyiqləri inamla dəf etməsi, ölkənin milli maraqlarını bütün məsələlərdə üstün tutması ilə barışa bilməyən müəyyən qüvvələr, bir qayda olaraq, qlobal beynəlxalq tədbirlər ərəfəsində anti-Azərbaycan kampaniyasını genişləndirirlər.  

2012-ci ildə “Avrovizion-2012” musiqi yarışmasına, 2015-ci ildə I Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan bu cür təzyiq və təhdidlərlə üzləşsə də, kreativ təşəbbüsləri, yüksək təşkilatçılığı ilə qərəzli iddiaları zərərsizləşdirib. COP29 ərəfəsində həmin qərəzli dairələrin ölkəmizə qarşı apardığı növbəti qarayaxma və böhtan kampaniyası, beynəlxalq iqlim tədbirinin boykot edilməsinə edilən “çağırışlar” da nəticəsi qalıb. 35 minə yaxın əcnəbi qonağın, onlarla dövlət və hökumət başçısının, dünyanın nüfuzlu transmilli şirkətlərinin rəhbərlərinin COP29-da iştiraklarını rəsmən təsdiqləmələri anti-Azərbaycan şəbəkəsinin fiaskoya uğradığını bir daha təsdiq edir.

Tədbir ərəfəsində iqlim dəyişiklikləri ilə mübarizəni nəzərdə tutan səmərəli təşəbbüs və ideyalarla çıxış etməsi, hazırlıq prosesini uğurla başa çatdırması, COP29-u sülh və atəşkəs platforması elan etməsi ölkəmizin dünyanın diqqət mərkəzində olmasına, beynəlxalq nüfuzunun güclənməsinə təkan verir. Bu isə Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici dairələri, xüsusilə də erməni dospor və lobbisini ciddi narahat edir. Həmin qüvvələrin bu qərəzli iddiaları, siyasi qısqanclığı ölkəmizin ərazi bütövlüyünü və suverenliyini döyüş meydanında bərpası etməsi, sülhə doğru qətiyyətli addımlar atması ilə bağlıdır.

Ermənistan mediasında yayılan məlumatlara görə, “erməni fəallar” noyabrın 10-dan etibarən dünyanın bir sıra ölkələrində COP29 əleyhinə etiraz aksiyaları keçirərək ötən il arxivə gömülmüş Qarabağ separatçı rejiminin həbs olunmuş rəhbərlərinin buraxılmasına çağırışlar edəcəklər. Qeyd edilənlər erməni diasporu və lobbisinin COP29 ərəfəsində növbəti siyasi təxribatlara hazırlaşdıqlarından xəbər verir. Xatırladaq ki, erməni radikallar son illərdə Fransa, Böyük Britaniya və ABŞ-da Azərbaycan diplomatlarına qarşı təxribatlara və terror cəhdlərinə əl atıblar.

Azərbaycanın iqtisadi potensialı, açıq investisiya siyasəti yürütməsi, Avropanın enerji təhlükəsizliyində sözünü deməsi, yaşıl enerji istehsalı sahəsində mühüm layihələr həyata keçirməsi dünyada ölkəmizin etibarlı tərəfdaş imicini formalaşdırıb, onu beynəlxalq münasibətlərin fəal aktoruna çevirib. Bütün bu amillər COP29 ərəfəsində rəsmi Bakını müəyyən ədalətsiz təzyiq və təhdid cəhdlərindən qoruyur. Hazırda beynəlxalq səviyyədə etiraf olunur ki, COP29 qlobal iqlim dəyişiklikləri ilə qlobal mübarizədə etibarlı maliyyələşmə mexanizmlərinin yaradılmasını təmin edəcək.

Ümumiyyətlə, Azərbaycan COP29 ərəfəsində ölkəmizin təhlükəsizliyinə qarşı yönəlmiş məqsədli informasiya manipulyasiyalarını, feyk məlumatları zərərsizləşdirir, beynəlxalq rəyin düzgün istiqamətləndirilməsinə nail olur. Bu xüsusda Ermənistanın ölkəmizə qarşı informasiya təxribatlarının qarşısının alınması da diqqət mərkəzindədir. Erməni diasporu və ermənipərəst qüvvələrin COP29 ərəfəsindəki təxribatları vahid mərkəzdən idarə olunur və rəsmi İrəvanın etimad quruculuğu prosesindəki qeyri-səmimiliyini göstərir.

Azərbaycan COP29-a sədrlik edən dövlət kimi ayrı-seçkiliyə yol verməyərək Ermənistanı mötəbər tədbirə dəvət edib. Lakin Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə tədbirdə iştirakdan yayınması və XİN rəhbəri Ararat Mirzoyanı Bakıya göndərmək niyyəti rəsmi İrəvanın sülh prosesinə münasibətdə qeyri-səmimiliyində dəlalət edir.   

Respublikamız son 4 ildə Ermənistan üzərində üstünlüyünü təkcə döyüş meydanında deyil, diplomatiya və informasiya cəbhəsində də təmin edib. COP29 çərçivəsində keçiriləcək tədbirlər, təşkil olunacaq səfərlər ölkəmizin böyük bir ərazisinin işğal dövründə ciddi ekoloji terrora məruz qaldığını dünyaya bir daha nümayiş etdirəcək. Bundan narahatlıq keçirən rəsmi İrəvan xaricdəki lobbisi və havadarlarının dəstəyi ilə Azərbaycana qarşı əsassız kampaniyanı gücləndirməyə cəhd edir. Lakin bu cəhdlər indiyə qədər olduğu kimi, bundan sonra da nəticəsi qalacaq.

MTM Analitik Qrup