MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU ÜÇÜN NÖVBƏTİ VAKANSİYA SEÇİMLƏRİNƏ START VERİLİR

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə start verilir.

Təhsil Nazirliyindən bildirilib ki, vakansiya seçimi sentyabrın 3-ü saat 18:00-dan etibarən proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək və sentyabrın 6-sı saat 18:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.

Müsabiqənin hazırkı vakansiya seçimlərində iştirak etmək istəyən namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti müddətli müqavilə ilə işə qəbul turlarında vakansiyaya çıxarılacaq və həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək.

Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşdirmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.