JURNALİSTİKA İXTİSASINA QƏBUL ÜÇÜN KEÇİRİLMİŞ QABİLİYYƏT İMTAHANININ NƏTİCƏLƏRİ AÇIQLANIB

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 893 abituriyentdən 188 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 634 nəfər “məqbul” qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 9-dan 19-dək aparılacaq.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 8 avqust saat 10:00-dan 9 avqust saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciətləri üzrə müvafiq ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.