PREZİDENT İLHAM ƏLİYEV SUMQAYITDA GÜZƏŞTLİ MƏNZİL LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ YAŞAYIŞ KOMPLEKSİNİN TƏMƏLQOYMA MƏRASİMİNDƏ İŞTİRAK EDİB

Sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına yeni layihə barədə məlumat verdi.

Bildirildi ki, Sumqayıt şəhərində növbəti güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Onlar studio tipli, 2, 3 və 4 otaqlı olacaq. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək.

Diqqətə çatdırıldı ki, Mənzil İnşaatı Dövlət Agentliyinin regionda inşa olunmuş ilk layihəsi də Sumqayıt şəhərindədir. Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olacaq. Mənzillər, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektriklə təmin ediləcək. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə aparılacaq.

Dövlətimizin başçısı yeni yaşayış kompleksinin təməlini qoydu.

Qeyd edək ki, hazırda dünyada baş verən iqtisadi böhran fonunda ölkəmizdə bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə nə dərəcədə diqqət, qayğı və həssaslıqla yanaşmasının növbəti təzahürüdür. Bu, bir daha sübut edir ki, Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən müasir memarlıq üslubunda çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından bu layihə əhəmiyyəti ilə seçilir.