MTM (Media Təhlil Mərkəzi) Dövlət Gömrük Komitəsinin və Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında Azərbaycana idxal olunan elektromobillərlə bağlı təhlil aparıb. Məlum olub ki, Azərbaycana idxal olunan elektromobillərin sayı ilə bağlı ən yüksək göstərici 2023-cü ilin III və IV rüblərində qeydə alınıb. Ölkəmizə həmin rüblərdə müvafiq olaraq 994 və 984 elektromobil idxal olunub.
Cari ilin I rübündə Azərbaycana daxil olan elektromobillərin sayı 2023-cü ilin IV rübü ilə müqayisədə 15,7% və ya 154 ədəd azalaraq 830-a enib. Lakin 2024-cü ilin I rübündə qeydə alınan rəqəmləri ötən ilin eyni dövrü ilə müqayisə etsək, idxal olunan elektromobillərin sayında 2 dəfədən çox və ya 422 ədəd artım qeydə alındığını görərik.
Rəsmi məlumatlara görə, 2024-cü ilin I rübündə ölkəyə idxal olunan elektromobillərin orta qiyməti 42 540 dollar təşkil edib. 2023-cü ilin I rübündə orta qiymət 41 590, IV rübündə isə 40 027 dollara bərabər olub.
Azərbaycana idxal olunan elektromobillərin orta qiyməti ilə bağlı ən yüksək göstərici 2020-ci ilin III rübündə qeydə alınıb. Həmin dövrdə ölkəyə cəmi 60 elektromobil gətirilsə də, onların orta qiyməti 63 271 dollar olub.
Aparılan təhlil göstərir ki, 2023-cü ildə ölkəyə idxal olunan elektromobillərin 82,59%-i (2562 ədəd) Çindən, 8,96%-i (278 ədəd) Almaniyadan, 4,77%-i (148 ədəd) ABŞ-dan gətirilib.
Cari ilin I rübündə də Azərbaycana gətirilən elektromobillərin böyük hissəsi, daha dəqiq desək 84,94%-i (705 ədəd) Çindən idxal olunub. 57 elektromobil (6,87%) ilə ABŞ ikinci, 51 elektromobil (6,14%) ilə Almaniya üçüncü pillədə qərarlaşıb.
Hər iki ölkənin Dövlət Statistika Komitələrinin rəsmi internet səhifələrindən əldə olunan məlumatlara görə, cari ilin birinci rübündə Azərbaycana gətirilən elektromobillərin sayı qonşu Gürcüstanla müqayisədə çox olub.
Daha dəqiq desək, 2023-cü ilin IV rübündə Azərbaycana 984 elektromobil, cari ilin I rübündə isə 15,7% daha az, yəni 830 elektromobil gətirilib.
Gürcüstana isə 2023-cü ilin IV rübündə 743 elektromobil, cari ilin I rübündə isə 2,8% az, yəni 722 elektromobil idxal olunub.
Əlavə məlumat üçün bildirək ki, cari ilin I rübündə Gürcüstana idxal olunan elektromobillərin 47,6%-i ABŞ-dan, 25,9%-i Çindən, 18,3%-i Yaponiyadan, 8,2%-i isə digər ölkələrdən idxal olunub.