
İyunun 6-da İstanbulun Atatürk Hava Limanı ərazisində başlayacaq VI Etnoidman Mədəniyyəti Festivalı çərçivəsində Qarabağ atlarının təqdimatı olacaq.
Bu barədə Türkiyə telekanallarının efirində Ümumdünya Etnoidman Konfederasiyasının baş katibi Bilal Ərdoğan məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda atların təqdimatının təşkili üzrə yaxşı ənənənin əsası qoyulub.
Ümumdünya Etnoidman Konfederasiyasının baş katibi əlavə edib: “Qarabağ regionunda mövcud olan at cinsləri öz gözəlliyi ilə seçilir, onların bir çox ölkədə təqdimatı isə böyük marağa səbəb olub”.
Bilal Ərdoğan diqqəti Azərbaycan xalqının qədim oyunu olan çövkənə yönəldib, onu müasir polo idman oyunun əcdadı adlandırıb.
“Biz Azərbaycandan olan dostlarımıza bu qədim oyunun populyarlaşmasına diqqət yetirməyi tövsiyə etdik. Azərbaycanın yaylaqlarından birində əvvəllər də çövkən festivalı keçirilib. Konfederasiyamız bu tədbirə fəal dəstək verdi”, – deyə baş katib qeyd edib.
Bilal Ərdoğan Etnoidman Mədəniyyət Festivalının iyunun 9-dək davam edəcəyini, 30 ölkədən nümayəndələrin iştirak etmək üçün Türkiyəyə gələcəyini bildirib.
Konfederasiya rəhbəri xatırladıb ki, əvvəlki festivala gələnlərin sayı milyon nəfəri ötüb.