BAKIDA VOKALÇILARIN BÜLBÜL ADINA IX BEYNƏLXALQ MÜSABİQƏSİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

İyunun 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Bülbül Beynəlxalq Fondu tərəfindən keçirilən Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi olub.

Açılış mərasimində görkəmli bəstəkar və müğənni, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu çıxış edərək Bülbülün irsinin və məktəbinin yaşayaraq inkişaf etdiyini söyləyib. “Mən buna çox sevinirəm. Bu müsabiqə uzun illərdir təşkil edilir və bu gün doqquzuncu dəfədir keçirilir. Mən 1997-ci ildə bu müsabiqənin təşkili, keçirilməsi haqqında Fərman imzalayan və o vaxtdan müsabiqəyə həm də bütün dünyada böyük nüfuz qazandıran Ümummilli Lider Heydər Əliyevi minnətdarlıqla xatırlamaq istərdim”, – deyə Polad Bülbüloğlu əlavə edib.

Onun sözlərinə görə, vokalçıların Bülbül adına müsabiqəsi iki-üç ildən bir keçirilir, çünki yeni nəsil vokalçılar yetişməlidir və bu amil həmişə yüksək keyfiyyətin təminatı olub.

Müsabiqənin münsiflər heyətinin tanınmış üzvlərindən bəhs edən Polad Bülbüloğlu məşhur Qlinka müsabiqəsinə rəhbərlik etmiş, professor və müəllim kimi çoxsaylı layiqli vokalçılar yetişdirmiş rusiyalı opera müğənnisi İrina Konstantinovna Arxipovanı qeyd edib. “Həmçinin müsabiqənin münsiflər heyətinin sədri dünyaşöhrətli müğənni, Qlinkanın “Ruslan və Lyudmila” operasında ecazkar Ruslan obrazını yaratmış, eləcə də uzun illər Böyük Teatrda bir çox başqa rolları ifa etmiş Yevgeni Nesterenko olub. O, ölkənin ən yüksək tituluna – SSRİ Xalq artisti adına layiq görülüb, Moskva Konservatoriyasının professoru olub və vokalçı kimi də bu sənətin incəliklərinə yaxşı bələd idi. Həm də bir çox fəxri adlar daşıyan, vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsinin münsiflər heyətinin üç dəfə sədri olmuş Sergey Leyferkusu qeyd etmək istərdim. Amma bu gün artıq dünya səviyyəli Azərbaycan müğənniləri yetişib, məncə, onlar bu müsabiqəyə rəhbərlik etməyə layiqdirlər. Müsabiqə həmişə Azərbaycanda, Bakı şəhərində keçirilib, amma münsiflər heyətimizin hər zaman beynəlxalq tərkibi olub. Ancaq bu gün ilk dəfədir ki, müsabiqənin münsiflər heyətinin sədri Azərbaycanın Xalq artisti, dünyanın demək olar ki, bütün görkəmli opera teatrlarını fəth etmiş dünyaşöhrətli şəxsiyyətdir. Bu, Yusif Eyvazovdur”, – deyən Polad Bülbüloğlu, eyni zamanda, müsabiqənin ilk günündən bu günə kimi təşkilatçısı olmuş Fərhad Bədəlbəylinin gənc musiqiçiləri yeni yaradıcılıq nailiyyətlərinə ruhlandıran vazkeçilməz müəllim olduğunu bildirib.

Xalq artisti, mədəniyyət nazirinin müavini Murad Hüseynov vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsini çox önəmli hadisə kimi qiymətləndirib:

“Böyük xanəndə, Azərbaycan milli opera sənətinin banisi, görkəmli Bülbülün adını daşıyan bu müsabiqə çox həyəcanverici hadisədir, onun açılışı tarixi bir gündür. Bu müsabiqə uzun müddətdir ki, dünya səviyyəsində ən populyar və sevimli yarışmalardan birinə çevrilib. Bu gün bu müsabiqə laureatları dünyanın ən tanınmış səhnələrində çıxış edir və opera sənətinin təbliği üçün çox işlər görürlər. Böyük xanəndə Bülbülün adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Görkəmli xanəndə Azərbaycan milli sənətinin yayılması və təbliği istiqamətində çox işlər görüb, öz məktəbini yaradıb”, – deyə Murad Hüseynov əlavə edib.

Nazir müavini xatırladıb ki, bu gün müsabiqənin münsiflər heyətinin sədri olan Yusif Eyvazov vaxtilə Bakıda vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub.

“Hər kəsə böyük yaradıcılıq uğurları arzulayıram, əminəm ki, bütün əvvəlki müsabiqələr kimi, bu müsabiqə də ölkəmizdə keçirilən unudulmaz beynəlxalq musiqi tədbiri kimi tarixə düşəcək”, – deyə Murad Hüseynov əlavə edib.

Münsiflər heyətinin sədri olmaq şərəfinə layiq görüldüyü üçün təşkilatçılara təşəkkür edən Azərbaycanın Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov müsabiqə iştirakçılarına uğurlar arzulayıb: “Müsabiqə həmişə çox vacib bir hadisədir. İstəyirəm ki, bu gün burada iştirak edən gənc artistlər başa düşsünlər: əgər sənə heç bir müsabiqədə qalib gəlmək və ya üçüncü tura keçmək nəsib olmayıbsa, bu, qətiyyən karyera qura bilməyəcəyin və ya qalib gələnlərdən daha pis olduğun anlamına gəlməz. Sadəcə olaraq, səhnəyə çıxıb oxuduğun anda qalib olmaq üçün lazım olan səviyyədə və yüksəklikdə olmamısan. Ona görə də narahat olmayın, çalışmağa davam edin və ən əsası, səsinizlə münsiflər heyətini təəccübləndirməyə çalışın. Biz isə qalibləri və finalçıları çox dürüst və düzgün seçəcəyik. Qoy bir “ulduz” doğulsun!”, – deyə Yusif Eyvazov vurğulayıb.

Sonra müsabiqənin dinləmələrinə start verilib.

Qeyd edək ki, 150-dən çox vokalçının qələbə uğrunda yarışacağı müsabiqədə 18-36 yaş arasında ifaçılar iştirak edir. Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Makedoniya və digər ölkələrdən olan vokalçılar bir həftə ərzində Bülbül adına müsabiqənin mükafatları uğrunda məharətlərini göstərəcəklər. Müsabiqənin baş mükafatının məbləği 10 min ABŞ dolları, birinci yer üçün mükafat 7 min dollar, II və III yer üçün mükafatların məbləği isə müvafiq olaraq 5 və 3 min dollardır.

Qaliblərin mükafatlandırılması və onlarla birlikdə dəvətli vokalçıların da çıxış edəcəyi qala-konsert iyunun 9-da Bülbülün doğma şəhəri Şuşada təşkil olunacaq.