“AUDİOVİZUAL MEDİADA UŞAQ HÜQUQLARININ QORUNMASI” ADLI MƏLUMAT KİTABÇASI NƏŞR EDİLİB

Audiovizual Şura Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Audiovizual mediada uşaq hüquqlarının qorunması” adlı məlumat kitabçası nəşr etdirib.

Şuradan verilən məlumata görə, nəşrin məqsədi uşaqların hüquq və maraqlarının müdafiəsinə, onların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafına, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasına töhfə verməkdir.

Uşaq mövzusu, xüsusilə uşaqların zərərli informasiyalardan qorunması məsələsi Audiovizual Şuranın fəaliyyətində prioritet təşkil edir. Şura audiovizual media subyektlərinin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər, o cümlədən seminar, dəyirmi masa və təlimlər keçirir. Eyni zamanda, audiovizual media subyektləri tərəfindən hazırlanan proqramlarda uşaq hüquqlarının qorunması mövzusunu daim diqqətdə saxlayır.

Kitabçada əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə dövlətimizin başçısının uğurla davam etdirdiyi dövlət uşaq siyasətinin əsas istiqamətləri öz əksini tapıb. Həmçinin BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyası, dünyadakı uşaqların hüquqlarının inkişaf etdirilməsində medianın rolunun gücləndirilməsinə həsr edilən “Oslo çağırışı”, Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları, “Uşaq hüquqları haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarından çıxarışlar yer alıb.