
Moskvada azərbaycanlı rejissor Rauf İbrahimzadənin “Özümü axtarıram” tammetrajlı müəllif filminin premyerası olub.
Moskva EFİR İncəsənət Mərkəzində rus dilində subtitri olan filmin Azərbaycan dilində premyerası baş tutub.
Tamaşaçılar arasında Moskva vilayəti, Mıtişi şəhəri Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin nümayəndələri, azərbaycanlı gənclər də olub.
Filmin nümayişindən sonra tamaşaçılarla müzakirə aparılıb.
“Özümü axtarıram” filmi detektiv dram janrında çəkilib, qohumlarının emosional təzyiqinə məruz qalan, onların xəyanəti və yalanları ilə üzləşən baş qəhrəman Arifin mürəkkəb və dolaşıq dünyasını tamaşaçıya çatdırır. Eyni zamanda, tamaşaçılar digər qəhrəmanların həyat tarixçəsi ilə də tanış olurlar.
Rauf İbrahimzadə (Kelvin) Bakıda anadan olub və Türkiyədə təhsil alıb. O, 2018-ci ildə Sankt-Peterburqa köçüb. Rejissor indiyədək tamaşaçılara bir sıra filmlərini, o cümlədən “Miqrant”, “Dejavü” və digər ekran əsərlərini təqdim edib.



