
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin nümayəndə heyəti San-Fransiskoda keçirilən üç günlük Qlobal Texnologiya Forumunda iştirak edir.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən (4SİM) bildirilib ki, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabları mərkəzləri (4Sİ) şəbəkəsi üçün keçirilən tədbirdə 14 mərkəzin rəhbər və işçi heyəti qatılıb.
Forumun ilk günü “4Sİ Mərkəzlər Şəbəkəsi Yığıncağı”nda ortaq əməkdaşlıq istiqamətləri, mərkəzlər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün strategiyalar və planlar müzakirə olunub.
4Sİ mərkəzlərindən gözləntilər və onların fəaliyyəti haqqında məlumat paylaşılıb. Hər bir mərkəz öz təcrübəsini bölüşüb. İsrail, Serbiya, Ruanda, Hindistan, Səudiyyə Ərəbistanı və Malaziya 4Sİ mərkəzlərinin rəhbərləri icra etdikləri ən uğurlu layihələr barədə təqdimatla çıxış ediblər.
Tədbir üç mövzu ətrafında vörkşopla davam edib. Mərkəzlərin ekosistemi qurmaqda, həllər axtarmaqda, rəqəmsal transformasiyanı sürətləndirməkdə, siyasət formalaşdırmaqda hansı addımlar atması ilə bağlı rəylər formalaşdırılıb.
Qlobal Texnologiya Forumunun məqsədi texnoloji tərəqqi yolu ilə inklüziv, davamlı və dayanıqlı iqtisadiyyatları və cəmiyyətləri dəstəkləmədir.
