AZƏRBAYCAN-RUSİYA SƏRHƏDİNDƏKİ 3 KEÇİD MƏNTƏQƏSİNİ BİRLƏŞDİRƏN YOLUN GENİŞLƏNDİRİLMƏSİNƏ BAŞLANILDI

Ölkəmizin sosial-iqtisadi həyatında xüsusilə regionlarda, o cümlədən kəndlərdə iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi, həmçinin qeyri neft sektorunun inkişafının gücləndirilməsi istiqamətində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi respublikanın inkişaf gündəliyində ön plana çıxıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumatda bildirilir ki, bu istiqamətdə aparılan işlər ölkə ərazisində avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasına olan tələbatı nəzərə alaraq, yüksək keyfiyyətli avtomobil yollarının layihələndirilməsi və tikilməsi vəzifəsini qarşıya çıxarır.

Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2020-ci il tarixli 1997 nömrəli Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba”, “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri aparılır.

Sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulmasında məqsəd Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur, Şirvanovka və Xanoba sərhəd keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır.

Bundan başqa yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcəkdir. Bununla da avtomobil yolu sərnişinlərin və ölkə ərazisindən ixrac olunan məhsulların 3 keçid məntəqəsi arasında paylaşdıraraq daha da sürətli transfer rolunu oynayacaqdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azərelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun olaraq yol layihəsi hazırlanıb. Layihəyə əsasən avtomobil yolunun ümumi uzunluğu 23.4 kilometr, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr, 0.4 metr bərkidici zolaq olmaqla çiyinlərin eni 2×2 metr təşkil edir.