BU IL AZƏRBAYCAN 172 ÖLKƏ ILƏ TİCARƏT ƏMƏLİYYATLARI HƏYATA KEÇİRİB

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13 milyard 777,6 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 7 milyard 876,8 milyon dollarını və ya 57,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 milyard 900,8 milyon dollarını (42,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 976,0 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 22,5 faiz, o cümlədən idxal 43,4 faiz, ixrac isə 7,1 faiz azalıb.

2020-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,6 faiz, real ifadədə isə 17,1 faiz azalaraq 1 milyard 35,1 milyon dollar təşkil edib.