AZƏRBAYCANDA TOKSİKOLOJİ VƏ ALLERQOLOJİ XİDMƏTİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI FƏALİYYƏT PLANI HAZIRLANIB

Ölkə üzrə Toksikoloji və allerqoloji xidmətin təkmilləşdirilməsi” ilə bağlı fəaliyyət planı hazırlanıb.

Bunu bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB tərəfindən media nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunan tədbirdə deyib.

“Bakı şəhəri və 8 bölgədə bu sahədə çalışan həkim-mütəxəssislərin təlimləndirilməsi icra edilib, silsilə tədbirlər həyata keçirilib.

Regionlarda endokrinoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə TƏBİB tabeli tibb müəssisələrinin həkim-mütəxəssislərindən ibarət müvafiq Koordinasiya Qrupu yaradılıb, rayonlarda müayinələr həyata keçirilib.

Endokrinoloji xidmətə əlçatanlığın təmin edilməsi məqsədi ilə Respublika Endokrinoloji Mərkəzin tibbi heyətinin rayon mərkəzi xəstəxanalarına (Salyan RMX, Neftçala RMX, Kürdəmir RMX, Yevlax RMX, Qusar RMX, Siyəzən RMX, Ağdam, Ağcabədi RMX) xidməti ezamiyyəsi icra edilib. Ümumilikdə 50 xəstəyə (20 uşaq olmaqla) konsultativ-diaqnostik və müalicəvi yardımlar göstərilib.

Endokrinopatiyaların erkən aşkarlanması məqsədi ilə skrininq müayinələr təşkil olunub: 7 ümumtəhsil müəssisəsində 182 uşaqda müxtəlif patologiyalar aşkarlanıb və sonrakı müayinə və müalicələrə cəlb ediliblər. Uronefroloji, dəri-zöhrəvi, nevroloji xidmətlərin ölkə üzrə təkmilləşdirilməsi ilə əlaqəli fəaliyyət planları hazırlanıb”,- deyə V.Qurbanov bildirib.