LE FİGARO: TOTALENERGİES AZƏRBAYCANDA QAZ-KONDENSATININ HASİLATINA BAŞLAYIR

Fransanın TotalEnergies neft-qaz nəhəngi Azərbaycanın SOCAR şirkəti ilə birgə işlədiyi “Abşeron” yatağında qaz hasilatına başladığını elan edib.

Bununla bağlı “Le Figaro” qəzetində TotalEnergies şirkətinin məlumatına istinadla məqalə dərc olunub.

Məqalədə bildirilir ki, qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsində gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil ediləcək. Vurğulanır ki, 2016-cı ildə SOCAR və “TotalEnergies” arasında saziş imzalanarkən yatağın gücü kondensatın əhəmiyyətli hissəsi də daxil olmaqla, sutkada təxminən 35 min barel neft ekvivalentində qiymətləndirilirdi. Şirkətlərin hər biri layihədə 50 faiz paya malikdir.

Fransa kompaniyasının kəşfiyyat-hasilat üzrə baş meneceri Nikolas Terraz bildirib ki, bu layihə şirkətin qaza artan tələbatı ödəmək strategiyasının bir hissəsidir və SOCAR ilə tərəfdaşlığı daha da gücləndirir.