
Fevralın 20-də Mətbuat Şurasının və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan milli mətbuatı tarixində mühüm rola malik olmuş “Ziyayi-Qafqaziyyə” qəzetinin transfoneliterasiyasının “Ziyayi Qafqaziyyə (1880-1884)” adlı kitab şəklində çapının əhəmiyyətindən danışıb. O, kitabın AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə ərsəyə gəldiyini diqqətə çatdırıb.
R.Məcid deyib ki, “Ziyayi-Qafqaziyyə” “Əkinçi” qəzetinin bağlanmasından sonra mətbu nəşr boşluğunu aradan qaldıraraq, böyük missiya yerinə yetirib, səhifələrində XIX əsrin sonlarında Azərbaycandakı ictimai-siyasi vəziyyəti işıqlandırıb, dövrün aktual problemlərinə toxunub, mövzu və janr zənginliyi ilə seçilib.
Qeyd edək ki, “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının baş redaktoru və ön sözünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, çapa hazırlayanı və redaktoru professor Vüqar Əhməd, rəyçiləri akademik Teymur Kərimli, professor Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.
R.Məcid çıxışında yeni nəşrin “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərini latın qrafikalı əlifbaya çevirmək kimi məsul və çətin işin öhdəsindən gəlmiş dəyərli alim, “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuş mərhum Müştəba Əliyevin xatirəsinə dərin ehtiramın nümunəsi olduğunu da bildirib.
Digər çıxış edənlər kitabın Azərbaycan mətbuat tarixinin öyrənilməsində əhəmiyyətli material olduğunu bildiriblər. Vurğulanıb ki, “Əkinçi” ənənələrini davam etdirmiş “Ziyayi Qafqaziyyə”, eləcə də ondan sonra fəaliyyət göstərmiş mətbuat nümunələrimiz 1918-ci il müstəqilliyinə aparan yola ideoloji nəfəs gətirib.
Diqqətə çatdırılıb ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində işıq üzü görmüş digər nəşrlərimizin də transfoneliterasiyası, bu işdə vahid redaktə qaydalarının əsas götürülməsi vacibdir.
Azərbaycan mətbuatı nümunələrinin ərəb qrafikasından, əski əlifbadan müasir latın əlifbasına çevrilərək kitab halında yenidən nəşr edilməsinə xüsusi diqqət yetirilir. Bu sahədə vaxtilə çalışmış Müştəba Əliyevin (1954-2017) xidmətləri ayrıca qeyd edilməyə layiqdir. Fədakar tədqiqatçı uzun illər ərzində “Ziyayi Qafqaziyyə” qəzetini də latın qrafikasında çapa hazırlayıb. Bu mənada Müştəba Əliyevin “Ziya” va “Ziyayi Qafqaziyyə” qəzetlərini latın qrafikasına çevirməsi Azərbaycanda mətbuat tarixçiliyinə əsl xidmət nümunəsidir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Ziyayi Qafqaziyyə” qəzetinin də latın qrafikasına transliterasiya edilmiş toplusunu kitab halında nəşr etməklə, ilk növbədə, Müştəba Əliyevin zəhmətinə və xatirəsinə yüksək ehtiramını ifadə edir.
Eyni zamanda, “Ziyayi Qafqaziyyə” qəzetinin ilk dəfə latın qrafikası ilə nəşr edilərək oxuculara və tədqiqatçilara çatdırılması milli mətbuat tariximizin keçdiyi çətin və şərəfli yolun dərslərini, bu qəzetin günümüz üçün də əhəmiyyətli olan maarifçi ideyalarını yeni nəsillərə təşviq etmək baxımından faydalıdır.






