ZAKİR HƏSƏNOV SERBİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNAN SƏFİRİ İLƏ GÖRÜŞÜB

Noyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Serbiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətindəki işlərində uğurlar arzulayıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu vurğulanaraq bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdirildiyi bildirilib.
Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən diplomat Azərbaycan-Serbiya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Səfir, Vətən müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını təklif edib.
Tərəflər ölkələrimiz arasındakı münasibətlər, bölgədəki hərbi-siyasi vəziyyət, eləcə də ikitərəfli hərbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.