ZAKİR HƏSƏNOV: AZƏRBAYCAN ORDUSU TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİNİN MODELİNƏ UYĞUN TƏŞKİL EDİLİR

Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun təşkil edilir

Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bu 44 gün ərzində Türkiyə hərbi-siyasi rəhbərliyi daim Azərbaycanın yanında idi: “Onlar Azərbaycana siyasi, mənəvi dəstək verərək xaricdən diplomatik hücumların qarşısını almaqda kömək oldu”

Z.Həsənov bildirib ki, Azərbaycan Ordusu 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirib: “Azərbaycan ordusunun əksər şəxsi heyətinin hazırlığı Türkiyənin təlim-tədris mərkəzində həyata keçirilirdi. Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir. Millətimiz, dinimiz, dilimiz, mədəniyyətimiz birdir. Biz bu şansdan istifadə edərək Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və bunu davam etdiririk. Mən özüm də çox şeyi burada oturan generallardan öyrənirəm. Müharibədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan ordusunda təşkilat tədbirləri həyata keçirdik. Azərbaycan Prezidentinin tapşırığı ilə hazırda Azərbaycan Ordusunu Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun təşkil etməkdə davam edirik. Bizim gələcəkdə də böyük planlarımız var”.

Nazir bildirib ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Türkiyə istehsalı olan silahlardan və müasir mərmilərdən də istifadə edib: “Son illər Türkiyənin hərbi sənayesi inkişaf edib və biz təkcə pilotsuz uçuş aparatlarından deyil, həm də toplardan, mərmilərdən, dəqiq vuran digər silahlardan, həmçinin ən dəqiq vuran “Bayraktar”dan istifadə etdik. Bu bizim birliyimizin qələbəsidir, bütün türk dünyasının qələbəsidir”.