ZƏNGİLANIN CAHANGİRBƏYLİ KƏNDİNDƏ BİRİNCİ MƏRHƏLƏDƏ 1200 NƏFƏRİN MƏSKUNLAŞDIRILMASI NƏZƏRDƏ TUTULUR

Mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə kəndin inkişaf planı barədə videoçarx nümayiş olunub.

Dövlətimizin başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verilib.

Bildirildi ki, kəndin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılıb. Cahangirbəyli kəndində birinci mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur.

Qeyd edildi ki, birinci mərhələdə burada 1200 nəfərin məskunlaşdırılması planlaşdırılır. Cahangirbəylidə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da nəzərdə tutulur.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və qonaq evi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.

Prezident İlham Əliyev Cahangirbəyli kəndinin təməlini qoyub.