Beynəlxalq Mülki Aviasiya Təşkilatı Zəngilan Hava Limanını beynəlxalq məkan indeksləri kataloquna daxil edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi Qarabağda tikilməkdə olan Zəngilan Beynəlxalq Hava Limanına kod təyin edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) müsbət rəy alıb. Hava limanına ICAO-nun dördhərfli “UBBZ” kodu təyin olunub. Bu barədə məlumat ICAO-nun “Məkan indeksləri)” (ICAO Doc 7910/182) nəşrinin 2022-ci il mart buraxılışında dərc olunaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.
Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov İCAO-nun Qarabağın işğaldan azad olmuş daha bir şəhərinin etibarlı tərəfdaş olaraq tanımasını əhəmiyyətli hadisə kimi dəyərləndirib: “Zəngilan Beynəlxalq Hava Limanının beynəlxalq yer indeksləri kataloquna daxil etməsi hər birimizdə iftixar hissi yaradır. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanlarının bazasında yeni aviasiya qovşağı yaradılır. Qısa bir müddət ərzində Zəngilan Hava Limanı bölgənin nəqliyyat-tranzit kommunikasiya mərkəzlərindən birinə çevriləcək’’.
Qeyd edək ki, 2021-ci ilin aprel ayında inşasına başlanmış Zəngilan Hava Limanının tikilib istifadəyə verilməsi növbəti tarixi nailiyyət olaraq Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək. Eyni zamanda regionda böyük, müasir standartlara cavab verən logistik habın yaradılmasına töhfə vermiş olacaq.