ZƏNGƏZUR DƏHLİZİNİN REALLAŞMASI BÖLGƏDƏ DAYANIQLI SÜLH VƏ SABİTLİK ÜÇÜN VACİBDİR

Ermənistan mediası, eləcə də müəyyən siyasi dairələri Azərbaycanla Türkiyə silahlı qüvvələrinin sıx əməkdaşlığı və təcrübə mübadiləsi, eləcə də bu günlərdə Naxçıvanda keçirilən “Sarsılmaz Qardaşlıq-2025”, “Mustafa Kamal Atatürk-2025” döyüş atışlı birgə taktiki təlimləri ilə əlaqədar qərəzli təbliğatı davam etdirir, bu addımların guya Zəngəzur dəhlizinin “güc yolu ilə açılması” məqsədinə yönəldiyini iddia edirlər.

Halbuki, strateji müttəfiq ölkələrimiz arasında birgə hərbi təlimlər hər il təsdiqlənmiş plan əsasında keçirilir və rəsmi Bakı bu əməkdaşlığın hansısa üçüncü ölkəyə qarşı yönəlmədiyini, eskalasiya məqsədi güdmədiyini dəfələrlə bəyan edib. Bu təlimlər Azərbaycan Silahlı Qüvvələrinin təcrübə və peşəkarlığının yüksəldilməsinə xidmət etməklə yanaşı, bölgədə sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, geosiyasi təhdidlərin zərərsizləşdirilməsi baxımından da mühüm rol oynayır.

Digər tərəfdən, ərazisində istənilən ölkə ilə hərbi təlimlər keçirmək Azərbaycanın daxili işi, suveren hüququdur. Bu təlimlər sülh və əməkdaşlığa əsaslanan hərbi hazırlıq tədbiri olmaqla yanaşı, beynəlxalq hüquq normaları çərçivəsində reallaşdırılır. Azərbaycan-Türkiyə birgə təlimlərinin guya “sülhə təhdid olması və Zəngəzur dəhlinin hərbi yolla açmaq niyyəti güdməsi” barədə iddialar isə reallıqdan uzaq siyasi manipulyasiyadır.

Azərbaycanı haqsız yerə ittiham edən Ermənistan son illərdə kütləvi silahlanma siyasəti yürüdür, ABŞ, Fransa və digər ölkələrlə birgə təlimlər keçirir. Belə olan halda, qarşı tərəfin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını təhdid kimi qələmə vermək cəhdləri ikiüzlü və qeyri-obyektiv mövqe kimi dəyərləndirilə bilər. Başqa tərəfdən, Ermənistan özü Avropa İttifaqının “mülki missiya” adı verilmiş hərbi kontingetinin hələ uzun illər ərazisində qalmasında maraqlıdır. Qarşı tərəf hərbiləşdirilən bu destruktiv missiyanın fəaliyyətinə “təhlükəsizlik çətiri” kimi yanaşır. Odur ki, Azərbaycanın guya Zəngəzur Dəhlizinə görə hərbi eskalasiyaya başlayacağı ilə bağlı əsassız mülahizələr süni şəkildə gündəmdə saxlanılır. Bu həm də ölkəmizi “aqressor” kimi təqdim etmək, sülh danışıqlarına xələl gətirmək məqsədi güdür. Rəsmi İrəvan bu saxta təbliğatla ərazisində başqa təşkilat və ölkələrin hərbi qüvvələrini yerləşdirilməsinə, silahlanmasına guya “bəraət qazandırmaq” istəyir.

Qonşu İranın Zəngəzur məsələsinə yanaşmada nümayiş etdirdiyi destruktiv mövqe isə rəsmi Tehranın heç də Ermənistana hamilik etmək niyyətindən qaynaqlanmır. İran İslam Respublikasının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin bu günlərdə Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi sərsəm fikirlər tarixi, siyasi və hüquqi reallıqlara zidd olmaqla yanaşı, ölkəmizin sülh təşəbbüslərinin mahiyyətini təhrif etməyə yönəlib. Vilayətinin iddiasına görə, guya İranın müdaxiləsi nəticəsində “Zəngəzur dəhlizinin reallaşmasının qarşısı alınıb, bölgədə parçalanma planları pozulub, ABŞ və NATO-nun təsir imkanlarını məhdudlaşdırılıb”.

İran İslam Respublikasının Ali Rəhbərinin müşavirinin Zəngəzur dəhlizi vasitəsilə İranın Avropaya çıxış yolunun guya bağlana biləcəyini iddia etməsi də reallığı təhrif etmək cəhdidir. Azərbaycanın təşəbbüskarı olduğu bu dəhlizin İran ərazisinə aidiyyəti yoxdur, bu ölkənin heç bir iqtisadi, tranzit yolu fiziki olaraq məhdudlaşmır. Əksinə, bu layihənin reallaşması regionda əməkdaşlıq üçün əlavə bağlantılar yarada, İran da daxil olmaqla, bütün qonşu ölkələrin ticarət-logistik imkanlarını genişləndirə bilər. Lakin aşkar görünür ki, İran bu layihənin Ermənistan deyil, öz ərazisindən keçməsinin “davasını edir”.

Əslində, Azərbaycanla İran arasında analoji nəqliyyat dəhlizinin – Şərqi Araz layihəsinin reallaşdırılması ilə bağlı rəsmi razılaşma var, konkret işlər görülür. Buna baxmayaraq, hələ də Zəngəzur dəhlizinə qarşı çıxan İran faktiki olaraq Ermənistanın təcrid və özündən asılı vəziyyətdə qalmasını istəyir. Faktiki olaraq, İranın Ermənistanın öhdəliklərini yerinə yetirməsinə maneə yaradan, bölgədə sülh və sabitliyə qarşı çıxan destruktiv tərəf olması aşkar görünür. Əgər İran doğrudan da Cənubi Qafqazda təhlükəsizlik və sabitlik istəyirsə, o zaman qonşuların daxili işlərinə qarışmaqdan, beynəlxalq razılaşmaları pozmaqdan, əsassız iddialarla çıxış etməkdən çəkinməlidir.

Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi hər zaman birmənalı və dəyişməz olub. Rəsmi Bakı bu dəhlizin hərbi güc yolu ilə deyil, sivil sülh razılaşması əsasında açılmasını istəyir. Bu dəhliz açılarsa, ilk növbədə Ermənistan özü ciddi iqtisadi dividendlər əldə edəcək. Regiondakı yeni nəqliyyat zənciri təkcə Azərbaycan, Türkiyə üçün deyil, eləcə də Ermənistan üçün də yaxşı fürsətlər yaradacaq. İran isə buna qarşı çıxmaqla, əslində, öz maraqlarının hayında olduğunu nümayiş etdirir.

Rəsmi Bakı hesab edir ki, Zəngəzur dəhlizinin açılması regionda sabitlik və əməkdaşlığa xidmət edən, etimadı gücləndirən mühüm addım ola bilər. Ermənistan və İran bu reallığı nə qədər tez qəbul etsələr, regionda davamlı sülhə bir o qədər tez nail olmaq mümkündür.

MTM Analitik Qrup