
Azərbaycanın ideya müəllifi olduğu Zəngəzur dəhlizi bu gün dünya miqyasında xüsusi diqqət və maraq dairəsində yer alır. Gözləntilər bundan ibarətdir ki, sözügedən dəhlizin işə düşməsi Avrasiyada nəqliyyat və logistika xəritəsində ciddi dəyişikliklərin qeydə alınması ilə nəticələnəcək. Dəhlizin üzərinə götürdüyü öhdəliyə uyğun açılmasını ləngidən Ermənistan da bu marşrutun işə düşməsindən çoxsaylı dividendlər əldə edəcək. Amma maraqlıdır ki, bu reallığı hələ də Ermənistanda qəbul etmək istəmirlər. Elə o səbəbdən də Zəngəzur dəhlizinin açılması prosesi bu vaxta kimi reallaşmayıb. Halbuki, Azərbaycan dəhlizin öz ərazisində olan hissəsi ilə bağlı prosesi artıq yekunlaşdırmaq üzrədir.
Proseslərin inkişaf axarı göstərir ki, əslində, Ermənistanın dəhlizin işə düşməsinə müqavimətini davam etdirməsi getdikcə çətinləşir. İsrail və İran arasında 12 günlük müharibədən sonra rəsmi Tehranın da Zəngəzur dəhlizinə qarşı mövqeyinin əhəmiyyətli dərəcədə zəiflədiyini Ermənistanda yaxşı başa düşürlər. Bundan əlavə, dünyanın bir sıra siyasi, iqtisadi güc mərkəzləri də Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəf kimi çıxış edirlər. Rəsmi İrəvanın bütün bunlara müqavimət göstərməsi mümkünsüzdür. Məhz belə bir vaxtda yayılan məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın administrasiyası Bakı və İrəvana Zəngəzur dəhlizi ilə bağlı yeni təklif təqdim edib. Karnegi Fondunun analitiki Olesya Vardanyan iki xarici diplomata istinadən məlumatı təsdiqləyib.
Həmin mənbələrə görə, Amerikanın təklifi 2008-ci il müharibəsindən sonra Rusiya və Gürcüstan arasında nəqliyyat xətlərinin işə düşməsi üçün Avropa İttifaqının illər öncə təklif etdiyi versiyaya bənzəyir. Buna əsasən, tərəflər Abxaziya və Cənubi Osetiya bölgələrindən keçən marşrutların idarə edilməsini müstəqil İsveçrə şirkətinə təhvil verməli idilər. Öz növbəsində həmin şirkət bütün maraqlı tərəflərə logistik məlumatları ötürməli idi. Avropa İttifaqı sonradan İrəvan və Bakıya bu presedentdən istifadə etməyi təklif edib. Lakin bu xüsusda müzakirələr Ermənistanın təxribatçı mövqeyi üzündən pozulub. İndi məsələ ABŞ tərəfindən yenidən gündəmə gətirilir.
Qeyd edilməlidir ki, əvvəlki ABŞ hökuməti də Zəngəzur dəhlizinə xüsusi maraq göstərib. Çünki məsələnin həm də geosiyasi tərəfləri var. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi Ceyms O’Brayn vəifədə olarkən Senatda “Avropanın Gələcəyi” mövzusunda keçirilən dinləmələr zamanı bir daha regionda kommunikasiyaların açılmasının vacibliyini gündəmə gətirmişdi. Onun dediklərindən məlum olurdu ki, ABŞ Zəngəzur dəhlizinin mümkün qədər tez işə düşməsini istəyir. Bunun üçün rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında ən qısa vaxtda sülh müqaviləsinin imzalanmasının zəruriliyini də qəbul edirdi. Ceyms O’Brayn bunlarla bağlı bildirirdi: “Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına güclü dəstək verir. Biz çox çalışırıq ki, tərəflərin ifadə etdiyi sülh istəyi saziş formasında əks olunsun”. Sülh sazişinin niyə vacib olmasına gəlincə, O’Brayn bunun səbəblərindən biri kimi Orta Asiya ölkələrinin resurslarının dünya bazarlarına Azərbaycan və Ermənistan ərazisindən quru yolla çıxmaq imkanını qeyd edib: “Hazırda həmin ölkələr bu mənada Rusiya və Çindən asılıdırlar. Azərbaycan və Ermənistan ərazisindən marşrutun açılmasını təmin edə bilsək, Orta Asiya ölkələri dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən daha az asılı olacaqlar”.
İndi Zəngəzur dəhlizinə eyni maraq Donald Trampın administrasiyası tərəfindən də nümayiş etdirilir. ABŞ-da nəzərə alınır ki, Rusiyadan keçən marşrutlara alternativ ola biləcək, Çini Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhliz xüsusilə Moskvanın Ukraynaya təcavüzündən sonra böyük əhəmiyyət kəsb edir. Bu marşrutun bir hissəsi məhz Zəngəzur dəhlizi ola bilər. Karnegi Fondunun məlumatına əsasən, rəsmi Bakı dəhlizlə bağlı müvafiq müzakirələrin aparılmasına etiraz etmir. Qurum bildirir ki, Bakının yanaşmasına əsasən, proses Azərbaycanı öz anklavı Naxçıvanla birləşdirəcək cənub yolunun açılmasından başlamalıdır.
Karnegi Fondu onu da diqqətə çatdırır ki, indiki şəraitdə təqdim olunan Amerika təklifi yolun idarə edilməsinin xarici, özəl şirkətə verilməsini nəzərdə tutan Avropa təklifinə bənzəyir: “Eyni zamanda, Vaşinqtonun təklifi Amerika məntiqinə söykənir, ona görə də müqavilənin təminatçısı, məsələn, Ukraynada nadir metallar sövdələşməsində artıq baş verdiyi kimi, Amerika biznesi olmalıdır. Amma bu variantı reallaşması üçün Vaşinqton böyük səylər göstərməli olacaq”. O da vurğulanır ki, Amerika modeli ilə razılaşmaq üçün İrəvana təzyiq göstərilməsi əsas variantlardan biridr. Bu halda marşrutun Ermənistan hissəsinə İrəvan nəzarət tələbindən imtina etməli olacaq. Qeyd edilən variantın daha real olduğunu əsas gətirən Karnegi Fondu bildirir ki, Ermənistan da çox güman, buna razılıq verəcək. Çünki nəticədə ölkə uzun müddətdir düşdüyü təcrid vəziyyətindən çıxacaq. Azərbaycanla sülh və əməkdaşlıq şəraitində yaşamaq da Ermənistana xeyli üstünlüklər qazandıracaq. Karnegi Fonduna danışan ABŞ rəsmilərindən biri qeyd edib ki, müzakirələr hələ ilkin mərhələdə olsa da, uğurlu nəticəyə ümid böyükdür: “Prezident Tramp hətta buna görə Nobel mükafatı da qazana bilər”.
Ümumiyyətlə, Tramp administrasiyasının Cənubi Qafqazla bağlı əsas istəklərindən biri Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Zəngəzur dəhlizi daxil olmaqla regionda kommunikasiyaların açılmasına nail olmaqdır. Nəzərə alınması vacib məqamlardan biri də budur ki, indi ABŞ Ermənistan cəmiyyətinə və hakimiyyətinə təsir baxımından olduqca əlverişli mövqedədir. Bu da o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin yanaşmasını nəzərə almağa məcburdur. Digər tərəfdən, Çinin, Mərkəzi Asiyanın və bir çox Avropa ölkələrinin də Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğu məlumdur. Ermənistanın bütün bunları nəzərə almaqdan başqa variantı yoxdur və proseslər Zəngəzur dəhlizinin yaxın tezlikdə işə düşəcəyini göstərir.
MTM Analitik Qrup