![](https://mtm.az/wp-content/uploads/2025/02/2021_12_08_533600_zengezur-1024x704.jpg)
İdeyası Azərbaycan tərəfindən irəli sürülən Zəngəzur dəhlizi dünyanın demək olar ki, bütün siyasi, iqtisadi güc mərkəzləri tərəfindən dəstəklənir. Azərbaycanla yanaşı, ABŞ, Avropa dövlətlərinin mütləq əksəriyyəti, Çin, Rusiya, Mərkəzi Asiya ölkələri və digərləri bu dəhlizin aşılmasında maraqlı olduqlarını açıq mətnlə bəyan edirlər. Sözügedən dəhliz fəaliyyətə başladıqdan sonra Avrasiyanın tranzit daşımaları coğrafiyasında mühüm yeniliklərə səbəb olacaq. Bundan region ölkələri də əhəmiyyətli dərəcədə faydalanacaq. Amma hazırda Ermənistan və İran yenə dəhlizin işə düşməsinə əngəl yaratmaq cəhdlərindən əl çəkmirlər. Halbuki, sözügedən dəhlizin açılmasının ləngiməsi daha çox Ermənistana zərər edir və bu ölkənin dalan vəziyyətində qalmasını şərtləndirir.
Azərbaycan dəfələrlə bəyan edib ki, dəhlizin işə düşməsi iki ölkə arasında münasibətlərin perspektivi baxımından mühüm önəmə malikdir. Eyni zamanda ölkəmiz Zəngəzur dəhlizinin fəaliyyətə başlamalı olması ilə bağlı tələbində onu da diqqətə çatdırır ki, Azərbaycanın Ermənistana qarşı hansısa ərazi iddiası yoxdur. Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bu xüsusda Prezident İlham Əliyev bu məqama bir daha toxunub. Onun sözlərinə görə, həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında daim qeyd edilir ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır: “Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır… Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.
Ermənistan yurisdiksiyası altında Qərbi Zəngəzurdan keçən nəqliyyat dəhlizlərinin açılmasına hazır olduğunu bəyan edir. Azərbaycanın da qeyd edildiyi kimi sözügedən ərazidə Ermənistanın yurisdiksiyasına hansısa iddiası yoxdur. Amma ölkəmiz bəyan edir ki, Azərbaycanndan Naxçıvana və əks istiqamətdə hərəkət edən şəxslər, daşınan yüklər hansısa yoxlamaya və digər prosedurlara məruz qala bilməz. Digər subyektlər üçün Ermənistan öz qanunları çərçivəsində bütün prosesdurları tətbiq edə bilər. Bütün bunlardan ciddi əndişə duyanlardan biri isə İrandır. İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər bu ölkənin hələ də Zəngəzur dəhlizi ilə bağlı həqiqətləri qəbul etmək istəmədiyini göstərir.
Səfir qeyd edib ki, region ölkələri arasında yalnız İran Ermənistanın Zəngəzur dəhlizinə qarşı mövqeyini dəstəkləyir: “Bu məsələdə Ermənistanla heç bir fikir ayrılığımız yoxdur və eyni fikirdəyik. Zəngəzur dəhlizi həm İrana, həm də Ermənistana zərər verəcək. Biz dəhliz məntiqinin əleyhinəyik, beynəlxalq nəzarətdə olacaq istənilən yola qarşıyıq, sərhədlərin dəyişməsinə səbəb olacaq hər şeyin əleyhinəyik. Biz bunu çox açıq şəkildə bəyan etmişik və bu məsələ ilə bağlı başqa ölkələrin fikirlərini nəzərə almırıq. Bəzi ölkələr İranın guya bu məsələdə mövqeyindən geri çəkildiyinə dair şübhələr yaratmağa çalışırlar. Bu məsələ bizim təhlükəsizliyimizlə bağlıdır”. Lakin nədənsə səfir Zəngəzur dəhlizinin İranın təhlükəziliyinə hansı təhdid yaratması məsələsinə aydınlıq gətirməyib. Öz növbəsində Azərbaycan dəfələrlə bildirib və yenə də o mövqeyində qalır ki, Ermənistana ərazi iddiası yoxdur. Bu kontekstdə İranın əvvəlki kimi Qərbi Zəngəzurdan keçən nəqliyyat xətlərinin əleyhinə çıxması əslində, daha çox öz geoiqtidasi və tranzit maraqlarından qaynaqlanır.
Məsələ burasındadır ki, Qərbi Zəngəzurdan keçən nəqliyyat xətlərinin açılmasını istəməyən İran öz ərazisindən alternativ marşrutun keçməsinə heç bir etiraz etmir. Qeyd edilməlidir ki, 2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb və ötən dövr ərzində onun icrası istiqamətində xeyli iş görülüb. Azərbaycandan İrana, buradan Naxçıvana keçən marşrut Cənubi Araz dəhlizi kimi tanınır. Cənubi Araz dəhlizi işə düşdükdən sonra Ermənistan yenə regionda böyük iqtisadi layihələrdən kənarda qalacaq. Sözügedən dəhliz Ermənistan-İran sərhədindən təxminən 5 kilometr cənubdan keçir. Bura dəmir yolu, çoxzolaqlı avtomobil yolu, elektrik xətləri və rəqəmsal rabitə daxildir. Bütün bu kommunikasiyalar vasitəsilə Şərqi Zəngəzur Naxçıvanla birləşdiriləcək. Naxçıvana nəqliyyat və logistika dəhlizi Araz çayı boyunca uzanaraq Zəngəzur dəhlizinin eynisi olacaq. İranın Ermənistandakı səfiri Mehdi Sübhani mətbuat konfransında bu məsələyə də toxunub. Onun sözlərinə görə, əvvəlki yükdaşıma yolu kifayət qədər uzun idi, lakin indi Azərbaycan yük maşınları yolun böyük hissəsini öz ərazisindən, qalan hissəsini isə İrandan – Ermənistan sərhədi boyunca keçə biləcək. Yeni marşrutun uzunluğu 50 kilometr təşkil edəcək. Cənubi Araz dəhlizi Ermənistanın transmilli layihələrdən kənarda qalması deməkdir. Amma nədənsə Ermənistan rəhbərliyi bu həqiqəti qəbul etmək istəmir. İrəvan onu da görmək istəmir ki, İranın yanaşması Ermənistanın iqtisadi maraqları ilə tam ziddiyyət təşkil edir.
Bütün bunlara rəğmən, proseslərin gedişi Zəngəzur dəhlizinin açılışının qaçılmaz olduğunu göstərir. Çünki onun fəaliyyətə başlaması beynəlxalq tələbə çevrilir və Ermənistanın, İranın buna sonadək müqavimət göstərməsi mümkün deyil. Elə bu fonda kanadanın “Geopolitical Monitor” nəşri yazır ki, Zəngəzur dəhlizi regional əlaqələrin yaxşılaşdırılmasına yönəlmiş böyük infrastruktur təşəbbüsüdür: “Dəhlizin regional əlaqələrə də müəyyən təsirləri olacağı gözlənilir. Bu, Çin, Mərkəzi Asiya və Avropanı birləşdirən getdikcə daha vacib ticarət marşrutuna çevrilən Orta Dəhliz təşəbbüsünün təməl daşıdır. Dəhliz geosiyasi gərginliklər, xüsusən də Rusiya-Ukrayna münaqişəsi səbəbindən əhəmiyyətli fasilələrlə üzləşmiş şimal ticarət yollarına mühüm alternativdir. Layihə həmçinin Cənubi Qafqazın qlobal təchizat zəncirlərində rolunu artırmağı vəd edir. Artan səmərəlilik Mərkəzi Asiya ölkələrinə Avropa bazarlarına sərbəst çıxış əldə etməyə, onları qlobal iqtisadiyyata daha da inteqrasiya etməyə imkan verəcək. Bundan başqa, Orta Dəhlizin inkişafı türk dünyasında iqtisadi əməkdaşlığın artan tendensiyasına, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsinə uyğundur. Beləliklə, Zəngəzur dəhlizi təkcə regional infrastruktur layihəsi deyil, bir neçə qitədə iqtisadi mənzərəni dəyişə biləcək daha geniş transformasiya təşəbbüsünün bir hissəsidir…
Ermənistan suverenlik məsələlərini və tarixi şikayətləri əsas gətirərək layihəyə qəti şəkildə qarşı çıxır. İran bu layihənin ölkənin regional tranzit qovşağı kimi rolunu marginallaşdıracağından və Cənubi Qafqazdakı strateji təsirini sarsıdacağından ehtiyat edərək Zəngəzur dəhlizinin ən sərt əleyhdarlarından biri olaraq qalır… Avropa İttifaqı da öz növbəsində regional əlaqələr yaratmaq səylərini dəstəkləyir. Qərb dövlətləri dəhlizin Avropa və Cənubi Qafqaz arasında iqtisadi əlaqələri gücləndirmək potensialını tanıyaraq, ona ticarətin genişləndirilməsi və xüsusilə enerji sektorunda təchizat zəncirinin dayanıqlığının artırılması üçün mühüm marşrut kimi baxırlar. Aİ həmçinin infrastruktura əlavə sərmayə yatırmaq imkanlarını araşdırır. Bu arada, Çin çox güman ki, Asiya və Avropa arasında tranzit keçid kimi onun strateji dəyərini tanıyaraq, dəhlizin “Kəmər və Yol” Təşəbbüsünə daxil edilməsi ideyasını alqışlayacaq… Regiondankənar güclər dəhlizin həyat qabiliyyətini qiymətləndirdikcə, onun beynəlxalq ticarətin və siyasətin formalaşmasında rolu inkişaf etməkdə davam edir”. Bütün bunlar bir daha Zəngəzur dəhlizinin açılmasının artıq beynəlxalq miqyasda da tələbə çevrilməkdə olduğunu təsdiq edir.
MTM Analitik Qrup