Azərbaycan ərazisində yaradılan nəqliyyat infrastrukturu, ölkənin iştirakçısı olduğu müvafiq transmilli layihələr bu gün respublikanın Avrasiyada mühüm tranzit qovşağına çevrilməsi ilə nəticələnib. Ölkəmizin əsas üstünlüklərindən biri də ondan ibarətdir ki, müxtəlif nəqliyyat sistemləri arasında effektiv əlaqə yaradılıb, insanların və daşınan malların rahat, səmərəli hərəkəti təmin olunub. Azərbaycanın bu müstəvidə xidmətlərindən istifadə edənlərin xüsusi məmnunluq duyduğu məqamlardan biri də ondan ibarətdir ki, ölkədəki səmərəli tranzit qovşaqları nəqliyyat xərclərini azaldır, həm də vaxta qənaət imkanı yaradır.
Beynəlxalq ticarət subyektləri üçün tranzit qovşaqları yüklərin sürətli daşınması baxımından olduqca vacibdir. Bu kontekstdə ölkəmizdəki limanlar, avtomobil və dəmir yolu qovşaqları, yük terminalları tədarük zəncirlərini sadələşdirir, xammal və hazır məhsulların təyinat yerlərinə səmərəli şəkildə çatmasını təmin edir. Strateji cəhətdən tranzit qovşağı həm də dənizə çıxışı olmayan ölkələr üçün qlobal bazarlara daxil ola bilmək baxımından qapı rolunu oynayır. Elə bu cəhətdən də Azərbaycan bir çox ölkələr üçün olduqca cəlbedicidir.
Hazırda proseslərin inkişaf axarı Azərbaycan üzərindən yükdaşımaların dinamik şəkildə artmaqda olduğunu göstərir. Bu, həm də Azərbaycanın xarici tərəfdaşlarla əməkdaşlığının daha da dərinləşməsinə, yeni subyektlərlə işbirliyinin ərsəyə gəlməsinə səbəb olur. Nəticə etibarı ilə Azərbaycan iqtisadi cəhətdən əlavə üstünlüklər qazanır. Bütün bu reallığı nəzərə almalı olan tərəflərdən biri isə Ermənistandır. Hazırda sözügedən ölkə Cənubi Qafqazdan keçən transmilli layihələrdə iştirak imkanlarından məhrumdur. Yalnız Azərbaycanın razılığı ilə Ermənistanın belə layihələrdə iştirakı mümkündür və bu reallıq bütün dünyada, o cümlədən erməni cəmiyyətində də qəbul edilir. Elə bu reallıqdan irəli gəlir ki, Ermənistanın özünün təşəbbüskarı olduğu transmilli layihələrin taleyi də Azərbaycandan asılı vəziyyətdədir. Bura Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə ildir dilindən düşməyən “Sülh kəsişməsi” layihəsi də daxildir. Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bu xüsusda Prezident İlham Əliyev qeyd edib ki, Paşinyan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin: “Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır…”.
Beləliklə, Ermənistanın regional layihələrdə, o cümlədən nəqliyyat daşımalarında iştirakı bilavasitə Azərbaycandan, ölkəmizlə birlikdə hərəkət edən Türkiyədən asılıdır. Azərbaycan öz növbəsində transmilli nəqliyyat layihələrində Ermənistanın iştirakının mümkünlüyü üçün konkret şərtlərinə açıqlayıb. Bu şərtlər beynəlxalq hüquq prinsiplərinə, ədalətə əsaslanır, eyni zamana Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Həmin öhdəliklərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bununla bağlı Prezident İlham Əliyev bildirib: “İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur”.
Manipulyasiyalar bu gün daha çox Ermənistanın öz maraqlarına zərbə vurur, onun transmilli nəqliyyat layihələrində iştirakını əngəlləyir. Məsələ burasındadır ki, Ermənistan Azərbaycansız regionda heç bir nəqliyyat layihəsini həyata keçirmək imkanına sahib deyil. Eyni zamanda İrəvan Bakı ilə münasibətləri normallaşdırmayana, sülh razılaşması əldə etməyənə qədər qardaş Türkiyə də Ermənistanla sərhədi açmayacaq. Görünən odur ki, regional kommunikasiyalar açılmadan Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşması da mümkün olmayacaq. Qeyd olunan bu reallığa rəğmən, Ermənistan hələ də 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Zəngilan rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsini təmin etməyə tələsmir. Beləliklə də, Ermənistan öz öhdəliklərini yerinə yetirmədiyi üçün şərqdən və qərbdən blokada vəziyyətində qalmaqda davam edir.
Ermənistan onu da nəzərə almalıdır ki, Zəngəzur dəhlizi diplomatik kanalların yaradılması və inkişafı üçün əsas fiziki məkanlardan birinə çevrilə bilər. İlk növbədə o baxımdan ki, transsərhəd infrastruktur layihələri Azərbaycan və Ermənistan arasında diplomatik əlaqələri gücləndirən davamlı dialoq və əməkdaşlığa gedən yoldur. Bu cür əməkdaşlıq daha geniş geosiyasi problemlərin həlli və sülh müstəvisində digər məsələlərin də həll yollarının tapılması üçün əlverişli mühit yaradır. Beləliklə, Zəngəzur dəhlizi regional sülhün mərkəz nöqtəsinə çevrilə bilər. Amma Ermənistan hələ də bu reallığı görməzlikdən gəlir.
Hələlik isə Ermənistanın fəaliyyəti heç də regionda sülhə və əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət etmir. Bu fonda indiki mövqeyində qalmaqla Ermənistan yalnız özünə zərər edir. Çünki Zəngəzur dəhlizi regionda sülhün bərqərar olması, iqtisadi inteqrasiya, nəqliyyat, diplomatik və mədəni əlaqələrin qurulmasının əsas vasitələrindən biridir. İndiki halda bütün bunlara ən çox ehtiyac duyan ölkə də məhz Ermənistandır. Azərbaycan onsuz da alternativ marşrutlar sayəsində Naxçıvanla quru əlaqəsi yaratmaq imkanlarına malikdir. Xatırlatmaq lazım gəlir ki, 2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun praktiki icrası olaraq İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında Araz çayı üzərində avtomobil və dəmir yolları körpülərinin tikintisi nəzərdə tutulur. Artıq qeyd edilən istiqamətlərdə müvafiq işlər görülür. İran Cənubi Araz dəhlizi kimi tanınan bu marşrutun mümkün qədər tez açılması üçün olduqca böyük maraq nümayiş etdirir. Cənubi Araz dəhlizi işə düşdükdən sonra Ermənistan yenə müəyyən müddət regionda böyük iqtisadi layihələrdən kənarda qalacaq.
MTM Analitik Qrup