
Müasir dövrdə beynəlxalq ticarət və nəqliyyat-logistika şəbəkələrinin genişlənməsi qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Bu baxımdan Azərbaycan ərazisindən də keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Dəhlizin məqsədi Avropa, Rusiya, Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Hind okeanı hövzəsi arasında daha qısa, təhlükəsiz və səmərəli marşrut yaratmaqdır. Azərbaycan isə coğrafi mövqeyi, iqtisadi potensialı və müasir infrastruktur layihələri sayəsində bu dəhlizin əsas iştirakçılarından və aparıcı tranzit mərkəzlərindən birinə çevrilib.
Bəllidir ki, Azərbaycanın geosiyasi mövqeyi onun strateji rolunu müəyyən edən başlıca amillər sırasında yer alır. Şimal-Cənub dəhlizi Azərbaycan sayəsində Avropa ilə Asiya arasında ən qısa quru marşrutu formalaşdırır. Alternativ yollarla müqayisədə Azərbaycan üzərindən keçən xətt yükdaşıma müddətini əhəmiyyətli dərəcədə azaldır. Dəhlizin tam gücü ilə işə düşməsi üçün İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi reallaşmalıdır. Bu məsələ yenidən Rusiyanın nəqliyyat naziri Andrey Nikitin ilə İranın yol və şəhərsalma nazirinin müavini Huştanq Bazvand arasında müzakirə predmetinə çevrilib. Andrey Nikitin qeyd edib ki, bu layihə ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas elementlərindən biri və Şimal-Cənub dəhlizinin işinin mühüm hissəsidir: “Layihənin həyata keçirilməsinə həm Rusiyada, həm də İranda ən yüksək səviyyədə nəzarət edilir”. Xatırlatmaq lazım gəlir ki, hələ 2023-cü ildə Rusiya və İran Şimal-Cənub layihəsi çərçivəsində Azərbaycanla İran arasında Rəşt-Astara yolunun Fars körfəzi limanlarına çıxışı təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıb.
Bir məsələ də xüsusi qeyd edilməlidir ki, Rəşt-Astara yolunun inşasının ən azı üç il çəkəcəyi gözlənilir. O, hazır olana qədər isə Zəngəzur dəhlizindən istifadə edilməsi ilə Şimal-Cənub marşrutundan maksimal dərəcədə faydalanmaq mümkündür. Məsələ burasındadır ki, Zəngəzur dəhlizinin inşası daha tez başa gələcək. Onun imkanlarında istifadə edilməsi isə Şimal-Cənub dəhlizi üçün də əlavə üstünlüklər vəd edir. Bunu Prezident İlham Əliyev ötən ay Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində ətraflı şəkildə izah edib. Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanla Azərbaycan arasında deyil, təkcə Şərqlə Qərb arasında deyil, həm də Şimalla Cənub arasında bağlantıdır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Şimal-Cənub marşrutuna sadəcə, dəstək olacaq: “Çünki əvvəlcə planlaşdırılmış və layihələndirilmiş Şimal-Cənub dəhlizi Şimaldan, Şimali Avropadan, Rusiyadan, Azərbaycandan, İrandan, Fars körfəzindən düz xətlə gedir. Xəritəyə baxsanız, o, Azərbaycan ərazisindən, qismən də Xəzər dənizinin sahilindən keçməkdədir… Deməli, bu, tamamilə Azərbaycan ərazisində tikilmiş həqiqi Şimal-Cənub dəhlizidir. Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəmiz var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs, Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, – və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, – və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq – Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.
Beləliklə, Zəngəzur dəhlizi Şimal-Cənub marşrutunu daha da cəlbedici hala gətirir. Bu dəhlizin açılması ilə Azərbaycan üzərindən keçən yüklər həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində birləşəcək. Nəticədə yükdaşımaları daha sürətli və səmərəli olacaq. Zəngəzur dəhlizi vasitəsilə dəhliz Türkiyə və Orta Asiya ölkələri ilə inteqrasiya edilərək coğrafi miqyasını genişləndirəcək. Eyni zamanda bu marşrut Şimal-Cənub dəhlizinə əlavə alternativlər yaradır, onu daha təhlükəsiz və dayanıqlı edir. Azərbaycanın tranzit qovşaq mövqeyi güclənir və ölkə həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin təbii kəsişmə nöqtəsinə çevrilir. Bu isə regionun geoiqtisadi cazibəsini artıraraq qlobal marağı daha da gücləndirir.
Bir məsələ də xüsusi qeyd olunmalıdır ki, Azərbaycan Şimal-Cənub dəhlizinin də inkişafı üçün genişmiqyaslı işlər görüb. Bu müstəvidə əsas işlərdən biri Bakı–Astara dəmir yolu xəttinin modernləşdirilməsi və onun İran sərhədinədək uzadılmasıdır. Astara çayı üzərində salınan dəmir yolu körpüsü və Astara terminalı Azərbaycanla İran arasında yüklərin sürətli ötürülməsini təmin edir. Bundan əlavə, Şimal-Cənub dəhlizinə inteqrasiya olunmuş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun ən iri logistik mərkəzlərindən biridir. Burada konteyner daşımaları, multimodal xidmətlər və gömrük əməliyyatları yüksək səviyyədə həyata keçirilir. Azərbaycanın avtomobil yolları şəbəkəsi də dəhlizdə mühüm rol oynayır. Bakı-Quba-Rusiya sərhədi və Bakı-Astara-İran sərhədi magistralları beynəlxalq standartlara uyğun yenilənib. Bu yollar vasitəsilə yükdaşıma prosesi sürətlənir, logistik xərclər azalır və daşımaların təhlükəsizliyi artır.
Şimal-Cənub dəhlizində aparıcı mövqeyə sahib olmaq Azərbaycanın iqtisadiyyatına artıq xeyli müddətdir mühüm faydalar gətirir. İlk növbədə, tranzit gəlirləri artmaqla dövlət büdcəsinə əlavə vəsait daxil olur. Ümumiyyətlə, Azərbaycanın qeyri-neft sektorunun inkişafında bu layihə mühüm stimullaşdırıcı rol oynayır. Dəhliz ölkənin ixrac imkanlarını da genişləndirir. Azərbaycan məhsullarının, xüsusilə kənd təsərrüfatı və sənaye mallarının Rusiya, İran, Hindistan və digər bazarlara çıxışı daha da asanlaşır. Bununla yanaşı, ölkəyə idxal olunan malların daşınma xərcləri azaldığından, bu hal daxili bazarda qiymət sabitliyinə müsbət təsir göstərir.
Azərbaycan yalnız iqtisadi deyil, həm də siyasi baxımdan Şimal-Cənub dəhlizində vacib oyunçudur. Layihə ölkənin beynəlxalq arenadakı mövqelərini gücləndirir, onun tranzit missiyasını ön plana çıxarır. İqtisadi maraqların uzlaşdırılması ölkələr arasında əməkdaşlıq mühitini gücləndirir. Azərbaycanın təşəbbüsləri nəticəsində dəhlizin inkişafı təkcə ikitərəfli deyil, çoxtərəfli əməkdaşlıq üçün də yeni platformalar yaradır. Gələcəkdə Şimal-Cənub dəhlizinin daha da genişləndirilməsi planlaşdırılır. Bunun üçün qeyd edildiyi kimi Rəşt-Astara dəmir yolunun tikintisi yekunlaşmalıdır. Azərbaycan tərəfi sözügedən dəmir yolunun tezliklə istifadəyə verilməsini dəstəkləyir ki, bu da ölkəmiz üçün Hind okeanına çıxışı birbaşa təmin edəcək. Eyni zamanda Bakı limanının ikinci mərhələsi üzrə işlər də dəhlizin yükötürmə gücünü artıracaq. Texnoloji həllər də layihənin səmərəliliyinə təsir göstərir. Azərbaycan tərəfdaşları ilə birlikdə rəqəmsal gömrük xidmətlərini, elektron sənəd dövriyyəsini və yükdaşımalarda izləmə sistemlərini tətbiq edərək dəhlizi daha cəlbedici edir. Bu isə xarici şirkətlərin marağını artırır və Azərbaycanı regionun logistika liderinə çevirir.
MTM Analitik Qrup