ZƏNGƏZUR DƏHLİZİ REGİONAL BLOKLAŞMA DEYİL, İQTİSADİ ƏMƏKDAŞLIQ LAYİHƏSİDİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları Cənubi Qafqazda regional düzənə dair Ankaranın konseptual baxışını bir daha ortaya qoydu. “Bizim Azərbaycanla hüququmuz digər ölkələr arasındakı münasibətlərdən fərqlidir” ifadəsi əslində təkcə iki dövlət arasındakı müttəfiqliyin deyil, həm də bölgədə geoiqtisadi çəkilərin dəyişməsində Türkiyənin özünəməxsus rol oynamaq istəyinin təsdiqidir. Bu baxımdan Prezident Ərdoğanın bəyanatı bir neçə strateji məqamə özündə birləşdirir. Əvvəla Rəcəb Tayyib Ərdoğan “Azərbaycanla hüququmuz fərqlidir” deyərkən Türkiyənin Qarabağ münaqişəsinin həllində və post-müharibə prosesində oynadığı rolu vurğulayır. Bu, sadəcə müttəfiqlik münasibəti deyil, tarixi, mədəni və siyasi əlaqələr üzərində qurulmuş xüsusi strateji tərəfdaşlıqdır. Bu model regiondakı digər dövlətlər üçün presedent yaradır: Türkiyə istər Ermənistana münasibətdə, istər Gürcüstanla əməkdaşlıqda, istərsə də İranla əlaqələrində Azərbaycanla birlikdə hərəkət etməyi üstün tutur. Ərdoğanın sözlərində Ermənistanla danışıqlara pozitiv qiymət verməsi Ankaranın mövqeyinin Bakı ilə tam uzlaşdırıldığını göstərir və Ermənistanın diplomatik oyun meydanını daraldır.

Digər tərəfdən Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizini xüsusi vurğulayaraq bildirir ki, Ermənistan əvvəlcə bu layihəyə qarşı çıxsa da, sonradan iqtisadi inteqrasiyanın faydalarını görərək daha “çevik” mövqe tutmağa başlayıb. Bu açıqlama bir neçə məsələni ön plana çıxarır. Birincisi, Türkiyənin “Şərq-Qərb nəqliyyat dəhlizləri” strategiyasıdır ki, Zəngəzur dəhlizi Ankaranın Orta Dəhliz konsepsiyasının, yəni Çindən Avropaya qədər uzanan alternativ ticarət yolunun əsas həlqəsidir. İkincisi, Azərbaycanın strateji mövqeyinin gücləndirilməsinə hesablanıb ki, bu dəhliz faktiki olaraq Ermənistanın tranzit ölkə funksiyasını reallaşdırır və İrəvanı regionun iqtisadi sisteminə inteqrasiya olunmağa məcbur edir. Üçüncüsü, Rusiyanın və İranın maraqlarıdır ki, hər iki dövlət öz tranzit və nəqliyyat maraqlarının zədələnə biləcəyindən ehtiyat edir, amma Ərdoğanın açıqlamasında İranın da qazanc əldə edəcəyi mesajı yer alır. Bu isə Ankara tərəfindən balanslaşdırıcı diplomatiya jestidir. Bu kontekstdə Prezident Ərdoğan dəhlizi “Azərbaycan, Türkiyə, İran və digər ölkələr üçün fürsət” adlandırmaqla layihənin regional bloklaşma deyil, iqtisadi əməkdaşlıq layihəsi kimi qəbul edilməsini istəyir.

Ərdoğanın çıxışında diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycan-Ermənistan sülh danışıqlarının artıq diplomatik çərçivəni tamamladığını bəyan edir. Bu, Ermənistanın kompromislərə getməsi üçün açıq mesajdır. Belə ki, Ankara regionun əsas aktoru kimi İrəvana “dəhlizə razı olmaq və sülhə imza atmaqla iqtisadi üstünlüklər qazanmaq” təklifini irəli sürür. Paralel olaraq Ermənistan Rusiyanın təhlükəsizlik çətiri altında qalmaqla Qərbə inteqrasiyanın mümkün olmadığını anlayır. Türkiyə isə həm NATO üzvü, həm regional güc, həm də Ermənistan üçün potensial iqtisadi körpü rolunu oynaya bilər. Bu balans siyasəti Ermənistanın təcrid vəziyyətini yumşaltmaqla yanaşı, Ankaranın sülh memarı imicini möhkəmləndirər.

Rəcəb Tayyib Ərdoğanın çıxışında xüsusi diqqətçəkən digər detal “İran və digər ölkələr üçün də fürsət” ifadəsidir. Bu, iki əsas hədəfə xidmət edir. Birincisi, İranın narahatlığını neytrallaşdırmaq. Tehran Zəngəzur dəhlizini özünə təhlükə hesab edir, çünki Ermənistanla sərhədi strateji tampon rolunu oynayır. Türkiyə isə açıq mesaj verir ki, layihə İranı təcrid etməyəcək. İkincisi, Rusiyaya jest. Türkiyə sülh prosesini Rusiyanın iştirakı olmadan irəli aparmaq istəmədiyini nümayiş etdirir. Beləliklə, Rəcəb Tayyib Ərdoğanın açıqlaması sadəcə bəyanat deyil, Türkiyənin Cənubi Qafqaz üçün strateji yol xəritəsidir. Əgər Zəngəzur dəhlizi açılarsaTürkiyə faktiki olaraq Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən logistik qovşağa çevriləcək. Ermənistanın təcrid vəziyyəti qismən aradan qalxacaq və iqtisadi maraqlar daha güclü motivasiyaya çevriləcək. Bundan əlavə, Azərbaycan regionun əsas tranzit ölkəsi statusunu möhkəmləndirəcək. İran öz alternativ dəhlizlərini daha sürətli reallaşdırmağa məcbur olacaq. Rusiya prosesdə rolunu itirməmək üçün yeni alətlər axtaracaq. Əsas məsələ ondan ibarətdir ki, Ankara bu dəhlizi təkcə nəqliyyat arteriyası kimi deyil, həm də sülh, diplomatik nüfuz və iqtisadi inteqrasiya aləti kimi görür. Ermənistanın mövqeyində müşahidə olunan “çeviklik” isə həm beynəlxalq təzyiqlərin, həm də Ankaranın praqmatik təkliflərinin nəticəsidir.

MTM Analitik Qrup