ZƏNGƏZUR DƏHLİZİ – MƏRKƏZİ ASİYA VƏ CƏNUBİ QAFQAZ ARASINDA ƏMƏKDAŞLIQ KÖRPÜSÜ

Cənubi Qafqaz regionunun tranzit potensialının güclənməsi məqsədinə xidmət edən səmərəli təşəbbüslərlə çıxış edən respublikamız bu məqsədlə son illərdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə nail olub. Bunda məqsəd, ilk növbədə, nəqliyyat-kommunikasiya qovşaqlarını əlaqələndirmək, yükdaşımaların məsafə və zaman baxımından rentabelliyinə nail olmaq, eyni zamanda, geosiyasi səbəblərlə bağlı yaranmış təhdidlərdən sığortalanmaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə Zəngəzur dəhlizinin (Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu) Mərkəzi Asiya və Cənubi Qafqaz regionları üçün yaradacağı iqtisadi və geosiyasi faydalar barədə səsləndirdiyi fikirlər ölkəmizin regional nəqliyyat siyasətinin strateji mahiyyətini bir daha qabarıq göstərir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın son 20 ildə formalaşdırdığı müasir nəqliyyat infrastrukturu təkcə ölkəmizin tranzit imkanlarını genişləndirmir, həm də Orta Asiya dövlətlərini Avropa bazarlarına daha qısa, təhlükəsiz və iqtisadi cəhətdən sərfəli marşrutlarla birləşdirən yeni geoiqtisadi kəmər yaradır. Bu baxımdan Zəngəzur dəhlizinin yalnız Azərbaycan və ya Cənubi Qafqaz üçün deyil, bütün Avrasiya məkanında inteqrativ proseslərin sürətlənməsi üçün vacib qovşağa çevriləcəyi şübhəsizdir.

Ölkəmizin güclü ticarət donanması, yaxın illərdə yükaşırma gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, doqquz beynəlxalq hava limanı Azərbaycanın qlobal daşımalar xəritəsində strateji əhəmiyyətini artırıb. Bu infrastruktur ölkəmizin ərazisi ilə tranzit yükdaşımaların həcmi ilə yanaşı, Cənubi Qafqazın logistika cəlbediciliyini də artırıb. Bu kontekstdə Zəngəzur dəhlizinin yaxın illərdə işə düşməsi Azərbaycan üzərindən keçən nəqliyyat xətlərinin vahid sistem halında birləşməsinə, daha dayanıqlı tranzit məkanının formalaşmasına səbəb olacaq.

Zəngəzur dəhlizi mühüm logistika təşəbbüsü olaraq Orta Dəhlizin – yəni Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropanı birləşdirən beynəlxalq nəqliyyat marşrutunun mühüm həlqələrindən birini təşkil edir. Son illərdə Orta Dəhliz vasitəsilə yükdaşımaların, eləcə də Asiya bazarlarının Avropaya çıxışında alternativ və təhlükəsiz marşrutlara tələbatın yüksəlməsi Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha təsdiqləyir. Azərbaycan Özbəkistan və digər Mərkəzi Asiya dövlətləri üçün vacib tranzit ölkə rolunu oynayır və yaxın perspektivdə bu rol daha da genişlənəcək.

Mərkəzi Asiya ölkələri üçün hazırda ən aktual çağırışlardan biri ixracın şaxələndirilməsi və dünya bazarlarına çıxışın kəsintisiz təmin edilməsidir. Ənənəvi marşrutların siyasi və logistika riskləri fonunda alternativ yol xəttinin formalaşdırılması həmin dövlətlər üçün vacib əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin bu baxımdan yeni imkanlar açacağı aydın görünür: Mərkəzi Asiyadan yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan Naxçıvana, Türkiyəyə və daha sonra Avropaya qısa və daha ucuz marşrutla daşınacaq. Bu, daşımaların müddətini əhəmiyyətli dərəcədə azaldacaq, logistika xərclərini aşağı salacaq, regionun dünya ticarət zəncirinə inteqrasiyasını gücləndirəcək.

Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı digər mühüm məqam ondan ibarətdir ki, Özbəkistan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq təkcə iki dövlətin maraqlarını ehtiva etmir. Bu əməkdaşlıq Orta Dəhlizin genişlənməsinə, bütövlükdə Avrasiya məkanında yeni iqtisadi arteriyanın formalaşmasına təkan verir. Zəngəzur dəhlizi bu platformanın mühüm komponenti olaraq, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən çoxşaxəli tranzit qovşağı formalaşdıracaq. Dəhlizin işə düşməsi Mərkəzi Asiya ölkələrinin böyük potensialı olan kənd təsərrüfatı, kimya, metallurgiya, tekstil və maşınqayırma məhsullarının Avropa bazarlarına daşınması üçün optimal şəbəkə yaradacaq. Eyni zamanda, Avropa istehsalı olan texnologiya, avadanlıq və digər sənaye məhsullarının Orta Asiya bazarlarına çıxışı sürətlənəcək. Bütün bunlar idxal-ixrac balanslarını yaxşılaşdıracaq, nəqliyyat xidmətlərinin həcmini çoxaldaraq tranzit ölkələr, xüsusilə Azərbaycan üçün əlavə iqtisadi dividendlər yaradacaq.

Göründüyü kimi, Zəngəzur dəhlizi regionda əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan, Türkiyə, Özbəkistan və digər türk dövlətləri arasında nəqliyyat inteqrasiyası daha möhkəm siyasi əlaqələrə zəmin yaradır. Bununla yanaşı, dəhlizin reallaşması Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyinin möhkəmlənməsinə, yeni regional koordinasiya mexanizmlərinin qurulmasına, mübahisəli məsələlərin iqtisadi maraqlar fonunda çevik həllinə zəmin formalaşdırır.

Zəngəzur dəhlizinin ən mühüm perspektivi ondan ibarətdir ki, Azərbaycan bu marşrut vasitəsilə Orta Asiya ilə Avropa arasında çevik logistik körpüyə çevriləcək. Ölkəmiz təkcə tranzit ölkə deyil, həm də logistika xidmətləri təqdim edən ölkə statusunu gücləndirəcək.

Qeyd edilənlər Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, bütün türk dövlətləri və Mərkəzi Asiya üçün strateji əhəmiyyətini aydın şəkildə göstərir.

MTM Analitik Qrup