ZƏFƏR PARADINDAN BİR İL ÖTÜR

Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbənin təntənəsi olaraq keçirilən Zəfər Paradından bir il ötür.

Bakıda keçirilən Zəfər paradı Azərbaycan xalqının həyatında mühüm tarixi bir hadisə kimi yadda qaldı. Bu parad xalqımızın uzun illərdir həsrətlə gözlədiyi bir qələbə bayramı idi.

Azərbaycanın qalib ölkə kimi keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazıldı. 2020-ci il dekabrın 10-da Azadlıq meydanı müzəffər, rəşadətli Ordumuzun Zəfərinə, Qələbəsinə şahidlik etdi.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər.

3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi olan Zəfər Paradı ordumuzun, dövlətimizin gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulmasının sevincini, xalqın çoxdankı arzusunun yerinə yetməsinin, ölkəmizin bütövləşməsinin təcəssümü kimi dünyaya təcəssümü oldu.

Paraddan sonra Dənizkənarı Milli Parkın ərazisində Zəfər atəşfəşanlığı olub.