
Ermənistanla Rusiya arasında yeganə quru əlaqə olan Yuxarı Lars sərhəd-keçid məntəqəsinin mütəmadi olaraq bağlanması İrəvanın illərdir üzləşdiyi strateji zəifliyi bir daha açıq şəkildə ortaya qoyur. Bu yolun bağlanması təkcə texniki və ya mövsümi problem deyil, Ermənistanın regional kommunikasiyalardan kənarda qalmasının, alternativlərinin olmamasının və geosiyasi asılılığının simvoludur. Məhz bu kontekstdə rəsmi İrəvan TRIPP layihəsinin tez bir zamanda reallaşdırılmasının vacibliyini faktiki olaraq etiraf edir. Çünki Azərbaycanın ərazisindən keçməklə Rusiyadan taxılın idxal olunması regionda yeni reallıqların formalaşdığını göstərir.
Yuxarı Lars keçid məntəqəsi Ermənistan üçün sadəcə sərhəd-keçid nöqtəsi deyil, ölkənin Rusiya ilə iqtisadi və logistika əlaqələrinin “can damarıdır”. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması, İran istiqamətinin isə məhdud tutum və siyasi risklər daşıması Lars yolunu alternativsiz hala gətirib. Lakin bu yol dağlıq relyef, sərt iqlim şəraiti, təhlükəsizlik riskləri səbəbindən hər il dəfələrlə bağlanır. Nəticədə Ermənistan ərzaq təminatında problemlə üzləşir, idxal-ixrac zənciri qırılır, qiymət artımları və bazar qeyri-sabitliyi yaşayır. Bu vəziyyət bir daha sübut edir ki, Ermənistanın regional nəqliyyat strategiyası faktiki olaraq iflas edib.
Larsın bağlanması Ermənistanın Rusiya ilə münasibətlərində də asılılıq faktorunu daha kəskin şəkildə üzə çıxarır. Ermənistan iqtisadiyyatının mühüm hissəsi Rusiya bazarına, rus kapitalına və rus logistikasına bağlıdır. Lakin paradoks ondadır ki, bu asılılıq stabil mexanizmlərlə təmin olunmayıb. Rusiya üçün Ermənistan həyati əhəmiyyət daşıyan tərəfdaş olmadığı halda, Ermənistan üçün Rusiya kritik önəm daşıyır. Larsın bağlanması zamanı Moskva alternativ marşrutlar tapır, Ermənistan isə faktiki olaraq blokada vəziyyətinə düşür. Bu da İrəvanın manevr imkanlarını minimuma endirir. Məhz bu reallıqlar fonunda rəsmi İrəvanın TRIPP layihəsinin tez bir zamanda reallaşdırılmasının vacibliyini vurğulaması diqqət çəkir. Əslində bu, yeni mövqe deyil, gecikmiş etirafdır. Çünki TRIPP layihəsi və onun tərkib hissəsi kimi nəzərdən keçirilən Zəngəzur istiqamətli kommunikasiya xətləri Ermənistanı regional tranzit şəbəkəsinə qaytara bilər, ölkəni bir yol və bir tərəfdaş asılılığından xilas edə, davamlı və ilboyu işlək nəqliyyat imkanları yarada bilər. Ona görə də Larsın bağlanması fonunda TRIPP artıq Ermənistan üçün “seçim” yox, zərurətə çevrilib.
Ermənistanın ən böyük strateji dilemması ondan ibarətdir ki, onun logistika təhlükəsizliyi faktiki olaraq Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır. Çünki Azərbaycanın ərazisi Cənubi Qafqazın ən stabil, ən təhlükəsiz, ən inkişaf etmiş nəqliyyat infrastrukturlarına malik hissəsidir. Rusiyadan taxılın Azərbaycanın ərazisi vasitəsilə daşınması məsələsinin gündəmə gəlməsi isə bu reallığın praktiki təsdiqidir. Bu marşrut mövsümi risklərdən uzaqdır, dəmir yolu və avtomobil infrastrukturu ilə təmin olunub, regional tranzit üçün daha ucuz və sürətlidir. Bu fakt göstərir ki, Ermənistan istəsə də, istəməsə də, regionda iqtisadi dövriyyənin mərkəzində Azərbaycan dayanır.
Lars yolunun yenidən bağlanması bir daha sübut edir ki, Ermənistanın izolyasiya siyasəti davamlı deyil, revanşist ritorika real iqtisadi maraqlarla ziddiyyət təşkil edir, regional əməkdaşlıq alternativsizdir. TRIPP və oxşar layihələrin reallaşması isə yalnız nəqliyyat məsələsi deyil, eyni zamanda siyasi sabitlik, etimad mühiti, uzunmüddətli sülh üçün mexanizmdir. Azərbaycan bu prosesdə təkcə tranzit ölkə deyil, həm də regional təhlükəsizliyin və iqtisadi inteqrasiyanın əsas təminatçısı kimi çıxış edir.
MTM Analitik Qrup
