ABŞ-ın Yuta ştatında fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin sülh səylərinin dəstəklənməsi və Cənubi Qafqaz regionunda yaranmış mövcud durumla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Yuta-Azərbaycan Dostluq Təşkilatı adından Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki nümayəndəliyinə ünvanlanan bəyanatda Azərbaycan əsilli amerikalılar Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində regionda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirdiyi qeyd edilib.
2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin həll olunmadığı, Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbi qulluqçusunun öldüyü və yaralandığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu bir daha diqqətə çatdırılıb. Yuta-Azərbaycan Dostluq Təşkilatı beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa, işğaldan azad edilmiş Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirən və çoxmilyardlı sərmayələr yatıran sülhsevər Azərbaycanın mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.