YUNANISTANA TURİST AXINI: TÜRKİYƏ SƏRMAYƏ İTİRİR

Türkiyədə turizm sektorunda ciddi durğunluq müşahidə olunur. Yüksək inflyasiya və iqtisadi qeyri-sabitlik yerli əhalinin istirahət imkanlarını məhdudlaşdırıb. Bir vaxtlar ölkə sahillərində istirahət edən türklər indi Yunanıstana üz tutur.

Təhlil.az xəbər verir ki, Yunanıstan coğrafi yaxınlıq, münasib qiymətlər və sadələşdirilmiş viza rejimi səbəbindən türklər üçün daha cəlbedici olub. 2024-cü ildə 1,5 milyondan çox türk turist Yunanıstan adalarını bərə ilə ziyarət edib. Bu göstərici 2023-cü illə müqayisədə iki dəfə çoxdur.

Türkiyədə iqtisadi vəziyyətin pisləşməsi fonunda türklər Yunanıstanın daşınmaz əmlak bazarına da maraq göstərməyə başlayıblar. Qiymətlərin daha münasib olması onları bu ölkədə ev almağa təşviq edir. Türklərin Yunanıstana yatırdığı investisiyalar ötən il 2022-ci illə müqayisədə 10 dəfə artaraq 485 milyon avroya çatıb.

Bütün bunlar Türkiyə turizminə, iqtisadiyyatına mənfi təsir göstərməkdədir.

Yunanıstan üçün isə əksinə, vəziyyət ürəkaçandır. Türkiyə və Yunanıstan arasında tarixən gərgin münasibətlər olsa da, Yunanıstan hökuməti türk turistlər və investorlar üçün qapılarını açıq saxlayır.

Bununla belə, Yunanıstanda bəzi çevrələr Baş nazir Kiriakos Mitsotakisə qarşı sərt tənqidlər səsləndirirlər, onu Ankaraya çox loyal yanaşmaqda ittiham edirlər.