İstanbulda güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri davam edir.
İkinci yarış günündə – fevralın 25-də 72, 77 və 82 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçilərimiz mübarizə aparıblar.
Yarışa dörddəbir finaldan start verən Ülvü Qənizadə (72 kq) türkiyəli həmkarı ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdə minimal fərqlə uduzub.
Milli komandamızın üzvü Sənan Süleymanov (77 kq) ilk mərhələdə hindistanlı rəqibinə heç bir şans tanımayıb. Avropa çempionumuz dörddəbir finalda Qazaxıstan təmsilçisini yolundan kənarlaşdırıb. Yarımfinalda Türkiyə pəhləvanı ilə qarşılaşmadan da qalib ayrılan S.Süleymanov finala vəsiqə qazanıb. Güləşçimiz həlledici görüşdə türkiyəli həmkarına minimal fərqlə uduzaraq gümüş medalı boynundan asıb.
Rafiq Hüseynov (82 kq) da ilk görüşdə Hindistan təmsilçisini çətinlik çəkmədən məğlub edib. Dünya və Avropa çempionumuz Türkiyə idmançısını da üstələyərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında daha bir yerli idmançı ilə qarşılaşmada yenilib. Təcrübəli pəhləvanımız qazaxıstanlı rəqibinə qalib gələrək bürünc medala sahib çıxıb.
Mübarizəyə dörddəbir finaldan qoşulan Tuncay Vəzirzadə (82 kq) türkiyəli rəqibinə qalib gəlib. Həmyerlimiz yarımfinalda Qazaxıstan idmançısına uduzub. T.Vəzirzadə sonuncu qarşılaşmada Qazaxıstanın digər təmsilçisindən güclü olmaqla üçüncü yeri tutub.
Qeyd edək ki, yarışın birinci günündə yunan-Roma güləşçilərimizdən İslam Abbasov (87 kq) qızıl, Beka Kandelaki (130 kq) gümüş və Taleh Məmmədov (63 kq) isə bürünc medala sahib olublar.