
Müasir dünyada müşahidə edilən siyasi təlatümlər – geosiyasi risklərin artması, enerji və maliyyə bazarlarında qeyri-müəyyənliyin hökm sürdüyü bir şəraitdə ölkələrin makroiqtisadi dayanıqlılığı, ilk növbədə, etibarlı maliyyə ehtiyatlarına və proqnozlaşdırılan siyasətə əsaslanır. Bu mənada, Azərbaycan son illərdə regionda və daha geniş coğrafiyada investisiya üçün cəlbedici, sabit və etibarlı dövlət kimi mövqeyini möhkəmləndirib. Ardıcıl islahatlar, məsuliyyətli fiskal siyasət, aşağı borclanma səviyyəsi və strateji valyita ehtiyatlarının düzgün idarə olunması ölkə iqtisadiyyatını uzunmüddətli inkişaf mərhələsinə çıxarıb.
2026-cı il Azərbaycan iqtisadiyyatı məhz bu möhkəm təməl üzərində yeni perspektivlər vəd edir. Beynəlxalq reytinq agentliklərinin proqnozları ölkəmizin cari ildə iqtisadi inkişafını davam etdirəcəyini deməyə əsas verir. Ölkənin kredit reytinqinin investisiya səviyyəsində qalması maliyyə sabitliyinin əsas göstəricisi kimi qiymətləndirilir. Məsələn, “Moody’s” Agentliyi 2026-cı ildə ölkədə iqtisadi artımın təxminən 2,5 faiz olacağını proqnozlaşdırır. Digər bir nüfuzlu agentliyin – “S&P Global Ratings”in 2026-cı il üçün proqnozunda ölkədə artım tempi təxminən 2 faiz civarında qiymətləndirilir. Agentlik fiskal ehtiyatların kifayət qədər olmasını və dövlət maliyyəsinin çevikliyini müsbət amil kimi vurğulayır.
Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın 2026-cı ildə 2-3 faiz aralığında iqtisadi artım nümayiş etdirəcəyini təxmin edir. Bu qurumlar ticarət balansında profisitin saxlanılmasını, valyuta ehtiyatlarının yüksək səviyyəsini və manatın sabitliyini mühüm makroiqtisadi üstünlüklər kimi qeyd edirlər.
Ümumilikdə, beynəlxalq proqnozlar göstərir ki, Azərbaycan iqtisadiyyatı üçün bu il sürətli deyil, sabit, balanslı və proqnozlaşdırılan inkişaf mərhələsi olacaq. Bu isə ölkəmizin investisiya cəlbediciliyini, maliyyə etibarlılığını və uzunmüddətli iqtisadi dayanıqlığını daha da möhkəmləndirir. Eyni zamanda, yüksək reytinqlər 2026-cı ildə həm dövlət, həm də özəl sektor üçün daha əlverişli şərtlərlə maliyyə resurslarına çıxış imkanı yaradacaq, investisiya axınını stimullaşdıracaq.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi zamanı ölkəmizdəki əlverişli investisiya imkanlarını bir daha diqqətə çəkib: “…Bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün bizim kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb”.
Ölkəmizin investisiya cəlbediciliyinin əsas sütunlarından biri dövlətin götürdüyü öhdəliklərə sadiqliyidir. Ölkədəki ictimai-siyasi sabitlik, hüquqi müqavilələrin toxunulmazlığı, investorların hüquqlarının qorunması illərdir ki, dəyişməz prinsip kimi qalır. Bu yanaşma xüsusilə uzunmüddətli və irihəcmli layihələrə sərmayə yatıran investorlar üçün həlledici əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər bu siyasətin mahiyyətini aydın şəkildə ifadə edir: “Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir”.
Etibarlılıq amili regional və qlobal investorlar üçün riskləri minimuma endirən nadir nümunələrdən birinə çevirib. Enerji sektorunda onilliklərdir ki, davam edən sabit əməkdaşlıq, qeyri-neft sahələrində genişlənən investisiya imkanları, nəqliyyat-logistika layihələri, azad edilmiş ərazilərdə yaradılan yeni iqtisadi zonalar 2026-cı il üçün iqtisadi artımın əsas dayaqlarını formalaşdırır.
Ölkə iqtisadiyyatının güclü tərəflərindən biri də dövlət maliyyəsinin sağlamlaşdırılması, xarici borcun minimum səviyyəyə endirilməsidir. Bir neçə il əvvəl qarşıya qoyulan əsas hədəflərdən biri kimi, xarici borcun ÜDM-də payının minimuma endirilməsinə nail olunub. Hazırda xarici borcun ÜDM-də payı 6,3–6,4 faiz təşkil edir ki, bu da ölkə tarixində ən aşağı göstəricidir. Eyni zamanda, Azərbaycanın valyuta və qızıl ehtiyatları xarici borcu 16-17 dəfə üstələməklə, hazırda 85 milyard dollar civarındadır. Bu göstərici ölkənin istənilən vaxt borc öhdəliklərini rahatlıqla yerinə yetirə biləcəyini nümayiş etdirir və maliyyə təhlükəsizliyini təmin edir.
Dövlət maliyyə ehtiyatlarının səmərəli idarə olunması da ölkədə makroiqtisadi sabitliyin əsas dayaqlarındandır. Qızıl ehtiyatlarının artırılması ilə bağlı qəbul edilmiş səmərəli qərar iqtisadi proseslərin düzgün qiymətləndirildiyini göstərir. Belə ki, qızılın qiymətinin kəskin artması nəticəsində Dövlət Neft Fondu son illərdə 10 milyard ABŞ dollarından artıq gəlir əldə edib.
Ümumilikdə, Azərbaycanın valyuta ehtiyatlarının hazırkı artım tempi, xarici ticarət balansında profisitin qorunub saxlanılması 2026-cı ildə makroiqtisadi sabitlik üçün əlavə imkanlar yaradır. İdxal-ixrac əməliyyatlarında müsbət saldo ölkəyə davamlı valyuta axınını təmin edir, manatın məzənnəsinə təzyiqləri minimuma endirir. Qlobal ticarətdəki qeyri-sabitlik fonunda bu amil Azərbaycan üçün xüsusi strateji əhəmiyyət kəsb edir.
Postmünaqişə dövründə formalaşan yeni regional reallıqlar da iqtisadi inkişafda vacib rol oynayır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri tədricən iqtisadi dövriyyəyə real töhfələr verir.
MTM Analitik Qrup
