YOLUXUCU HEYVAN XƏSTƏLİKLƏRİNDƏN QORUNMAQ MƏQSƏDİLƏ TƏTBİQ OLUNMUŞ BƏZİ MƏHDUDİYYƏTLƏR ARADAN QALDIRILIB

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Amerika Birləşmiş Ştatlarının Tennessi ştatının Deyvidson dairəsində süngərvari ensefalopatiya, Niger Respublikasının Niamey inzibati ərazi vahidində, Rusiya Federasiyasının Saxalin vilayətində, Amerika Birləşmiş Ştatlarının Montana, Corciya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Həmin ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən həmin xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.