YOL POLİSİ AVROPA ÇEMPİONATI İLƏ BAĞLI VƏTƏNDAŞLARA MÜRACİƏT EDİB

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Avropa çempionatı ilə əlaqədar vətəndaşlara müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Bakı Olimpiya Stadionu istiqamətinə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir:

“Paytaxt sakinlərinin, əhalinin, avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırırıq ki, keçiriləcək AVRO-2020 ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı Olimpiya Stadionu istiqamətində şəxsi avtomobillərdən istifadənin mümkünsüzlüyünü nəzərə alıb, bu istiqamətə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir. Belə ki, azarkeşlərin Bakı Olimpiya Stadionu istiqamətində hərəkəti müxtəlif ərazilərdən ayrılmış ictimai nəqliyyat vasitəsi ilə təşkil edilməsi nəzərdə tutulub.

Eyni zamanda metronun “Koroğlu” stansiyasından azarkeşlər sərbəst piyada hərəkət edə bilər. Səməd Vurğun parkı yanından, metronun “Qara Qarayev” stansiyası ətrafından ayrılmış xüsusi avtobuslarla hərəkət təşkil ediləcək”.

V.Əsədov deyib ki, artıq polis gücləndirilmiş iş saatı ilə hərəkət edir:

“Bakı Olimpiya Stadionu və onun ətrafı əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Bir da əhalini daha diqqətli olmağa çağırırıq. İnformasiya təhlükəsizliyinə diqqət yetirmələrini tövsiyə edirik”.