NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq bildirib ki, Alyans Asiya-Sakit Okean regionu ölkələri, o cümlədən Avstraliya, Yeni Zelandiya, Koreya Respublikası və Yaponiya ilə əməkdaşlığı gücləndirməyə davam edəcək. Söhbət silahlara nəzarət, texnologiyanın inkişafı və kiberhücumlara qarşı mübarizə kimi sahələrdə əlaqələrin inkişafından gedir.
Yens Stoltenberq Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində Alyansın Çinlə münasibətlərindən də bəhs edib. O əmin edib ki, NATO bu ölkəni düşmən hesab etmir, baxmayaraq ki, Pekin müttəfiq ölkələrin dəyərlərinə, maraqlarına və təhlükəsizliyinə meydan oxuyur.
NATO hazırda nüvə doktrinasına yenidən baxmağa ehtiyac görmür. Stoltenberqin sözlərinə görə, hazırda Alyans üçün ciddi təhlükə yoxdur. Buna görə də NATO nüvə strategiyasına yenidən baxmaq niyyətində deyil.
Stoltenberq bildirib ki, nüvə silahlanmasının qarşısının alınması üçün istifadə edilən Birləşmiş Ştatların F-16 qırıcılarının F-35-lər ilə əvəzlənməsi prosesi də davam edəcək.
O, NATO-ABŞ münasibətlərindən danışarkən qeyd edib ki, ABŞ Ukraynaya güclü ikitərəfli dəstək verir. “Kimin prezident seçilməsindən asılı olmayaraq, Birləşmiş Ştatlar NATO-nun güclü müttəfiqi olaraq qalacaq”, -deyə Stoltenberq vurğulayıb.
Xatırladaq ki, iyunun 26-da Yens Stoltenberq öz xələfi, Hollandiyanın Baş naziri Mark Rutteni güclü lider və “əsl transatlantik siyasətçisi” kimi xarakterizə etmişdi. İyul ayında keçiriləcək NATO sammitində Alyansın müdafiə sahəsində gələcəyə yönəlmiş mühüm qərarları qəbul ediləcək.