
Yeni Zelandiyada fəaliyyət göstərən “Azəri” Yeni-Zelandiya-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, cəmiyyətin adından Yeni Zelandiya parlamentinin üzvlərinə və media mənsublarına ünvanlanan bəyanatda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun hansı şəraitdə Ermənistana əsir düşməsinə aydınlıq gətirilib, onlara qarşı qeyri-insani rəftara diqqət cəlb edilib.
Ermənistanın mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd olunub.
Yeni Zelandiya ictimaiyyətindən və müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılması, lazımi hüquqi qiymət verilməsi, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.
