YENİ MODUL TİPLİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN QURAŞDIRILMASI ÜÇÜN 5 MİLYON MANAT AYRILIB – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə qərara alınır:

– Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılsın.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

– Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.