
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi azad edilmiş ərazilərdə növbəti qlobal infrastruktur layihəsinin reallaşması ilə yanaşı, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji həmrəyliyin əyani nümunəsi kimi tarixiləşib. Bu əlamətdar hadisə ilk növbədə, azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa siyasətinə müttəfiq dövlətlərin siyasi, mənəvi dəstəyinin təzahürüdür.
Dağlıq və mürəkkəb relyef şəraitində, qısa müddətdə belə bir hava limanının inşası ölkəmizin infrastruktur sahəsindəki daha bir nailiyyətini ortaya qoyur, gələcək regional layihələrdə daha böyük rol oynamasına zəmin yaradır. Adı çəkilən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Coğrafi mövqeyi, əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.
Bu əlamətdar hadisə təsdiq edir ki, ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan postmünaqişə dövründə regionun dayanıqlı inkişafı üçün çoxşaxəli infrastruktur layihələri icra edir. Füzuli və Zəngilandan sonra Laçın Beynəlxalq Hava Limanının da istifadəyə verilməsi regionda nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından mühüm dividendlər vəd edir. Bu hava limanları Qarabağ və Şərqi Zəngəzur bölgəsinə rahat və sürətli giriş imkanı yaradır, dövlətin və özəl sektorun sərmayə yatırımlarını təşviq edir.
Hava limanının coğrafi yerləşməsi də xüsusi qeyd olunmalıdır. Ermənistanla sərhədə yaxın məsafədə yerləşən hava limanı regionda hərbi-siyasi balansın saxlanılmasında mühüm rol oynayacaq. Müasir tələblərə cavab verən hava nəqliyyatı infrastrukturunun mövcudluğu potensial risk və təhdidlərin zərərsizləşdirilməsi baxımından ölkəmizə əlavə imkanlar yaradır. Bu mənada, Laçın hava limanı həm sülh dövründə, həm də fövqəladə hallarda milli təhlükəsizlik maraqlarının təminatına xidmət edəcək.
Laçın Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması ölkəmizin beynəlxalq səviyyədə nəqliyyat-logistika qovşağına çevrilmək imkanlarını genişləndirir. Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi və digər qlobal tranzit marşrutları fonunda yeni aeroport ölkəmizin multimodal daşımalar sahəsindəki imkanlarını artırır. Bölgədəki hava limanlarının yalnız sərnişin daşımaları üçün deyil, eyni zamanda, yük daşımaları üçün də istifadəsi ticarət əlaqələrinin inkişafı baxımından da əlavə imkanlar yaradır.
Şübhəsiz, regionda nəqliyyat əlçatanlığı olmasa, sosial xidmətlərin, iqtisadi fəaliyyətin və dövlət idarəçiliyinin səmərəli təşkilindən danışmaq çətindir. Hava nəqliyyatı infrastrukturu Qarabağ və Şərqi Zəngəzur bölgəsinin sosial-iqtisadi inkişafı üçün də vacib əhəmiyyət kəsb edir. Hökumətin sürətlə reallaşdırdığı “Böyük Qayıdış” proqramının əsas hədəflərindən biri bu ərazilərdə dayanıqlı məskunlaşmanın, məşğulluğun təmini və iqtisadi fəaliyyətin canlandırılmasıdır. Bu məqsədlə yol, elektrik və su təchizatı xətləri çəkilir, hava nəqliyyatı obyektləri qurulur. Laçın Beynəlxalq Hava Limanı əhalinin bölgəyə qaytarılması, orada yaşayış üçün əlverişli mühitin formalaşdırılması işində həlledici rol oynayacaq.
Laçın hava limanının istifadəyə verilməsi Azərbaycan dövlətinin azad olunmuş ərazilərdə öz suverenliyini və dövlətçiliyini tam şəkildə bərpa etməsinin mühüm mesajlarından biridir. Eyni zamanda, bölgədə müasir hava limanlarınını inşası Azərbaycanın strateji müttəfiqi Türkiyənin də maraqlarına tamamilə cavab verir. Qarabağın bərpasında iştirak edən qardaş ölkə şirkətləri bu hava limanları vasitəsilə yeni və sürətli nəqliyyat-logistika imkanları əldə edirlər. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqənin hələlik mövcud olmadığı şəraitdə bölgədəki hava limanlarının əhəmiyyəti daha qabarıq görünür. Türkiyə və digər türk dövlətlərlər, eləcə də Pakistanla əlaqələrin intensivləşməsi kontekstində hava nəqliyyatına tələbatın yaxın illərdə yüksələcəyi şübhəsizdir. Müasir hava limanları ölkələrimiz arasında iqtisadi və logistik əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verə bilər.
Bu vacib nəqliyyat layihəsinin yekunlaşması bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradlr. Qarabağ və Şərqi Zəngəzur bölgəsi zəngin təbii ehtiyatlara, tarixi-mədəni abidələrə, füsunkar təbiətə malikdir. Bu ərazilərin turizm dövriyyəsinə daxil edilməsi üçün müvafiq nəqliyyat infrastrukturunun mövcudluğu vacib şərtlərdəndir. Hava limanı turistlərin bölgəyə asan və təhlükəsiz səfər etmələrinə, yerli əhali üçün məşğulluq imkanlarının artmasına, sosial-iqtisadi dinamizmə imkan yaradacaq.
Bir sözlə, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi sadəcə hansısa bir nəqliyyat obyektinin açılışı deyil, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin möhkəmləndirməsi, regionun inkişafı və gələcək strateji planlarının reallaşdırılması baxımından əhəmiyyətli addımdır. Bu hava limanı regional inteqrasiya və beynəlxalq əməkdaşlığa yeni üfüqlər açmaqla yanaşı, Azərbaycanı Cənubi Qafqazın əsas tranzit qovşağına çevirir.
MTM Analitik Qrup