YENİ DÜNYA NİZAMI BMT-DƏ İSLAHATLARI ZƏRURİ EDİR

Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatlar mövzusu son onilliklərdə beynəlxalq gündəmin davamlı və ən çox müzakirə edilən məsələlərindən birinə çevrilib. 1945-ci ildə yaradılan və İkinci Dünya Müharibəsindən sonrakı siyasi reallıqlara uyğunlaşdırılan təşkilatın yeni yüzillikdə tamamilə fərqli geosiyasi, iqtisadi və texnoloji mühitdə fəaliyyət göstərməsi onun effektivliyi ilə bağlı haqlı suallar doğurur.

Müasir dövrdə regional münaqişələrin artması, böyük güclər arasında rəqabətin dərinləşməsi, beynəlxalq hüququn selektiv tətbiqi və çoxtərəfliliyin zəifləməsi fonunda BMT-nin qərar qəbuletmə mexanizmlərinin çevik olmaması təşkilata inamı azaldan amillərdən biri kimi qiymətləndirilir. Bu səbəbdən təşkilatda islahatların aparılması təşəbbüsləri yalnız siyasi-diplomatik müzakirə mövzusu olmayıb, qlobal idarəetmənin gələcəyi ilə birbaşa bağlı mühüm məsələdir.

Bu günlərdə BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində təşkil edilən “Sülh naminə liderlik” mövzusunda açıq debatlar bu istiqamətdə müzakirələri yenidən aktuallaşdırıb. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev çıxışı zamanı ölkəmizin mövqeyini ifadə edərək vurğulayıb ki, təşkilatın nizamnaməsinin və beynəlxalq hüququn yanlış şərhlərinin qarşısının alınması üçün daha çox səylər göstərilməli, beynəlxalq öhdəliklər onların qəbul edildiyi mahiyyət və məzmunda icra olunmalıdır. Diplomat dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, eləcə də daxili işlərə qarışmama prinsipinin beynəlxalq sülhün, təhlükəsizliyin qorunması, eyni zamanda, inkişafın təşviqi üçün əsas şərtlərdən olduğunu vurğulayıb. Azərbaycan təmsilçisi onu da bildirib ki, bütün dövlətlər, xüsusilə inkişaf etməkdə olan ölkələr qlobal qərarların qəbulunda bərabər şəkildə iştirak imkanına malik olmalıdır. Təhlükəsizlik Şurasının daha təmsilçi və səmərəli fəaliyyəti olması üçün rəsmi Bakının təşkilatda islahatları dəstəklədiyi bir daha qeyd edilib.

Xatırlatmaq yerinə düşər ki, hələ 2003-cü ildə Baş nazir qismində BMT Baş Assambleyasının sessiyasında çıxış edən cənab İlham Əliyev yeni beynəlxalq münasibətlər sistemi fonunda BMT-də islahatlara ehtiyacın yarandığını ön plana çəkib. Prezident İlham Əliyev sonrakı illərdə də BMT-nin qərar qəbuletmə mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Dövlət başçısı onu da bəyan edir ki, Qoşulmama Hərəkatının BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvlüyünə imkan yaradılmalıdır.

Müasir beynəlxalq münasibətlərdəki gərginlik, münaqişələrin həll olunmaması bu çağırışların nə qədər haqlı olduğunu göstərir. Rusiya-Ukrayna müharibəsinə, Yaxın Şərqdəki gərginliklərə müdaxilə edə bilməyən BMT-nin aciz duruma düşməsi, təşkilatın münaqişələrin qarşısının alınmasında və ya həllində real mexanizmlər işlədə bilməməsi üzv dövlətlərdə haqlı narazılıqlar doğurur. Müzakirələr kontekstində ən çox narahatlıq ifadə edilən məsələlərdən biri Təhlükəsizlik Şurasının strukturu və veto mexanizmidir. Hazırkı beş daimi üzvün – ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyanın veto hüququnun saxlanılması müasir beynəlxalq güc balansını əks etdirmədiyi üçün geniş tənqid olunur. Bu isə beynəlxalq təhlükəsizlik arxitekturasının getdikcə daha həssas hala gəlməsinə, dövlətlərin milli maraqlarını təmin etmək üçün alternativ platformalara üz tutmasına səbəb olur.

BMT-nin hazırkı Baş katibi Antonio Quterreş özü də dəfələrlə bəyan edib ki, qurumun Təhlükəsizlik Şurası “1945-ci ilin deyil, müasir dünyasını təmsil etməli, onun idarəçiliyi daha inklüziv, regional balansı əks etdirən mexanizmə salınmalıdır. Quterreş xüsusilə Afrikanın, Latın Amerikasının və İslam dünyasının Təhlükəsizlik Şurasında daimi təmsilçiliyinin olmamasını legitimlik probleminin əsas mənbələrindən biri kimi qeyd edib.

Bu mövqeni açıq şəkildə ifadə edən liderlərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. “Dünya beşdən böyükdür” – fikrinin müəllifi olan Türkiyə Prezidenti müxtəlif beynəlxalq platformalarda, o cümlədən BMT Baş Assambleyasının tribunasından çıxış edərək, veto hüququnun az sayda dövlətin əlində cəmlənməsinin ədalətsiz qərarların qəbuluna, humanitar fəlakətlərə gətirib çıxardığını vurğulayıb. Onun fikrincə, Suriyadan Qəzzaya, Ukraynadan Afrikanın müxtəlif bölgələrinə qədər uzanan böhranlarda BMT-nin aciz qalmasının əsas səbəbi məhz Təhlükəsizlik Şurasındakı struktur böhranıdır.

BMT-də mümkün islahatlar yalnız Təhlükəsizlik Şurasında veto hüququ ilə məhdudlaşmır. Baş Assambleyanın rolunun gücləndirilməsi, qərarlarının tövsiyə xarakterindən çıxarılaraq, daha təsirli mexanizmlərlə təmin olunması əsas müzakirə mövzularındandır. Digər mühüm istiqamət isə BMT-nin sülhməramlı əməliyyatlarının effektivliyinin artırılmasıdır. Hazırda Afrika və Latın Amerikası ölkələrinin, Hindistan, Pakistan, Braziliya, Türkiyə kimi qlobal miqyasda artan gücə malik dövlətlərin Təhlükəsizlik Şurasında daimi yer alması da son illərin ən çox müzakirə olunan məsələləri sırasındadır.

Ümumilikdə, BMT-də islahatlar mövzusu təkcə təşkilati-institusional dəyişiklik deyil, həm də qlobal güc bölgüsünün yenidən tanınması problemidir. Müxtəlif liderlərin mövqeləri göstərir ki, islahatlara ehtiyacın olduğu barədə ümumən konsensus mövcuddur. Lakin bu islahatların necə və hansı çərçivədə aparılması məsələsində ciddi fikir ayrılıqları var. Bu ziddiyyətlər aradan qaldırılmadıqca, BMT-nin effektivliyi və beynəlxalq proseslərdə aparıcı rolu sual altında, islahat mövzusu isə müzakirə çərçivəsində qalacaq.

MTM Analitik Qrup