Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib.
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
Dövlət Himni səsləndi.
Prezident İlham Əliyev: Hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri, ilk növbədə, xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.
Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sonra dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda giriş nitqi söylədi.Prezident İlham Əliyevin girişnitqi
-Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik.
Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq.
Ötən son 3 il ərzində prezident və parlament seçkiləri keçirilmişdir. Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri vardır. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu vardır.
Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra olunur və biz ardıcıllıqla öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq.
Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.
Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi – ərazi bütövlüyümüzün bərpasını təmin etdik.
Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.
Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına məruz qalırdı, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər.
Eyni zamanda, müstəqilliklə bağlı Ulu Öndərin birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi. O vaxt Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzə-təzə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Belə olan vəziyyətdə hansı vətənpərvər insan müstəqilliyin əleyhinə səs verə bilər? Yəni, tam saxtalaşdırılmışdır. Ancaq Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi. Eyni zamanda, o vaxt Bakıda sovet Azərbaycanının bayrağı altında oturan rəhbərlik sanki o keçmişdən elə ikiəlli yapışmışdı ki, onu buraxmaq istəmirdi. Ancaq Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi bayraq kimi təsis edildi və Sovet İttifaqının dağılmasına hələ çox vaxt var idi.
Yəni, bütün bu faktorlar, bütün bu amillər Heydər Əliyevin xalq qarşısında olan hörmətini daha da artırmışdır.
Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. O günləri, o ayları təsəvvür etmək üçün, bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Faktiki olaraq onun əksidir, ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bax, bu idi o vaxt gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?! Bizim torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi. Kim bu vəziyyəti dəyişdirəcəkdi? O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla, elə bil ki, əkiz qardaşdırlar. Təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax, bunlar idi o vaxt Azərbaycanı idarə edənlər.
Belə insanlara xalq tərəfindən inam ola bilərdimi? Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdür, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. Bütün vəzifələrə rüşvət müqabilində insanlar təyin edilirdi, təsadüfi insanlar, küçədən keçənlər. Baxın, indi mən bunu dəfələrlə demişəm, kim idarə edirdi Azərbaycanı, hansı əxlaq, hansı bilik sahibləri.
Eynən 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş adamlar kimi, onlar da ölkəni dağıdırdılar və nəticə etibarilə bizi gətirib uçurum kənarına qoydular. Azərbaycan xalqı buna dözə bilərdimi? Əlbəttə ki, yox. Məhz bu idi Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti.
O vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət ediblər. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt qanun yox idi. Kim nə istəyirdi, onu edirdi. Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər öldürürdülər, şikəst edirdilər, həbs edirdilər. Bax, bu idi o vaxt mövcud olan mənzərə. Senzuranı tətbiq etmişdir, guya ki, demokratik Xalq Cəbhəsi. Senzura o vaxt onlar tərəfindən tətbiq edilmişdir. O vaxt onlara qarşı bir söz deyəni tutub əzirdilər, döyürdülər, öldürürdülər. Nə üçün bəs Yeni Azərbaycan Partiyasının təsis qurultayı Naxçıvanda keçirildi? Bakıda imkan vermədilər. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi.
Mən bu gün bir daha o vaxt bu milli maraqları hər şeydən üstün tutan “91-lər”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.
Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.
Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər. Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər? Ondan əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?
Əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.
Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz onun göstərişi ilə onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlamışdır. Böyük investisiyalar cəlb edildi ölkəmizə. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.
Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür. Çünki bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.
Deyə bilərəm ki, 2003-2020-ci illər, əgər indi tarixə bu prizmadan yanaşsaq, bir hazırlıq dövrü idi. Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Nə qədər mənə qarşı təzyiqlər oldu buna görə. Nə qədər məni ittiham etdilər böyük ölkələrin nümayəndələri ki, İlham Əliyev sülh istəmir, müharibə istəyir, kimisə hədələyir. Müharibə mümkün deyil. Nə qədər siz də eşitmişiniz, Azərbaycan xalqı da eşidib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Ta adam qalmamışdı bunu deməsin. Mən buna razılıq verdimmi? Xeyr. Nə qədər məni, necə deyərlər, inandırmağa çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Mən buna razılıq verməmişdim. Ondan sonra məni ittiham etməyə başlamışdılar ki, əgər Prezident buna razılıq vermirsə, deməli müharibəyə hazırlaşır. Deyirdim, bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Demişdim ki, əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Açıq demişdim, bunu mən gizlətmirdim. Bu hazırlıq dövrü idi. İlk növbədə, biz mənəvi cəhətdən hazır olmalı idik. Bütün başqa amillərlə bərabər, bax, bu amil həlledici rol oynamışdır. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Erməni rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxları hesab edirdilər onlar haqlıdır ki, bizim torpaqlarımızı zəbt edirlər. Mən demişdim, onları müalicə etdirmək lazımdır. Onlar xəstələniblər, koronavirusdan da betər bir virus hopub bunların canına. O millətçi və irqçi, azərbaycanafob, islamofob erməni siyasətçiləri, bax, buna gətirib çıxardılar. Təkcə ona görə yox ki, biz haqlı idik. Biz mənəvi üstünlüyü ona görə əldə etdik ki, bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması.
Mən demək olar ki, bütün çıxışlarımda, beynəlxalq müstəvidə bütün tədbirlərdə bu məsələni dilə gətirirdim, münaqişəni dilə gətirirdim. Bilirdim ki, gənc nəslin tərbiyə edilməsində bu amil həlledici olacaq. Amma baxın, görün, bizi nəyə sürükləyirdilər bəzi qeyri-hökumət təşkilatları, bəzi guya sülhsevər dairələr ki, gəlin, bax, indi vətəndaş cəmiyyətinin nümayəndələri, digər nümayəndələr bir-biri ilə görüşsünlər, əməkdaşlıq olsun, Ermənistanla Azərbaycan əməkdaşlıq etsin. Mən bu sözləri ən böyük kürsülərdən, bir çox ikitərəfli görüşlərdə çox eşitmişdim ki, siz əməkdaşlıq etməlisiniz, əməkdaşlıq etsəniz, siz Qarabağda yaşayanları inandıra bilsəniz, Ermənistan əgər görsə ki, Azərbaycan xoşniyyət göstərir, onda məsələ həll olunacaq. Başımızı aldatmaq istəyirdilər.
Mən isə deyirdim ki, əməkdaşlıq ancaq o təqdirdə ola bilər ki, düşmən torpaqlarımızdan çıxsın. Bax, yenə də sözümə sadiqəm. İndi düşmən özü çıxmayıb, biz onu rədd eləmişik, qovmuşuq, eyni zamanda, əməkdaşlığa hazırıq. Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Amma o vaxt Ermənistanla əməkdaşlıq etmək bizim işimizə gələrdimi? Əlbəttə ki, yox. Nə qədər deyirdilər ki, qoy, vətəndaş cəmiyyətinin nümayəndələri gəlsinlər, görüşsünlər. Bir müddət belə görüşlər var idi. Amma biz gördük ki, burada əsas mahiyyət kənarda qalır. Sanki müharibə olmayıb. Xocalı soyqırımı olmayıb. Bizim qaçqınlarımız, köçkünlərimiz sanki öz torpaqlarından ermənilər tərəfindən qovulmayıb. Binalarımız, məscidlərimiz dağıdılmayıb. Biz bunu necə unuda bilərik? Nə qədər çalışdılar bizi inandırsınlar ki, neft kəmərlərimiz Ermənistan ərazisindən keçsin. Mən buna rədd cavabı verəndə ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maliyyələşməsini bir il yubatdılar. O vaxt biz kreditlərə möhtac idik. Aparıcı beynəlxalq maliyyə qurumları bir il kredit vermədilər ki, bizi məcbur etsinlər buna. Dedim ki, vermirlər, necə deyərlər, cəhənnəmə verməsinlər, özümüz vəsait taparıq.
Bax, bu reallığı biz yaratmışıq və yenə də deyirəm, mənəvi hazırlıq həlledici rol oynamışdır. Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Ondan sonra hansı hazırlıq işləri aparılmalı idi? Əlbəttə, iqtisadi hazırlıq. İqtisadi hazırlıq olmadan heç nəyi etmək mümkün deyil. Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi. Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik. Ona görə iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik – istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından. Yəni, biz istənilən meyar üzrə qabaqcıl yerlərdəyik və bu sahədə şəffaflığı təmin etdik. Mənə dünən məlumat verildi ki, çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan artıq suveren fondlarının təhlili aparılıb və Azərbaycan Dövlət Neft Fondu bütün parametrlər, bütün meyarlar üzrə beşinci yerdədir. Mən demişəm bu siyahı dərc edilsin, hər kəs görsün ki, hansı ölkələrin suveren neft fondları, yaxud da ki, ehtiyat fondları orada göstərilir. Görün, biz kimləri qabaqlamışıq? Davos İqtisadi Forumunun hesabatına baxın, biz iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq. Kimsə bizə kömək edib? Yox. Bunu borca girib etmişik? Yox. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir. Bir də ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5-6 dəfə çoxdur. Biz istəsək sabah, birisi gün, bir aydan sonra bütün xarici borcumuzu ödəyə bilərik. Yəni, bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq, əraziləri işğal olunmuş ölkə kimi qazanmışıq, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanmışıq. Bu, Vətən müharibəsi üçün iqtisadi sahədə, siyasi sahədə, daxili sabitlik sahəsində hazırlıq idi.
Baxın, indi Azərbaycana xaricdən nə qədər investisiyalar qoyulur. Bunun əsas amili daxili sabitlikdir. “Doing Business” proqramında, biz yaxşı yerlərdəyik. İndi bizim yerimizi də artırıblar və qabaqcıl ölkələr sırasındayıq. Ermənistana bir manat qoyan var? Yox. Adam gərək dəli olsun oraya pul qoysun. Heç xaricdə yaşayan ermənilər də pul qoymurlar. Nə üçün? Çünki hərc-mərclik var, aləm qarışıb, sabitlik yoxdur, lider yoxdur, etibar edə biləcəyi bir şəxs yoxdur ki, investor gəlsin desin, bəli, mən inanıram bu dövlətə, bu dövlət başçısına, mən vəsait qoyuram. Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpaolunan enerji növlərinə gətirmişik. Artıq bir müqavilə bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Onlar özləri bunu təklif etmişdilər. Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 440 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək. Azərbaycanlılar həm inşaat dövründə orada işləyəcək, həm də istismar dövründə və bizə nə qədər xeyir gətirəcək. Azad edilmiş torpaqlara indi nə qədər təkliflər var? Biz indi onları cəmləşdiririk. Biz gərək onların arasından ən yaxşılarını seçək. İndi vəziyyət elə deyil ki, biz gedib kiminsə qapısını döyək, yaxud da hansısa bankdan kredit istəyək. Mən, ümumiyyətlə, hökumətə xarici kreditləri götürməyi qadağan etmişəm. Biz ancaq yüksək texnoloji layihələrə kredit götürməliyik ki, oraya texnologiyalar gətiririk. Yoxsa yol çəkirik, asfalt bizim, bitum bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik? Yaxud da ki, buna oxşar layihələr. Bu proses davam etdirilir.
Ona görə daxili sabitlik əsas amildir. Azərbaycanda bu, var. Amma baxın görün, bizim bölgəmizdə bir çox yerlərdə bu varmı? Xeyr. Baxın görün, hansı proseslər gedir, hansı ixtilaflar cərəyan edir. Xaricdən gələnlər gəlirlər bəzilərini barışdırmağa. Bəs onda ölkədaxili proseslər nəyə lazımdır, əgər kimsə xaricdən gəlir kimisə barışdırmağa? Yaxud da ki, baxın Ermənistana, indi xaricdən yardım olmasa, birdəfəlik batacaq, birdəfəlik! Heç ümid yeri də yoxdur. İnkişaf üçün heç bir əsas yoxdur. Daxili sabitlik üçün heç bir əsas yoxdur. Bunlar heç dövlət çevrilişi də edə bilmirlər. Gah bunu ediblər, gah etməyiblər, heç özləri də bilmirlər. İndi ordu hakimiyyətə tabe olmur. Prezident deyir ki, mən siyasətlə məşğul olmuram, məni bu işlərə qatmayın, qoyun sakit oturum. Belə də biabırçılıq olar? Baş nazir, mən onun haqqında daha bir şey demək istəmirəm. Ona görə başqa yerlərə də baxın, mən postsovet məkanını deyirəm, başqa yerlərə. Ona görə daxili sabitlik olmalı idi. Nəyin hesabına? Siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Zor gücü hesabına yox. Buna da biz nail olduq. Eyni zamanda, bu sahədə sosial təminat, sosial ədalət məsələləri önəmli rol oynamışdır.
Biz hazırlıq dövründə, əlbəttə ki, beynəlxalq vəziyyəti də öz xeyrimizə çevirməli idik. Çünki 1990-cı illərdə bilmirəm nədənsə, yəqin ki, bu da 1990-cı illərin əvvəlindən Xalq Cəbhəsi-Müsavat dövründən gələn bir fəsaddır, çünki onlar bir il ərzində demək olar ki, bütün ölkələrlə münasibətləri yerə vurdular. Bəzi ölkələrə qarşı iddialar irəli sürdülər, bizi bəzi qonşularımızla düşmən etdilər. Onlar idi günahkar, bunu biz açıq bilirik, onlar idi günahkar. Özlərini necə deyərlər, əlaltı kimi aparmaqla hesab edirdilər ki, özləri üçün bir sığınacaq yeri tapa bilərlər. Ona görə biz bu yaranmış stereotipləri dağıtmalı idik. Nə üçün hesab olunmalıdır ki, hansısa ölkə Ermənistanla yaxın münasibətlərdədir, Azərbaycanla yox. Nə üçün? Dedim ki, baxaq görək nədir bunun əsasında, bir fundamental məsələ var, bir fundamental ixtilaf var? Yoxdur. Sadəcə olaraq, ambisiyalar, səriştəsizlik, ağılsızlıq və xaricdən idarə olunma. O siqnalları xaricdən alırdılar ki, bu ölkə ilə yaxınlaşma, bu ölkə ilə yaxınlaşmaq olmaz, bu ölkədən uzaq dur. Beləliklə, yaşadığımız bölgədə Xalq Cəbhəsi-Müsavat cütlüyü bizi təcrid etdi. Biz təcrid edilmiş vəziyyətdə idik, Ermənistan yox. Amma biz nəyə gətirib çıxartdıq? İndi Ermənistan təcrid edilmiş vəziyyətdədir, biz isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurduq və bu da bir hazırlıq idi. Mən bunu açıq demək istəyirəm, əgər bu sahədə hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi. Ermənistan isə özünü təcrid etdi. Yəni, biz onları regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdik, onların iqtisadiyyatını çökdürdük və bunu qürur hissi ilə deyə bilərik, bunu hər bir müstəqil iqtisadi ekspert deyə bilər ki, bunun əsas amili bizik, Ermənistanı qeyri-müəyyən, qeyri-sabit və gələcəyi olmayan ölkə kimi təqdim etdik. İqtisadi çətinliklər artdıqca, oradan köç daha da geniş vüsət almışdır. Demoqrafik problemlər yarandı və bu, özlüyündə iqtisadi bazarın daralmasına gətirib çıxardı. İqtisadi bazar dar olanda heç kim investisiya qoymayacaq. Orada nəyə investisiya qoyacaq, əgər orada adam yoxdursa, pul yoxdursa? Sən bu investisiyanın gərək sonra pulunu çıxarasan, gərək bazar olsun investisiyaların pulunu çıxarmaq üçün. Bizdə isə əksinə. İnvestisiyalar böyük axınla gəlirdi, əhali artırdı, 10 milyona çatmışıq və baxın, sovet dövründə bizim əhalimiz 7 milyon idi, Ermənistan əhalisi 3,5 milyon. İndi Ermənistan əhalisi 1,8, bizim əhalimiz isə 10 milyondur.
Beynəlxalq məsələlərə gəldikdə, bir daha demək istəyirəm ki, biz köklü surətdə bölgəmizdə vəziyyəti dəyişdirə bildik. Mən xarici siyasətlə bağlı çıxışlarımda demişdim ki, prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Mən indi heç kimin haqqında danışmaq istəmirəm, amma bunu deməliyəm. “Şərq tərəfdaşlığı” ölkələrindən hansı bir ölkə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Yox. Onlar assosiasiya sazişi imzalayıblar, o sazişə də mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır, bilirsiniz, təlimat kitabçası. O ölkələrə təlimat verilir, bunu belə etməlisən, bunu elə etməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək. Ona görə biz bu sahədə də uğurlar əldə etdik. Ona görə bizim digər ölkələrlə xarici siyasətimiz çoxşaxəlidir.
Beynəlxalq təşkilatlarda nə qədər fəal iş apardıq. Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir. Yox, elə deyil. Biz İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirməli idik. 2005-ci ilə qədər bizim üçün əsas hüquqi baza ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri idi. Əlbəttə ki, bunlar çox önəmli qətnamələrdir, amma onlar icra edilmirdi, biz onları icra etdik. Amma 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra apardığımız iş nəticəsində bizi qane edən qətnamə qəbul etdi. Əlbəttə, Avropa Şurası Parlament Assambleyası Qarabağ məsələsini həll edən qurum deyil, ancaq onun qətnaməsi hüquqi baza idi. O biri təşkilatlar da buna baxıb, artıq gördülər ki, bəli, orada əgər bu, qəbul olunubsa, deməli, başqa yerlərdə də qəbul oluna bilər. BMT Baş Assambleyası buna oxşar qərar, qətnamələr qəbul etmişdir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri. Bu, hüquqi bazadır. Bunun nəticəsində biz Avropa İttifaqı ilə bir neçə il bundan əvvəl imzaladığımız “Tərəfdaşlıq prioritetləri” sənədinə, yəni, paraflanmış sənədə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına hörmət prinsipi əks etdirən müddəa saldıra bilmişik. Mən Avropa Komissiyası ilə 2004-cü ildən bu məsələni daim müzakirə edirəm. Ona deyirəm ki, necə ola bilər, siz Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü dəstəkləyirsiniz, bunu ikitərəfli sənədlərdə, hansısa bəyanatlarda əks etdirirsiniz, bizə gəldikdə deyirsiniz ki, sülh yolu ilə həll olunsun. Bu, ədalətsizlikdir. Bu, nə qədər davam edə bilər? Mən Avropa Komissiyasının prezidentlərinin bir neçəsi ilə işləmişəm və hər dəfə bunu demişəm və nəhayət buna nail olduq. Bu, nədir? Bu, hüquqi bazadır. Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır? Biz öz torpağımızdayıq. Mən bəyanatlar vermişdim ki, bizim Ermənistan ərazisi ilə işimiz yoxdur, Ermənistan sərhədini biz keçməyəcəyik və keçmədik. Ona görə bax, bu hüquqi baza lazım idi. Ondan sonra Qoşulmama Hərəkatına üzv olduq. Bəzi dırnaqarası siyasətçilər ağızlarını büzdülər ki, nahaq. Qoşulmama Hərəkatı üzvlərinin sayına görə ikinci təsisatdır. Bizə qarşı müharibə dövründə BMT Təhlükəsizlik Şurasında çirkin kampaniya aparılan zaman qətnamə hazırlanırdı. Kim onu pozdu? Qoşulmama Hərəkatına üzv ölkələr, onlar bizi müdafiə etdilər. Bizim bu təşkilata rəhbərlik etməyimiz formal rəhbərlik deyil. Biz bu təşkilat üzvlərini müdafiə edirik, biz onlara kömək göstəririk, biz COVID-lə bağlı onlara yardım etmişik, biz heç kimdən çəkinmədən onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər. Beləliklə, bu qətnamə qəbul edilmədi. O, qəbul edilsəydi də, bizi dayandırmazdı. Heç nə və heç kim bizi dayandıra bilməzdi. Mən demişdim, ancaq Ermənistan baş naziri özü gərək bizə erməni qoşunlarının çıxarılmasının tarixini versin, ondan sonra biz dayanırıq. Amma bizə başağrısı gətirə bilərdi. Ona görə biz indi orada da etibarlı tərəfdaş kimi fəaliyyət göstəririk. BMT-nin xüsusi sessiyasını biz çağırdıq. Buna da müqavimət var idi və mən bu barədə indi deyə bilərəm, qoy, insanlar da bilsinlər. Biz COVID-lə bağlı Qoşulmama Hərəkatının Zirvə görüşünü, Türk Şurasının Zirvə görüşünü keçirdik və BMT-nin xüsusi sessiyasının keçirilməsi haqqında müraciət etdik. Amma bir neçə ay razılaşmalar gedirdi, dəqiqləşmələr gedirdi. Nəhayət keçən ilin dekabrında bunu da keçirdik. Bu da beynəlxalq müstəvidə hazırlıq idi.
Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir. Bu haqda çox danışmaq istəməzdim. Bir daha demək istəyirəm ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.
İndi biz yeni dövrə qədəm qoyuruq. Bu dövrlə bağlı mən bundan sonra da öz fikirlərimi bildirəcəyəm. Çünki konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Hər şeyi açıq-aydın görürük. Amma, əlbəttə ki, həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı məsələlər bizim planlarımıza müxtəlif korrektələr edəcək. Bu da təbiidir. Ancaq konseptual nöqteyi-nəzərdən gələcəklə bağlı bəzi fikirlərimi bölüşmək istərdim.
Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, – əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Bunu mən tam əminliklə deyə bilərəm və heç bir kənar müdaxilə olmadan. Çünki mənim yadımdadır, 1990-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bizim üçün təşkil etsinlər. Bu, bizim üçün təhqir idi. Siz kimsiniz, gedin öz işinizlə məşğul olun. Sizin ölkənizdə indi siyasi dialoqa daha böyük ehtiyac var, nəinki Azərbaycanda. İndi bir-birini didirlər, necə deyərlər, bu, başqa məsələnin mövzusudur. Ancaq biz buna nail olduq, qısa müddət ərzində. Yenə də, sadəcə olaraq, baxdıq ki, hansı fundamental ziddiyyətlər var, harada biz, necə deyərlər, bir-birimizlə razılığa gələ bilmirik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur. Antimilli ünsürlərlə, əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Deyirdilər ki, kaş ki, Azərbaycanda da belə bir lider olaydı. Həmin o demokrat bütün müxalifəti həbs etdirdi. Əgər 27-si sentyabrda müharibə başlamasaydı o, onları heç buraxmazdı. Əsas müxalifət partiyasının liderini müharibədən bir neçə gün əvvəl həbs etdi. Cinayət işləri açıldı. İndi özünü orada müxalifət lideri adlandıran bir adam var, o da keçmişdən qalan naftalindən çıxarıblar onu. Onu da indi çağırıblar, ona da ölkədən çıxmağa qadağa qoyublar. Budurmu demokratiya? İndi Qərb buna göz yumur, bu, öz yerində. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Yəni, artıq heç bir ikinci fikir ola bilməz. Ona göz yumur, bu, təbiidir. Amma bizim bu dırnaqarası “demokratlar” indi niyə susurlar? İndi niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır. Gəlsin desin, öz zibilini yalasın. Ermənistanda adam qalmayıb ki, onu lağa qoymasın. Hansısa adlar veriblər, özləri bilərlər. Bunu bizə nümunə gətirirdilər. Nə üçün? Çünki oradan, mərkəzdən, onların mərkəzindən təlimat almışdılar. Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftiralar, yalançı məqalələr yazdırmaq – hamısı bizim gözümüzün qabağındadır. Biz bunları unutmamışıq. Bizi əsas vəzifəmizdən çəkindirmək istəyirdilər ki, başımız qarışsın daxili çəkişmələrə, başımız qarışsın əsassız ittihamları yalanlamağa, əsas vəzifədən bizi çəkindirsinlər ki, işğal edilmiş torpaqlar ermənilərin əlində əbədi qalsın. Bu idi məqsəd. Bu gün antimilli şurada cəmləşən milli satqınlar da bu məqsədi güdür. Bizim şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb. Amma bütün digər siyasi qurumlarla biz əməkdaşlıq edirik və edəcəyik.
İqtisadi sahəyə gəldikdə, burada da yeni dövr artıq göz qabağındadır. Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son qoymaq dövrüdür. Artıq bunu biz dəfələrlə nümayiş etdirmişik. Bu ilin iki ayının nəticələri bir daha onu göstərir. Bu ilin iki ayında bizim gəlirlərimizdə proqnozdan əlavə təqribən 200, ya 300 milyon artım olub. Bunun böyük hissəsi vergi orqanlarının hesabınadır. Bir hissəsi də gömrük orqanlarının hesabınadır. Nəyin hesabına? Vergitutma bazası genişlənir, biznes kölgədən çıxır. Sahibkarlara düzgün istiqamət verilir. Davranış qaydaları müəyyəndir. Bunu camaat da görür, sahibkarlar da görür. Beləliklə, hətta böhranlı pandemiya dövründə biz maliyyə baxımdan çox özümüzü rahat hiss edirik, büdcənin icrası ilə heç bir problem görmürük. Əksinə, biz Qarabağda böyük bərpa işlərinə başlamışıq. Bütün bunlar vəsait tələb edir. Ona görə iqtisadi sahədə əsas məsələ budur. Özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi – bu təlimat da verilib. Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər.
Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövrü və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu, çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Amma mənim cavabım nə oldu? Azərbaycan xalqı bunu bildi. Artıq bu iradlar da yoxdur. Artıq bu əsassız ittihamlar da aradan qaldırılıb. Hətta müharibə dövründə hesab edirəm ki, ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır. Yəni, onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik. Biz indi anlayırıq ki, bəzi daxili səbəblər ola bilər. İndi bəzi yalan məlumatlar ola bilər. Hər halda, biz maraqlı deyilik ki, bu məsələni uzadaq. Mən demişəm, hətta Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı döyüş meydanında aldıq. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə olunmuş qələbə bizi tam qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq.
Ona görə biz xarici siyasətlə bağlı əməkdaşlığa hazırıq. İndi bir çox ölkələr Qarabağda bərpa işlərinə maraq göstərirlər. Onları da biz dəvət etmişik. Xarici siyasət dəyişməz olaraq qalacaq. Bu gün Azərbaycan nəinki siyasi müstəvidə özünü təsdiqlədi. Qoşulmama Hərəkatının məsuliyyətli sədri kimi özünü göstərdi, eyni zamanda, öz haqlarını özü müdafiə edə bilən ölkə kimi özünü göstərdi. Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq. Müharibədən sonra nə qədər çalışsa da Ermənistan öz istəyinə nail ola bilmədi. İndi bəzi ölkələrin bələdiyyələri isə hansısa qərar qəbul edirlər. Bunlar, ümumiyyətlə, əhəmiyyətli deyil. Onların heç adı da heç bir siyahıda yoxdur. O bizi maraqlandırmır. Hətta bəzi parlamentlərin qərarları qəbul edilir. Ancaq biz nəyi görürük? Bizim də təbii ki, haqlı iradlarımız var. O ölkələrin rəsmi şəxsləri – ya xarici işlər nazirləri, ya da digər nazirlər deyirlər ki, bunu etməyin, bu, qəbuledilməzdir, yəni heç bir ölkə ilə. Mənə məlumat verildi ki, bir ölkənin – Lüksemburqun xarici işlər naziri hansısa bir qəbuledilməz ifadə işlədib. Özü də mən başa düşmürəm, Lüksemburqun bizə nə dəxli var. Lüksemburq, ümumiyyətlə, bu bölgədən uzaq olan bir ölkədir. Yumşaq desək dünya miqyasında o qədər də böyük siyasi çəkiyə malik olan ölkə deyil ki, onun xarici işlər naziri bizə irad tutsun. Ondan başqa belə bir qəbuledilməz ifadələr olmamışdır. Ona görə müharibədən sonrakı dövr də bizim xarici siyasətimizin uğurlu olmasını bir daha göstərir.
Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir. Ali Baş Komandan, bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də hardadır. Biz hətta müharibə dövründə o zəif yerləri düzəltdik. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq və olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.
Mən bu gün qarşıda duran bəzi vəzifələr barədə öz fikirlərimi həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşməklə, əlbəttə ki, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırıram. Buna ehtiyac var. Çünki bir daha demək istəyirəm ki, biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.
XXX
Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov dedi:
– Çox hörmətli Prezident, çox hörmətli Yeni Azərbaycan Partiyasının Sədri, hörmətli qurultay nümayəndələri.
Böyük məmnuniyyətlə, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmişəki kimi möhtəşəm çıxışını dinlədik. İcazə versəydiniz, mən sizin hər birinizin adından Prezident İlham Əliyevin geniş, dərin məzmunlu və proqram xarakterli çıxışına görə qurultay nümayəndələrinin minnətdarlığını Prezidentə çatdırardım. Eyni zamanda, fürsətdən istifadə edib, 30 ilə qədər işğal altında olan Azərbaycan torpaqlarını 44 günlük Vətən müharibəsində azad etdiyinə, Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli səhifələrindən birini yazdığına və yaratdığına, Azərbaycana qüruru geri qaytardığına və Azərbaycanın adını ucaltdığına, yüksəltdiyinə görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri və Ali Baş Komandan İlham Əliyevə Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin minnətdarlıq hisslərini bir daha ifadə edərdim.
Hörmətli Ali Baş Komandan, Siz Azərbaycanın adını yüksəltdiniz, Azərbaycan da daim Sizin adınızı uca tutacaqdır.
Hörmətli qurultay nümayəndələri, koronavirus pandemiyası ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının VII qurultayı nisbətən məhdud nümayəndələrin iştirakı ilə keçirilir. Bu gün Yeni Azərbaycan Partiyasının qurultayında Azərbaycanın bütün bölgələrini, rayon və şəhər təşkilatlarını təmsil edən 194 nümayəndə iştirak edir. Partiyanın bütün təşkilatları və strukturları qurultayda təmsil olunduğundan təbiidir ki, qurultay səlahiyyətlidir. Yeni Azərbaycan Partiyasının qurultayının gündəliyi təsdiq olunmalıdır. Gündəliyə aşağıdakı məsələlər təklif olunur: Partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi, partiyanın İdarə Heyətinin seçilməsi, partiyanın Təftiş Komissiyasının seçilməsi, partiyanın Veteranlar Şurasının seçilməsi və beşincisi, bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxılması.
Mən gündəliyi təsdiq edilməsi üçün səsə qoyuram. Kim gündəliyin təsdiq olunmasına tərəfdardırsa, xahiş edirəm, öz münasibətini bildirsin.
Əleyhinə olan yoxdur, bitərəf qalan yoxdur. Beləliklə də, Yeni Azərbaycan Partiyasının VII Qurultayının gündəliyi təsdiq olunur.
İndi isə partiyanın Sədri cənab İlham Əliyevin məruzəsi ətrafında çıxışlara başlayırıq və mən məmnuniyyətlə ilk sözü partiyanın veteranlarından olan Arif Rəhimzadəyə verirəm.
XXX
Arif Rəhimzadə çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli qurultay iştirakçıları.
Hər şeydən əvvəl icazə verin, Sizin qarşınızda çıxış etmək imkanı yaradıldığına görə təşəkkürümü bildirim. Mən bu imkanın əhəmiyyətini və xüsusi dəyərini onda görürəm ki, partiyanın yeddinci qurultayı ölkəmizin tarixinin son dərəcə vacib bir dövründə keçirilir. Cənab Prezident bu barədə ətraflı danışdı. Qarabağda Zəfər savaşı özümüz və ətraf aləm barədə təsəvvürümüzü kökündən dəyişdirmiş, xalqı həqarət vəziyyətindən çıxarmış, biz öz gözümüzdə ucalmışıq. Bu müharibə sözün həqiqi mənasında Vətən müharibəsinə çevrilmiş, xalqımızı daha sıx birləşdirmiş, Vətənimizi, milli və mənəvi dəyərlərimizi müdafiə etmək əzmimizi və iradəmizi nümayiş etdirmişdir. On minlərlə gəncin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi, əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi mərdlik və cəsarət xalqımızın qəhrəmanlığının yeni bir nümunəsi olmuşdur. Bizim vətəndaşlarımız dərindən anlamışlar ki, hətta dünya birliyi tərəfindən tanınmış qanuni haqqımızı almaq üçün dövlətin gücünün, xalqın birliyinin, müdrik rəhbərliyin olması mütləq şərtdir.
Hörmətli qurultay iştirakçıları, Vətənimizə və xalqımıza böyük Qələbəni, yeni və ləyaqətli bir gerçəkliyi bəxş etdiyinə görə ölkəmizin Prezidenti, Yeni Azərbaycan Partiyasının rəhbəri cənab İlham Əliyevə hamımızın adından sonsuz minnətdarlığımızı bildirsəm, yəqin sizin də ürəyinizdən xəbər vermiş olaram. Bu minnətdarlıq həm də ona görədir ki, cənab İlham Əliyev nəinki ulu öndər Heydər Əliyevin ona vəsiyyət etdiyi dövlət ləyaqətini və mənəvi dəyərləri qoruyub saxlamış, həm də Azərbaycan vətəndaşlarının şüurunda onları daha da inkişaf etdirmişdir. Zəfər savaşının gedişində atılmış hər bir addım, görülmüş hər bir tədbir Ali Baş Komandan tərəfindən dəqiq ölçülüb-biçilmiş və həyata keçirilmişdir. Döyüş əməliyyatlarına ölkəmiz üçün maksimum sərfəli olan şərtlər əsasında son qoyulması da möhtərəm Prezidentimizin xüsusi siyasi duyumunun və dərin zəkasının, ölkəmizin hər bir vətəndaşına qayğıkeş münasibətinin nəticəsi olmuşdur.
Axı, qış vaxtı dağ şəraitində döyüş əməliyyatlarının davam etdirilməsi əsgər və zabitlərimiz arasında xeyli itkilərə gətirib çıxara bilərdi. Bununla birlikdə, Xankəndinin hərbi yolla azad edilməsi və bu zaman şəhər sakinlərinin bir qisminin labüd surətdə həlak olması BMT Təhlükəsizlik Şurasına Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanımamaq üçün əvvəl göstərdiyi cəhdi daha uğurlu şəkildə reallaşdırmağa yeni bir bəhanə verərdi. Bu da qeyd edilməlidir ki, ölkəmizin Dağlıq Qarabağ üzərində suverenliyini tanımamaq üçün Təhlükəsizlik Şurasının göstərdiyi cəhd məhz möhtərəm Prezidentimizin həyata keçirdiyi uzaqgörən siyasət və beynəlxalq aləmdə onun böyük nüfuzu sayəsində boşa çıxmışdır.
Biz hamımız Böyük Qələbənin təsiri altındayıq, döyüş təcrübəsi və təchizatı ilə bir sıra inkişaf etmiş ölkələrin hərbi qurumlarının araşdırma mövzusuna çevrilmiş ordumuzla fəxr edirik. Lakin ölkəmizin güclü iqtisadiyyatı olmasaydı, belə bir ordu qurula bilməzdi. Bu barədə cənab Prezident ətraflı danışdı. Karbohidrogen ehtiyatlarının nəqlinə dair irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi, dəmir yolu kommunikasiyalarının inşa olunması, sənayenin və kənd təsərrüfatının inkişaf etdirilməsi sayəsində ölkəmizin böyük və zəngin iqtisadi potensialı yaradılmışdır. Azad edilmiş ərazilər ölkə iqtisadiyyatının gələcək inkişafına güclü təkan verəcək, həmin ərazilərdə yüksək texnoloji istehsalatların və “ağıllı şəhər və kəndlərin” yaradılması barədə cənab Prezidentin planlarının həyata keçirilməsi isə rahat və əlverişli yaşayış şəraitini təmin edəcəkdir.
Bu gün biz qürur duyuruq ki, ölkəmizin və xalqımızın bütün möhtəşəm xariqələrində Yeni Azərbaycan Partiyası həmişə cənab Prezidentin yanında olmuşdur. Artıq uzun müddətdir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir. Hesab edirəm ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası öz qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirir.
Mən çıxışımın sonunda partiyanın gənc üzvlərinə müraciət etmək istəyirəm. Çünki indi həyata keçirilən və həyata keçirilməsi nəzərdə tutulan işlərin bir çoxu əsasən sizinlə bağlıdır. Bu gün hazırlanan layihələri siz icra edəcəksiniz. Həmin layihələrin bəhrələrini də əsasən siz görəcəksiniz.
Amma sirr deyil ki, hələ ölkədə bir qrup azğın insan da var və onların niyyəti görülən bütün işlərə qara yaxmaq, ölkədəki ab-havanı sarsıtmaqdır. Adlarını müxalifət qoyan bu insanlar cürbəcür uydurmalar yayır, bizə qarşı ədəbsiz, təhqiramiz ifadələrə yol verirlər. Əslində, onlar ölkədə həyata keçirilən siyasətə qarşı deyil, dövlətimizə qarşı çıxış edirlər.
Bu cür hallarla qəti mübarizə aparılmalıdır. Partiya qurumları bu istiqamətdə tədbirlər görürlər. Hesab edirəm ki, partiyanın hər bir üzvü, xüsusən gənclər daha fəal olmalıdırlar. Mətbuatda və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan təhqiramiz yazılara dərhal barışmaz münasibət bildirməlidirlər. Heç bir partiya üzvü düşünməməlidir ki, bunun ona aidiyyəti yoxdur. Biz hamımız ölkəmizin ləyaqətini qorumalı və müdafiə etməliyik.
Diqqətinizə görə sağ olun.
XXX
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək dedi:
-Zati-aliləri möhtərəm cənab Prezident.
Hörmətli qurultay nümayəndələri.
İlk növbədə, Sizi salamlayır və bu mötəbər kürsüdən fikirlərimi bölüşmək üçün imkan yaratdığınıza görə dərin təşəkkürümü bildirirəm.
Tarix və xalq qarşısında xidmətlərini heç bir zaman unutmayacağımız ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək qurultayın işinə uğurlar arzulayıram.
Hörmətli siyasi həmfikirlər, mən bir anlıq da olsa, 29 il bundan əvvəl soyuq noyabr günlərini xatırladıqca qəlbimizi isidəcək bir hadisəni, Yeni Azərbaycan Partiyasının təsis konfransını, xalqımızı düşdüyü çətin və böhranlı vəziyyətdən xilas etmək məqsədilə respublikamızın müxtəlif bölgələrindən Naxçıvana gələn fədakar insanları yada salmaq istəyirəm. Onların hər birinin simasında o dövrün ağrıları, qeyri-müəyyənlikdən doğan nigarançılıqla yanaşı, Heydər Əliyevə dikilmiş gözlərində bir inam və bir ümid qığılcımı vardı. O zaman hər kəs bir ideya, bir şəxsiyyət ətrafında, bir siyasi təşkilatda birləşməyin ən doğru seçim olduğuna inanaraq Azərbaycanın xilasının Heydər Əliyev yoluna qədəm qoymuşdu. Fəxrlə qeyd etmək lazımdır ki, o ümidlər tam doğrulmuş, partiyamız Azərbaycanın hərtərəfli dinamik inkişafının ideoloji sütunlarından biri kimi misilsiz fəaliyyətə imza atmışdır. O, həm də sürətlə dəyişməkdə olan cəmiyyətlə həmahəng yenilənmiş, müasir tələblərə və standartlara uyğun gəlməyən fəaliyyət formalarından zamanında qətiyyətlə imtina etmişdir. Özünütənqid metodlarından çəkinməmiş, ictimai rəyin öyrənilməsi və nəzərə alınması işini fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etmişdir. Odur ki, ətrafına yüz minlərlə siyasi həmfikir toplamağa nail olmuş və ümumxalq partiyasına çevrilmişdir. Zənnimcə, təkcə bu fakt ölkənin siyasi tarixində Yeni Azərbaycan Partiyasının yerini və rolunu dəyərləndirmək üçün bizə imkan verir.
Sıralarında gənclərə geniş imkanlar yaradılması baxımından apardığı siyasət gənc nəsil üçün cəlbedici olmaqla yanaşı, təbliğ etdiyi prinsiplərin xalq tərəfindən tam dəstəkləndiyini sübut edir. Qeyd etmək lazımdır ki, son iki onillikdə, xüsusilə Prezident İlham Əliyevin 17 illik liderliyi ilə bütün parametrlər üzrə dinamik inkişafın əsas göstəricilərindən biri qadın amilinin cəmiyyət və dövlət həyatında əhəmiyyətinin artması olmuşdur. Bu illər ərzində ölkədə gender bərabərliyi mədəniyyətinin təbliği, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması sahəsində ciddi irəliləyişlər əldə edilmişdir. Öz potensialını reallaşdırmaq sahəsində mövcud tarixi təcrübə ilə yanaşı, dövlət səviyyəsində yaradılan şərait fəal vətəndaş mövqeyini ifadə etmək yolunda qadınların imkanlarını böyük dərəcədə artırmışdır. Yeni Azərbaycan Partiyasının sədr müavini, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın timsalında Şərqin mədəni dəyərləri ilə Qərbin mütərəqqi yeniliklərinin uğurlu vəhdətini özündə birləşdirən, təkcə hüquq və imkanları deyil, həm də məsuliyyət və cavabdehliyi bərabər bölüşməyə hazır olan müasir Azərbaycan qadınının obrazı formalaşmışdır. Xalqa və dövlətə xidmət naminə öz taleyini ölkədə fəaliyyət göstərən siyasi partiyalara bağlayan qadınların və qızların ölkəmizin ictimai-siyasi həyatında iştirakçılıq və təmsilçilik faizi getdikcə yüksəlməkdədir.
Təsadüfi deyildir ki, ölkə rəhbərliyinin qəbul etdiyi taleyüklü qərarların həyata keçirilməsində mütəşəkkillik nümayiş etdirərək 44 günlük Vətən müharibəsi zamanı digər siyasi partiyaların və hərəkatların da ümummilli maraqlar ətrafında cəmləşməsi, xüsusilə ictimai-siyasi fəal qadınların bu həmrəyliyə nəzərəçarpacaq dərəcədə töhfə verməsi tarixi Zəfərdən sonrakı dövrdə də azərbaycançılıq və həmrəylik prinsipləri ətrafında milli birliyin möhkəmlənməsi üçün vacib rol oynamaqdadır.
Hazırda ölkədə yaranmış yeni siyasi konfiqurasiya çərçivəsində dünya azərbaycanlılarının şəriksiz lideri möhtərəm Prezidentimiz İlham Əliyevin başlatdığı dərin islahatlar siyasəti, əldə edilmiş tarixi Zəfər dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Möhtərəm cənab Prezident, bu bir faktdır ki, Sizin qətiyyətiniz, fədakarlığınız və qəhrəmanlığınız, müdrik sərkərdəliyiniz, xalqımızın dəmir yumruqda birləşən gücü və ordumuzun qüdrəti sayəsində ərazi bütövlüyümüz təmin edildi, ölkəmizin beynəlxalq arenada nüfuzu qat-qat yüksəldi.
Siz həlli uzadılmış münaqişələrin regional aktorların iştirakı ilə həll oluna biləcəyinə dair Azərbaycan nümunəsini ortaya qoymaqla, bu sahədə daşlaşmış stereotipləri kökündən dağıda bildiniz. Bu triumfunuzla hər addımda yanınızda olan partiyamızın üzvlərinə, Sizinlə qürur duyan insanlara və xalqımıza böyük sevinc yaşatdınız. Amma əlbəttə ki, biz Sizin liderliyiniz və partiyamızın öndərliyi ilə hələ qaysaq bağlamamış yaralarımızı sarımalı, şəhidlərimizin xatirəsini əziz tutmalı, qazilərimizin ehtiyaclarını həll etməli, Vətən yolunda övlad itkisinin acısını, həm də qürurunu yaşayan şəhid ailələrinə dəstək verməli, analarımızın dərdinə şərik olmalıyıq. Torpağımızı, viran qalmış şəhər və kəndlərimizi yenidən dirçəltməli, o yerlərə həyat və uşaq gülüşlərini qaytarmalıyıq. Bütün bu cinayətləri törədən erməni cəlladlarını ədalətin gücü ilə mühakimə edəcəyimizə isə qəti şəkildə inanıram. Bunun üçün isə köklü dəyişikliklərə gətirib çıxaran yanaşmalara, VII qurultayın gündəliyinə dair qəbul ediləcək qərarlara qətiyyətlə dəstək verməliyik.
Hörmətli siyasi həmfikirlər, yaxın tarix sübut edir ki, Yeni Azərbaycan Partiyası hər zaman cəmiyyətin inkişafına əngəl ola biləcək problemlərin aradan qaldırılması üçün ciddi siyasi qərarların qəbulu prosesində də ön mövqedədir. Təsadüfi deyil ki, ötən il növbədənkənar parlament seçkilərinin keçirilməsinin təşəbbüskarı da məhz Yeni Azərbaycan Partiyası olmuşdur. Zaman göstərdi ki, bu, ölkədə genişmiqyaslı islahatların həyata keçirildiyi həmin dövr üçün verilmiş ən düzgün və müdrik qərar idi.
Bütün bunlar deməyə əsas verir ki, bu gün hamılıqla qəbul edəcəyimiz vacib qərarlar, partiyamızın Sədri cənab İlham Əliyevin müasir çağırışlara və tələblərə islahatlar vasitəsilə cavab siyasətinə sanballı töhfə olacaqdır. Bu, həm də antimilli ünsürlərə əsl cavabdır.
Sonda hər kəsi bu amal ətrafında sıx birliyə, həmrəyliyə səsləyirəm.
Diqqətiniz üçün təşəkkür edirəm.
XXX
Milli Məclisin deputatı Mixail Zabelin çıxış edərək dedi:
-Çox hörmətli cənab Prezident.
Hörmətli qurultay iştirakçıları.
Xanımlar və cənablar.
Hamınızı salamlayıram. Çıxış üçün mənə söz verdiyinizə görə minnətdaram. Yeni Azərbaycan Partiyasının növbəti qurultayı münasibətilə sizi təbrik edirəm və uğurlar arzulayıram.
2022-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olacaq. Bu illər respublikamız üçün mürəkkəb dövr olub. Çoxmillətli Azərbaycan xalqı təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni dövlət qurub. Heydər Əliyevin yaratdığı partiya müxalifət partiyasından xalqın lider partiyasına çevrilib, öz sıralarında müxtəlif sosial təbəqələri və müxtəlif millətlərdən olan partiya üzvlərini birləşdirərək respublikamızın ictimai-siyasi həyatında sabitləşdirici amilə çevrilib.
Prezidentimiz İlham Heydər oğlu Əliyev tərəfindən həyata keçirilən islahatlar respublikamızın ictimai-siyasi, sosial, iqtisadi və mədəniyyət sahələrində uğurlu inkişafa şərait yaradıb.
Uğurlu iqtisadi və sosial struktura, güclü orduya malik olan demokratik, dünyəvi dövlət quran Azərbaycan xalqı, eyni zamanda, erməni silahlı qüvvələri tərəfindən respublikamızın ərazisinin 20 faizinin işğal edilməsi, yüz minlərlə məcburi köçkün, Xocalı faciəsi, azərbaycanlıların evlərinin və müqəddəs ziyarətgahların dağıdılması, ərazilərimizin səhraya çevrilməsi kimi qanlı yaranı da unutmayıb. Hər birimiz dövlətimizin informasiya siyasətinə töhfə verməyə, Azərbaycan haqqında, onun yüksək multikulturalizm və tolerantlıq keyfiyyətləri ilə seçilən xeyirxah xalqı barədə həqiqəti söyləməyə, Qarabağ münaqişəsinin dinc yolla və ədalətli həllinə nail olmağa, dövlətimizin ərazi bütövlüyünü qorumağa, erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızı geri qaytarmağa çalışmışıq.
Açıq deməliyəm, ATƏT-in Minsk qrupunun fəaliyyəti, bu məsələnin həllinin uzadılması cəmiyyətdə inamsızlıq, münaqişənin dinc yolla həlli, Azərbaycanın tarixi torpaqlarının öz qanuni sahiblərinə qaytarılması ilə bağlı narahatlıq doğururdu. Buna görə də Prezidentimizin Azərbaycan xalqına müraciətləri, onun inamlı nitqləri xalqda ruh yüksəkliyi yaradır, onu Prezidentimizin, respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanının ətrafında sıx birləşməyə və əzəli torpaqlarımızı erməni işğalçılarından nəyin bahasına olursa-olsun azad etməyə ruhlandırırdı. Azərbaycan vətəndaşları Prezidentimizin növbəti müraciətini, uzun müddət işğal altında olmuş növbəti yaşayış məntəqəsinin və rayonun rəşadətli qoşunlarımız tərəfindən azad edilməsi barədə fərəhli xəbərləri səbirsizliklə gözləyirdi. Müxtəlif millətlərə mənsub olan Azərbaycan vətəndaşları Prezidentin ruhlandırıcı nitqlərinin təsiri ilə könüllü olaraq cəbhəyə yollanır, dəmir yumruq kimi sıx birləşərək düşməni darmadağın etməyə çalışırdı.
Müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında gedirdi. Yeni Azərbaycan Partiyasının üzvləri Prezidentimizin inandırıcı, qətiyyətli və səlis çıxışlarını, xarici ölkələrin çoxsaylı informasiya agentliklərinə verdiyi müsahibələri əsas götürərək respublika rəhbərliyinin mövqeyini kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə izah edir, Azərbaycanın düşmənlərinin insinuasiyalarını, yalan və uydurmalarını qətiyyətlə ifşa edirdilər.
Azərbaycan xalqı qalib gəldi. Qarabağ Azərbaycana qaytarıldı, ədalət bərpa olundu. Bəs, Vətən müharibəsində Qələbəmizin sirri nədədir? İlk növbədə, Ali Baş Komandanımızın hərtərəfli düşünülmüş hərbi-siyasi strategiyasında, ordumuzun yüksək peşəkarlığında və əlbəttə, xalqımızın birliyində. Müxtəlif millətlərdən olan Azərbaycan vətəndaşları, o cümlədən ruslar Prezidentimiz İlham Heydər oğlu Əliyevə ürəkdən inanır və ona dərin hörmət bəsləyirlər, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə səmimi minnətdardırlar. Daha bir vacib məqam odur ki, onlar öz ölkələrinə və səmimi, xeyirxah, həssas, yüksək dərəcədə multikultural və tolerant, başqa millətə və başqa dinə mənsub olan insanlara hörmətlə yanaşan xalqına görə fəxr edirlər.
Biz azad, demokratik ölkədə qardaş Azərbaycan xalqı ilə yanaşı yaşayırıq. Bu xalqın əcdadları tərəfindən onların qəlbində kök salmış yüksək multikulturalizm keyfiyyətlərinə görə çox minnətdarıq. Biz ruslar, respublikanın tamhüquqlu vətəndaşları kimi rus dilindən sərbəst istifadə edirik, öz mədəniyyətimizi və ənənələrimizi qoruyub saxlamışıq. Dövlətimiz tərəfindən qorunub saxlanılan və Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş xristian pravoslav məbədlərinə sərbəst gedirik. Respublikada tədrisin rus dilində olduğu məktəblər qorunub saxlanıb, ölkənin ali məktəblərində tədrisin rus dilində olduğu fakültələr fəaliyyət göstərir. Azərbaycanın 120 minlik rus əhalisi heç vaxt və heç kim tərəfindən sıxışdırılmayıb, onların mülki hüquqları pozulmayıb. Buna görə də onlar Azərbaycan xalqına ürəkdən minnətdardırlar.
Azərbaycan bizim doğma yurdumuz, vətənimizdir. Buna görə də başqa millətlərdən olan gənclər kimi, rus gənclər də istər Birinci Qarabağ müharibəsi dövründə, istərsə də Vətən müharibəsi zamanı azərbaycanlı qardaşları ilə çiyin-çiyinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsinə qalxıb, bu gənclərin bir çoxu xalqımızın xoşbəxtliyi və rifahı naminə canlarından keçib.
Mən düşmənlərlə savaşda həlak olmuş döyüşçülərin ailələrinə, erməni işğalçılarına qarşı döyüşlərdə yaralananlara göstərilən hərtərəfli köməyə və dəstəyə görə respublika rəhbərliyinə, Azərbaycan xalqına, Yeni Azərbaycan Partiyasına dərin təşəkkürümü bildirirəm.
Əminəm ki, belə Prezidenti, Silahlı Qüvvələrin belə Ali Baş Komandanı, belə ordusu və xalqı olan Azərbaycan həmişə çoxmillətli, müstəqil, firavan və sabit dövlət olacaq.
Diqqətinizə görə sağ olun.
XXX
Milli Məclisin deputatı Anar İsgəndərov çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident!
Hörmətli qurultay iştirakçıları!
Hamınızı salamlayır və uzun illər ərzində düşmən işğalına məruz qalan tarixi torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsi münasibətilə Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını bu əzəmətli Qələbə münasibətilə təbrik edirəm. Şübhəsiz, bu Zəfərin baş qəhrəmanı Ali Baş Komandan İlham Heydər oğlu Əliyevdir.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizi qorumaq və möhkəmləndirmək üçün çox böyük uğurlara imza atdı. O, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və torpaqlarımızın işğaldan azad olunması üçün mübarizənin bütün vasitələrindən istifadə etmiş və hətta Azərbaycanın gələcəyi naminə öz siyasi varisini xalqa təqdim etmişdi. 2003-cü il oktyabrın 1-də o, Azərbaycan xalqına müraciətində demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli, ümummilli lider Heydər Əliyevin dediklərini tarix və zaman çox böyük həqiqət kimi təsdiq etdi. Onun müstəqil Azərbaycanın haqq işini dünyaya çatdırmaq üçün apardığı ədalətli siyasət kursunu dövlət başçısı İlham Əliyev uğurla davam etdirir.
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticələri göz qabağındadır. 17 il ərzində onun həyata keçirdiyi siyasətin nəticəsidir ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə qətnamələr qəbul etmiş, “İslam Həmrəyliyi İli” elan olunmuş, Bakıda İslam Həmrəyliyi Oyunları keçirilmiş, müsəlman ölkələri arasında Azərbaycanın nüfuzu kifayət qədər artmışdır. Azərbaycan Prezidentinin dünyanın 120 ölkəsini öz ətrafında birləşdirən və BMT-nin Baş Assambleyasından sonra dünyada ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi Qarabağ müharibəsi dövründə Azərbaycanın haqq işinə öz müsbət təsirini göstərdi.
Azərbaycanda vitse-prezidentlik institutunun təsis edilməsi və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi dövlət idarəçiliyi sahəsində ən uğurlu addımlardan biri oldu. UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa olunması istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, xalqımızın multikultural dəyərlərinin və qeyri-maddi irsinin qorunması və təbliği üçün geniş və çoxşaxəli fəaliyyət göstərir, bu məqsədlə müxtəlif beynəlxalq və yerli proqramlar həyata keçirir.
Azərbaycanın Prezidenti dövlət başçıları ilə görüşlərində, nüfuzlu beynəlxalq təşkilatlarda çıxışlarında, xarici və ölkə informasiya agentliklərinə verdiyi çoxsaylı müsahibələrində Azərbaycanın prinsipial mövqeyini bəyan edərək bildirmişdir ki, Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Çox təəssüflər olsun ki, dünyanın nüfuzlu təşkilatları, o cümlədən ATƏT-in həmsədr dövlətləri problemin sülh yolu ilə həll olunmasını təkid etsələr də, 30 il ərzində heç bir əməli addım atmadılar.
Ali Baş Komandan 2020-ci il 27 sentyabrda növbəti atəşkəs pozulduqda əks-hücum haqqında siyasi qərarını verdi. Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsi 44 gün davam etdi, ermənipərəst xarici dövlətlərin və bəzi nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordumuzun cəsarəti, qətiyyəti və əzmkarlığı sayəsində doğma Qarabağımızı azad etdi, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və düşməni danışıqsız təslim aktına imza atmağa məcbur etdi.
Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə verdiyi müsahibələrin birində qeyd etmişdir ki, o, 17 illik hakimiyyəti dövründə dörd mühüm məsələnin həllinə nail olmuşdur. Bunlardan birincisi, xalqla iqtidarın birliyi təmin olunmuş; ikincisi, Qarabağ probleminin tarixi və hüquqi aspektləri dünya ictimaiyyətinə çatdırılmış; üçüncüsü, ölkədə güclü iqtisadiyyat yaradılmış və dördüncüsü, ordu quruculuğu prioritet sahə kimi diqqət mərkəzində olmuşdur.
Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı 44 günlük müharibə dövründə Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək tariximizdə görünməmiş bir Qələbə əldə etmişdir.
Qarabağ döyüşlərində şəhid olan əsgər və zabitlərimizin, dinc insanların, yaralı qazilərimizin qanı yerdə qalmadı, onların intiqamı alındı. Dövlətimiz şəhid ailələrinə və yaralı qazilərimizə hər cür yardım göstərir.
Bu gün Azərbaycanın əldə etdiyi bu möhtəşəm Qələbə, onun səbəbləri, Ali Baş Komandanımızın sərkərdəlik bacarığı və məharəti, həmçinin diplomatik səyləri və bu sahədə atdığı addımlar, müasir dünyanın hərb tarixində nümayiş etdirdiyimiz yeniliklər dünya dövlətləri tərəfindən müsbət qiymətləndirilir və öyrənilir.
Möhtərəm Prezident, bütün bunlara görə xalqımız məhz Sizə minnətdardır və Sizin müharibənin lap əvvəlində xarici dövlətlərə və beynəlxalq təşkilatlara ünvanlanan “Mən özüm bilirəm nəyi, necə və nə vaxt etmək lazımdır” tezisiniz özünü tarixi təcrübədə ən yüksək səviyyədə doğrultdu və bizə bu möhtəşəm qələbəni qazandırdı. Uca Allah Siz başda olmaqla ölkəmizi və dövlətimizi qorusun!
Diqqətinizə görə sağ olun.
XXX
Milli Məclisin deputatı Hikmət Məmmədov çıxış edərək dedi:
-Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli qurultay iştirakçıları!
Sizi salamlayır və mənə bu ali kürsüdən çıxış etmək imkanı verdiyiniz üçün təşəkkür edirəm.
Son bir neçə ayda biz bir xalq olaraq olduqca mühüm tarixi günlər yaşamaqdayıq. “Tarix keçmiş siyasət, siyasətsə bugünkü tarixdir” deyimini nəzərə alsaq, əminliklə söyləyə bilərik ki, Azərbaycan xalqının ən yeni tarixinə bu zəfər günlərini yazan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdir. Ən mürəkkəb şəraitdə ən doğru qərarları qəbul etmək bacarığıdır. Əldə etdiyimiz Qələbənin miqyası və əhəmiyyəti haqqında bu gün təkcə Azərbaycan xalqı deyil, bütün dünya danışır.
Azərbaycan 44 günlük müharibədə təkcə işğalçı Ermənistana deyil, həm də uzun illərdir regionumuzda kök salmış erməni terroruna qalib gəldi. Hazırda ölkəmiz özünün yaratdığı yeni geosiyasi reallıqla formalaşmaqda olan çoxqütblü dünya nizamında müttəfiqləri ilə birlikdə güc mərkəzlərindən birinə çevrilməkdədir. Milli dövlətimizə belə mühüm geostrateji mövqe qazandıran əsas faktor isə düşünülmüş xarici və daxili siyasət və uzaqgörən milli strategiyanın olmasıdır. Qlobal imperializmin milli dövlətləri beynəlxalq münasibətlər sistemində təzyiq altında saxladığı bir vaxtda milli iradəyə əsaslanan müstəqil qərar qəbul etmək olduqca çətindir. Bunun üçün cəsarət, siyasi-diplomatik uzaqgörənlik, qətiyyət kimi keyfiyyətlər tələb edilir ki, bunların da hamısı eyni vaxtda çox nadir hallarda bir siyasi liderdə olur. Siz öz xalqınıza və qurucusu olduğunuz ordunuza arxalanaraq çox mürəkkəb şəraitdə elə eyni dərəcədə cəsarətli qərar qəbul etməklə xalqımıza tarixi Zəfər qazandırdınız. Bu Qələbənin müəllifi Azərbaycan Ordusu və onun şanlı Ali Baş Komandanı İlham Əliyevdir!
Cənab Prezident, 44 günlük müharibədə dünyanın ən aparıcı media subyektlərinin “informasiya müharibəsi cəngavərlərinə” qarşı verdiyiniz mücadilə ayrıca bir hadisədir. Hazırda yumşaq güc vasitəsi kimi əlahiddə və universal alət hesab olunan, hegemon güc mərkəzlərinin idarəetmə mexanizminə çevrilən informasiyadan heç də həmişə və hər yerdə uğurla istifadə etmək mümkün olmur. Ancaq Siz qlobal imperializmin yaratdığı bu gücü Azərbaycanın düşmənlərinə, islamofob dairələrə və dünya erməniçiliyinə qarşı mükəmməl şəkildə istifadə etməyi bacardınız!
Fevral ayının 26-da təşkil olunan mətbuat konfransı isə həm format, həm məzmun etibarilə tamamilə yeni üslubda idi. Bu vaxta qədər heç bir siyasi lider medianın imkanlarından milli məqsədlər üçün bu qədər məharətlə və səmərəli istifadə edə bilməmişdi.
Möhtərəm cənab Prezident, bu gün, eyni zamanda, ölkəmizin sosial-siyasi, iqtisadi, idarəetmə kimi digər mühüm sferalarında da tarixi islahatlar mərhələsini yaşayırıq. Bu islahatların fəlsəfəsini də, məzmununu da vətəndaşın rifahının daha da yaxşılaşdırılması təşkil edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti, sosial sahədə bütün problemlərin mümkün həllinə xüsusi diqqətin göstərilməsi, Heydər Əliyev Fondu vasitəsilə olduqca əhatəli sosial layihələrin ardıcıl olaraq həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması geniş vüsət almışdır və xalqımız tərəfindən təqdir edilməkdədir.
İslahatların ən mühüm istiqamətlərindən birini də ictimai-siyasi institutlaşma və siyasi sistemimizin təkmilləşdirilməsi təşkil edir. Hər bir ölkənin siyasi sistemi özünün struktur elementləri ilə tamdır və ictimai-siyasi proseslərin keyfiyyətini təyin edir. Azərbaycanda da cəmiyyətin siyasi lokomotiv institutları şübhəsiz ki, siyasi partiyalardır. Onların fəaliyyəti, fəaliyyətsizliyi, yaxud fəaliyyətinin ictimai faydalılıq əmsalı göstəriciləri siyasi sistemin inkişafı üçün əsas şərt kimi çıxış edir. Bu, həm də siyasi sistemimizin hesabatlılığı üçün olduqca vacibdir. Müxtəlif dövrlərdə bu münasibətlər passiv, dinamik, dəyişkən və bəzən də qarşıdurma vəziyyətində olub. Siyasi partiyalar ölkədaxili milli çağırışlar kontekstində cəmiyyətin gözləntiləri ilə ayaqlaşmağa çalışsalar da, bəzən bu fəallıq, sadəcə, seçkilərdə iştirakçılıqla məhdudlaşıb. Yalnız Sizin təşəbbüsünüz və bu sahədə də islahatları dərinləşdirmə siyasətinizdən sonra siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və plüralist əməkdaşlıq mərhələsi başlamışdır. Belə ki, Vətən müharibəsində 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan etmiş, eyni zamanda, müxtəlif regional və beynəlxalq təşkilatlara müraciətlər göndərmiş, beləliklə də, Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy, immunitetqabiliyyətli yetkin bir sistem olduğunu göstərmişlər. Hazırda siyasi sistemimizə ideologiyaların bütün rəng palitrasını əhatə edən yeni bir siyasi platforma təqdim etmisiniz: burada siyasətin bütün çalarlarının müstəqil fəaliyyəti və dialoqu üçün demokratik, hüquqi və siyasi imkanlar mövcuddur. Bu siyasi çətir altında özlərinə yer tapmayanlar isə milli siyasətə yox, başqa məqsədlərə xidmət edirlər.
Möhtərəm cənab Prezident, Sədri olduğunuz Yeni Azərbaycan Partiyasının qurultayının keçirilməsi və onun fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı atılan addımlar da ölkəmizdə həyata keçirilən dərin və çoxşaxəli islahatların davamı kimi qiymətləndirilir. Bütün bunlar isə yeni tarixi mərhələdə milli gücümüzü və inamımızı daha da artırır. Qurultayımızın işinə uğurlar, partiyamıza isə bundan sonrakı fəaliyyətində də qələbələr arzulayıram.
Diqqətinizə görə çox sağ olun.
XXX
Milli Məclisin deputatı Azər Badamov çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli qurultay nümayəndələri.
Hörmətli Sədr.
Mənə bu yüksək kürsüdən çıxış etməyə imkan yaratdığınıza görə təşəkkürümü bildirirəm.
Çıxışıma Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı və türk dünyasının böyük oğlu Heydər Əliyevin “Ağıl olan yerdə zora ehtiyac yoxdur” müdrik kəlamı ilə başlamaq istəyirəm. Bu müdrik kəlamın inkaredilməzliyi, cənab Prezident, Sizin xalqa, Vətənə, torpağa sonsuz məhəbbətinizdə, nəcib əməllərinizdə öz təsdiqini tapmışdır. Siz Azərbaycanın iqtisadi inkişafına, beynəlxalq aləmdə tanınmasına, şöhrətlənməsinə, müharibədə tarixi Qələbəmizə məhz aydın düşüncələriniz, bəşəri duyğularınız, parlaq zəkanız, uzaqgörən siyasətiniz, təmkin və cəsarətinizlə nail olmusunuz.
Faşizmə, təcavüzkarlığa nifrətiniz, insanların sağlamlığına və təhlükəsizliyinə göstərdiyiniz qayğı, pandemiyaya qarşı mübarizəyə verdiyiniz önəm və diqqət əvəzsizdir. Sülhə, əmin-amanlığa, insanlığa istiqamətlənən görüşləriniz və çıxışlarınızla Siz dünyanın siyasi liderlərinə dövlətə rəhbərlik etməyin, xalqın və vətənin mənafeyini qorumağın aydın, düşünülmüş modelini təqdim edir, ədaləti, həqiqəti dananlara haqqın üzünü göstərir və dərs verirsiniz.
Cənab Prezident, Siz bu yolu seçməklə Ulu Öndərimizin vəsiyyətlərinə sədaqətlə əməl edib xalqı və Ordunu birləşdirərək torpaqlarımızı azğın düşməndən təmizləməklə unudulmaz rəhbərimizin və bütün şəhidlərimizin ruhunu şad etdiniz. Dərdli anaların, bacıların dərdini sağaltdınız, hər birimizin, dünya azərbaycanlılarının, türk dünyasının başını ucaltdınız və özünüz də insanların nəzərində daha yüksək zirvələrə ucaldınız.
Xalqın Sizə göstərdiyi məhəbbət və ehtiram tükənməzdir, Azərbaycanın ömrü qədər sonsuzdur. Biz bu gün qalib bir ölkənin vətəndaşları kimi fəxr edirik və bu şərəfi bizə yaşatdığınıza görə Sizə minnətdarıq. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı çətin gündə həmrəydir və bu milli həmrəylik dəmir yumruğa çevriləndə qarşısında düşmənlərimizin tab gətirməsi mümkün deyildir.
Cənab Prezident, Sizin tapşırıqlarınız, hörmətli Mehriban xanımın köməyi, Heydər Əliyev Fondunun böyük dəstəyi ilə nəinki ölkəmizdə, həm də xarici ölkələrdə bir çox humanitar layihələr həyata keçirilir. Məktəblər, bağçalar tikilir, parklar salınır, dini abidələr təmir olunur, xəstə insanlara yardım edilir. Bu da bizi nəcib bir xalq kimi tanıdır. Sözümüzü, əməlimizi sübuta yetirir, dostlarımızın sayını daha da artırır. Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığının möhkəmlənməsi, səsimizə səs verənlərin sayının çoxalması gələcək uğurlarımız üçün bir zəmanətdir.
Hörmətli Qurultay iştirakçıları, Ulu Öndərimizin “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir” müdrik kəlamı, gündəlik həyatımızda olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə də özünü bir daha təsdiq etdi. Cənab Prezident, Siz də rəhbər seçildiyiniz ilk gündən ölkə iqtisadiyyatının inkişafını birinci dərəcəli vəzifə kimi qarşıya qoydunuz. Müəllifi olduğunuz mühüm layihələrin, imzaladığınız fərman və sərəncamların icrası Azərbaycanın sürətli inkişafını təmin etmiş, ölkəmizin dünyanın reytinq hesabatlarında öncül yerlərdə sıralanmasını şərtləndirmişdir.
Ölkədə apardığınız idarəetmə sisteminin müasir çağırışlara uyğunlaşmasına imkan yaradan islahatlar ildən-ilə dərinləşmiş, bütün hakimiyyət qollarını əhatə etməklə Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsini də zəruri etmiş, parlamentin rəhbər vəzifələrində müxalif siyasi partiyaların nümayəndələrinin təmsil olunmasına şərait yaratmışdır. Ölkədəki siyasi partiyalarla dialoq mühitinin yaradılması demokratik cəmiyyətin inkişaf etdirilməsinin bir nümunəsi və siyasi islahatların uğurla həyata keçirilməsinin göstəricisidir.
2020-ci ildə bəşəriyyət üçün böyük təhlükəyə çevrilmiş qlobal pandemiyaya qarşı mübarizədə Sizin tapşırıqlarınız əsasında həyata keçirilən qabaqlayıcı tədbirlər kütləvi insan tələfatının qarşısını almış, xalqımızı gözəgörünməz bəladan xilas etmişdir. Pandemiya ilə bağlı tətbiq olunmuş məhdudiyyətlərin iqtisadiyyata və insanlara təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirdiyiniz, 5 milyondan çox insanı əhatə edən sosial dəstək tədbirləri, habelə təşəbbüsünüzlə baş tutmuş Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə görüşü, BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilmişdir.
Cənab Prezident, Siz müsahibələrinizdə xatırladırsınız ki, mövcud vəziyyət yeni reallıqlar yaratmışdır. Müharibədə tarixi Qələbəmiz də reallıqdır və bu, xalqımızın haqqı idi. İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin sürətlə aparılması, həmin torpaqların cənnətə çevrilməsi yalnız arzuların ifadəsi deyil, həm də Sizin əməllərinizin və amallarınızın təntənəsi olacaqdır. Siz Mehriban xanımla birlikdə, o torpaqlara bir fateh, xilaskar kimi səfər edirsiniz. Bu, xalqımızı çox qürurlandırır. Şəhidlərimizin qanı bahasına azad olunan o torpaqları Sizin rəhbərliyinizlə xalqımız həqiqətən də cənnətə çevirəcəkdir. Buna şübhə ola bilməz.
Dövlətimiz güclüdür, Yeni Azərbaycan Partiyası qüdrətlidir, xalqımız yekdildir. Ən başlıcası, cənab Prezident, Siz bizimləsiniz, siyasi rəhbər və sərkərdə kimi uzaqgörən, müdrik və qətiyyətlisiniz. Bir lider, xilaskar kimi xalqımızın ürəyində əbədi olaraq yurd salmısınız. Allah Sizi qorusun! Tanrı xalqımıza yar olsun!
Diqqətinizə görə çox sağ olun.
XXX
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
29 il bundan əvvəl – 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası ölkəmizdə əsas hərəkətverici siyasi təşkilata çevrilərək dövlət müstəqilliyimizin möhkəmləndirilməsinin və Azərbaycanın hərtərəfli yüksəlişinin təminatçısı olmuşdur. Partiyanın Azərbaycanın müstəqillik tarixində ən böyük missiyası ölkəmizin ağır, faciəli günlərində, onun taleyinin həll olunduğu bir vaxtda “Heydər Əliyev-xalq, xalq-Heydər Əliyev” birliyinin təzahürünə çevrilməsindədir.
Cənab Prezident, Sizin də dediyiniz kimi, “Yeni Azərbaycan Partiyasının gücü, ilk növbədə, onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
2005-ci il martın 26-da Yeni Azərbaycan Partiyasının III qurultayında yekdilliklə partiyanın sədri seçilən cənab İlham Əliyev Ulu Öndərimizin quruculuq və inkişaf xəttinin layiqli davamçısıdır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ən yüksək zirvəyə çatması, ölkəmizin sosial-iqtisadi və hərbi-siyasi yüksəlişi məhz bu yolun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması bir tərəfdən bu inkişafın məntiqi yekunudursa, digər tərəfdən möhtərəm Prezidentimizin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir.
Möhtərəm cənab Prezident, fürsətdən istifadə edib Sizi – Silahlı Qüvvələrin Ali Baş Komandanını bu böyük tarixi Qələbə münasibətilə Naxçıvan Muxtar Respublikasının əhalisi adından təbrik edirik. Bizim hamımızın qəti inamı bundan ibarətdir ki, Azərbaycan dövlətinin və xalqının bütün sahələrdə, indiyədək olduğu kimi, bundan sonra da ən mühüm qələbələrində məhz Heydər Əliyev yolunun layiqli davamçısı kimi Sizin imzanız olacaqdır!
Möhtərəm cənab Prezident, Sizin ölkə rəhbəri kimi muxtar respublikaya son 17 il ərzində etdiyiniz səfərlər zamanı 90-dan çox müxtəlif təyinatlı obyektlərin istifadəyə verilməsi bu qədim diyarın inkişafına və müdafiəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu qayğının nəticəsidir ki, muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi təmin olunub. Hazırda Naxçıvanda 384 növdə məhsul istehsal olunur və 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Dövlət başçısının qayğısı ilə bütün yaşayış məntəqələri qazlaşdırılıb, 4 yeni su elektrik stansiyası, 3 Günəş elektrik stansiyası, bir modul elektrik stansiyası tikilərək, bir elektrik stansiyası isə yenidən qurularaq istifadəyə verilmişdir. Muxtar respublikada ordu quruculuğu tədbirlərinə diqqət artırılıb, sərhədlər möhkəmləndirilib, peşəkar və vətənpərvər şəxsi heyətə malik ordu formalaşdırılıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı da ötən dövrdə böyük inkişaf yolu keçmişdir. Ümummilli Liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanmaqla hər bir partiya üzvü muxtar respublikamızda aparılan dövlətçilik və quruculuq işlərində yaxından iştirak etmiş, Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunanların sayı əvvəlki dövrlərlə müqayisədə xeyli artmışdır. Əgər 2003-cü ildə muxtar respublikada partiya üzvlərinin sayı 30 min nəfər idisə, hazırda bu göstərici 57 min nəfərə çatmışdır.
Möhtərəm cənab Prezident, ölkəmizdə Yeni Azərbaycan Partiyasına və onun qüdrətli liderinə böyük inam vardır. Əmin edirik ki, Azərbaycanın müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyiniz dövlətçilik siyasətində Naxçıvan Muxtar Respublikası daim Sizinlədir! Sağ olun.
XXX
Sonra Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov dedi:
-Möhtərəm Sədr.
Hörmətli qurultay nümayəndələri.
Yeddi nəfər çıxış edib və təklif var ki, qurultayda çıxışlara son verilsin. Kim bu təklifin tərəfdarıdır, xahiş edirəm, münasibətini bildirsin.
Əleyhinə olan, yoxdur, bitərəf qalan, yoxdur.
Biz qurultayın müzakirə edəcəyi digər məsələyə keçirik. Bu da partiyanın yeni Nizamnaməsinin qəbul olunmasıdır.
Partiyanın mövcud Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçib. Bu müddət ərzində Yeni Azərbaycan Partiyası ciddi irəliləyişlər əldə edib. Partiyada bir sıra müsbət dəyişikliklər baş verib və təbii olaraq, partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması aktuallıq kəsb edir. Düşünürəm ki, bütün bu məsələlər partiyanın bu gün qurultay tərəfindən təsdiq edilməli olan yeni nizamnaməsində öz əksini tapıb. Əminliyimi bildirmək istəyirəm ki, bu gün partiyanın qurultayında qəbul olunacaq yeni Nizamnamə Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin ciddi əsasları üçün bünövrə yaradacaq. Buna görə də mən partiyanın yeni Nizamnaməsini səsə qoymaq istəyirəm.
Kim partiyanın yeni Nizamnaməsinin bu təkliflər əsasında qəbul edilməsini istəyirsə, xahiş edirəm, münasibət bildirsin.
Əleyhinə olan, yoxdur, bitərəf qalan, yoxdur.
Beləliklə, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi qəbul olunur.
Gündəliyin növbəti məsələsi Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin seçilməsidir. Təklif var ki, partiyanın İdarə Heyəti 40 nəfərdən ibarət tərkibdə seçilsin. Bu təklifi səsə qoyuram, kim partiyanın İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsinin tərəfdarıdırsa, xahiş edirəm səs versin.
Əleyhinə olan, yoxdur, bitərəf qalan, yoxdur.
Partiyanın İdarə Heyətinin tərkibi ilə əlaqədar partiya Sədrinin tövsiyələrini diqqətinizə çatdırmaq istəyirəm:
İlham Əliyev, Mehriban Əliyeva, Vasif Talıbov, Arif Rəhimzadə, Eldar İbrahimov, Mixail Zabelin, Amin İsmayılov, Əli Əhmədov, Mübariz Qurbanlı, Anar İsgəndərov, Rauf Əliyev, Eldar Əzizov, Musa Quliyev, Bahar Muradova, Ədalət Muradov, Elnur Sadıqov, Tofiq Cahangirov, Tahir Budaqov, Hikmət Məmmədov, Azər Badamov, Aynur Sofiyeva, Ramiz Hüseynov, Fuad İbrahimov, Elmar Qasımov, Rəşad Mahmudov, Cavid Osmanov, Pərvin Kərimzadə, Samir Cəfərov, Asif Əsgərli, Tahir Mirkişili, Elşad Mirbəşiroğlu, Elnarə Akimova, Vazeh Əsgərov, Ramin Məmmədov, Əfsun Sucayev, Ülviyyə Həmzəyeva, Şahin İsmayılov, Rövşən Bayramov, Bayram Aslanov və Kamal Cəfərov.
Təklif olunan nümayəndələrin Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə seçilməsi ilə bağlı məsələni səsə qoyuram. Kim bu şəxslərin İdarə Heyətinin üzvü seçilməsinə tərəfdardırsa, xahiş edirəm münasibət bildirsin.
Əleyhinə olan, yoxdur, bitərəf qalan, yoxdur.
Beləliklə, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti seçilmiş sayılır.
Gündəliyin digər məsələsi partiyanın Təftiş Komissiyasının seçilməsidir. Təklif var ki, Təftiş Komissiyasının tərkibi 13 nəfərdən ibarət seçilsin. Təklifi səsə qoyuram. Kim bu təklifə tərəfdardır, xahiş edirəm münasibət bildirsin.
Əleyhinə olan, yoxdur, bitərəf qalan, yoxdur.
Partiyanın Təftiş Komissiyasının tərkibi ilə əlaqədar partiyanın Sədrinin təkliflərini diqqətinizə çatdırıram:
Cavanşir Paşazadə, Həsən Həsənov, Məlahət İbrahimqızı, Musa Musayev, Nizami Səfərov, Aydın Hüseynov, Səməd Seyidov, Elman Nəsirov, Sevinc Hüseynova, Sadiq Qurbanov, Vüqar İskəndərov, Badam Hüseynova və Naqif Həmzəyev.
Kim adları çəkilən şəxslərin Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü seçilməsinə tərəfdardırsa, xahiş edirəm münasibətini bildirsin.
Əleyhinə olan, yoxdur, bitərəf qalan, yoxdur.
Beləliklə, partiyanın Təftiş Komissiyası seçilir. Bütün seçilənləri təbrik edirəm. Xeyirli, uğurlu olsun.
Gündəliyin növbəti məsələsi partiyanın Veteranlar Şurasının müzakirə edilməsidir.
Cənab Sədr, hörmətli qurultay nümayəndələri, bir ildən sonra Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötəcəkdir. Bu, bir tərəfdən gənc partiyadır, eyni zamanda, artıq otuz illik ömür yaşamış partiyadır. Beləliklə də, Yeni Azərbaycan Partiyasının tərkibində partiyanın inkişafında xidmətlər göstərmiş kifayət qədər çoxlu sayda veteranlar yaranıb. Bununla əlaqədar olaraq, partiyanın tərkibində yeni bir strukturun, Veteranlar Şurasının yaradılması aktuallıq kəsb edir və öz nitqində partiyanın Sədrinin qeyd etdiyi kimi, partiyanın veteranları partiyanın bugünkü və gələcək fəaliyyətində də öz səmərəli işlərini davam etdirəcəklər.
Təklif var ki, partiyanın yeni yaradılan Veteranlar Şurası 35 nəfərdən ibarət tərkibdə seçilsin. Bu təklifi səsə qoyuram. Kim 35 nəfərdən ibarət Veteranlar Şurasının seçilməsinə tərəfdardırsa, xahiş edirəm münasibət bildirsin.
Əleyhinə olan, yoxdur, bitərəf qalan, yoxdur.
Veteranlar Şurasının tərkibi ilə əlaqədar partiyanın Sədrinin tövsiyələrini diqqətinizə çatdırıram:
Arif Rəhimzadə, Sədaqət Qəhrəmanova, Akif Əlizadə, Ədalət Fərəcov, Kərim Kərimov, İsgəndər Quliyev, Sudeyf İmamverdiyev, Əjdər İsmayılov, Vilayət Əliyev, Ramiz Mehdiyev, Dilarə Seyidzadə, Yaqub Mahmudov, Məmməd Nəsirov, Rizvan Cəbiyev, Şahlar Əsgərov, Zahid Xəlilov, Adilə Abbasova, Urxan Ələkbərov, Hüseynbala Mirələmov, Rafiq Məmmədhəsənov, Cəmil Əliyev, Misir Mərdanov, Nurlana Əliyeva, İbrahim Əzizov, Əhliman Əmiraslanov, Maqsud Nəcəfov, Asif Cahangirov, Elbay Qasımzadə, Əli Həsənov, Nizami Xudiyev, Tahir Məmmədov, Xeyrəddin Qoca, Elman Məmmədov, Vahid Novruzov və Tahir Rzayev.
Bu şəxslərin partiyanın Veteranlar Şurasının tərkibinə seçilməsi ilə əlaqədar məsələni səsə qoyuram. Kim tərəfdardırsa, xahiş edirəm münasibətini bildirsin.
Əleyhinə olan, bitərəf qalan, yoxdur.
Beləliklə, Veteranlar Şurası seçilib. Eyni zamanda, Veteranlar Şurasının sədri və müavini qurultay tərəfindən seçiləcək. Partiyanın Sədri tərəfindən partiyada yeni yaradılan Veteranlar Şurasının sədri vəzifəsinə partiyanın veteranlarından olan Arif Rəhimzadənin, müavini vəzifəsinə isə Sədaqət Qəhrəmanovanın namizədliyi təklif olunur. Sədr vəzifəsini səsə qoyuram. Kim Arif Rəhimzadənin partiyanın Veteranlar Şurasının sədri vəzifəsinə seçilməsinə tərəfdardırsa, xahiş edirəm münasibətini bildirsin.
Əleyhinə olan, bitərəf qalan, yoxdur.
İndi isə Veteranlar Şurasının sədrinin müavini vəzifəsinə seçilmək üçün Sədaqət Qəhrəmanovanın namizədliyini səsə qoyuram. Kim onun Veteranlar Şurasının sədrinin müavini vəzifəsinə seçilməsinə tərəfdardırsa, xahiş edirəm münasibət bildirsin.
Əleyhinə olan yoxdur, bitərəf qalan, yoxdur.
Beləliklə, Arif Rəhimzadə Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri, Sədaqət Qəhrəmanova isə onun müavini seçilir. Hər ikisini təbrik edirik. Xeyirli, uğurlu olsun.
Yeni Azərbaycan Partiyasının VII qurultayında gündəliyin növbəti məsələsi Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyən 6 siyasi partiyanın müraciəti ilə əlaqədardır. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinin uğurlar qazanması, dövlətimizin gücünün, qüdrətinin, iqtisadi gücünün artması, eyni zamanda, 44 günlük Vətən müharibəsi nəticəsində 30 il işğal altında qalan Azərbaycan torpaqlarının azad edilməsi və Azərbaycanın bir dövlət kimi dünyada nüfuzunun artması və digər müsbət cəhətlər Azərbaycanın bütün vətəndaşları kimi, bir çox siyasi partiyalar tərəfindən də İlham Əliyev siyasətinin birmənalı şəkildə dəstəklənməsi ilə nəticələnib. Bir qədər əvvəl haqqında söhbət gedən milli birlik və həmrəyliyin təmin olunmasında Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin birmənalı şəkildə müsbət rol oynaması, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləməsi hesab edirəm ki, bunun bariz ifadəsidir. Bu bariz ifadənin yeni bir görüntüsü də srağagün özlərinin keçirdikləri qurultayda Yeni Azərbaycan Partiyasına qoşulmaq haqqında altı siyasi partiyanın çıxardığı qərarlarda əks olunur. Bu partiyaları sizin diqqətinizə təqdim etmək istəyirəm:
Azərbaycan Xalq Demokratik Partiyası, 1992-ci ildə təsis olunub və bu günə qədər fəaliyyət göstərir.
Azərbaycan Kəndli Partiyası, 1992-ci ildə təsis edilib.
Milli Qurtuluş Partiyası, 1993-cü ildə təsis edilib.
Azərbaycan Yurddaş Partiyası, 1993-cü ildə təsis edilib.
Azərbaycan Milli Hərəkat Partiyası, 1994-cü ildə təsis edilib.
Azərbaycan Demokrat Sahibkarlar Partiyası, 1994-cü ildə təsis edilib.
Qeyd etdiyim kimi, onlar iki gün bundan əvvəl Yeni Azərbaycan Partiyasına qoşulmaq haqqında qərar veriblər, partiyaya müraciət ediblər və partiyanın Sədrinin tövsiyəsi əsasında bu gün həmin məsələ partiyanın VII qurultayının müzakirəsinə çıxarılıb. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu altı partiyanın təmsilçiləri qonaq qismində VII qurultayda iştirak edirlər. Güman edirəm ki, həmin partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması Azərbaycanda milli birliyin, həmrəyliyin artmasına, Yeni Azərbaycan Partiyasının siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu bir addım sayıla bilər. Bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyasına qoşulmaq haqqında müraciət etmiş altı partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı məsələyə münasibət bildirilməsini diqqətinizə təqdim edirəm. Kim həmin partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına tərəfdardırsa, xahiş edirəm münasibətini bildirsin.
Əleyhinə olan, yoxdur, bitərəf qalanlar, yoxdur.
Beləliklə, cənab Prezident, hörmətli qurultay nümayəndələri, Yeni Azərbaycan Partiyasının VII qurultayının gündəliyində olan məsələlər başa çatdı, lazımi qərarlar qəbul olundu.
Diqqətinizə görə sağ olun.
XXX
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda yekun nitqi söylədi.Prezident İlham Əliyevin yekunnitqi
-Sağ olun. Partiyamızın rəhbər orqanlarına seçilmiş bütün partiya üzvlərini təbrik edirəm, onlara öz fəaliyyətlərində uğurlar arzulayıram.
Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Qeyd olunduğu kimi, biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək. Bu partiyaların üzvlərini biz qəbul edirik, onlara bizim ailəyə “Xoş gəlmisiniz!” deyirik və birgə fəaliyyətlə bağlı əlbəttə ki, əlavə addımlar da atılacaqdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, partiyamızın yeni proqramı da hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə heyətinə tapşırıq verirəm ki, 3 ay ərzində partiyamızın yeni proqramı hazırlansın və təqdim edilsin.
Qurultayımızın keçirilməsi bir daha demək istəyirəm ki, ölkəmizin həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. Partiyamızın çoxminli üzvləri xalqımızın bütün təbəqələrini təmsil edirlər.
Görüləcək işlərə qayıtdıqda, mən xüsusilə şəhid ailələrinə göstərilən dəstəyi qeyd etmək istəyirəm. Partiyamızın fəalları bu sahədə də fəal olmalıdırlar, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Müharibədən 4 ay keçməsinə baxmayaraq, artıq 1500 şəhid ailəsi və müharibə əlili üçün mənzillərin təqdim edilməsi mərasimi də keçirilmişdir. Keçən il şəhid ailələrinə verilən mənzillərin sayı 1572 idi, bu, rekord göstəricidir. Bu il isə 3 minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq. Bildirməliyəm ki, beləliklə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda növbədə dayanan, o cümlədən ilk növbədə Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin nümayəndələrinə tam şəkildə mənzillər, evlər veriləcəkdir. Növbəti illər ərzində bu gün növbədə dayanan Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin yaxınlarına mənzillər veriləcəkdir. Ancaq şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər.
Eyni zamanda, qazilərimiz də dövlət tərəfindən bütün lazımi müalicə vasitələri ilə təmin edilir, ən müasir protezlər sifariş olunubdur. Müharibə zamanı sağlamlığını itirən qazilərimizi biz tezliklə normal həyata qaytaracağıq. Onu da bildirməliyəm ki, bizə bu məsələdə xaricdən gələn həkimlər də kömək göstərirlər. Bir neçə ölkədən həkimlər artıq Azərbaycana gəlmişlər, əməliyyatlar aparırlar, kömək göstərirlər. Bu xoş missiyaya görə bütün xarici dostlarımıza da təşəkkürümü bildirirəm.
Həmçinin biz Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start verəcəyik və burada da Yeni Azərbaycan Partiyasının üzvləri, fəallar ön planda olmalıdırlar, öz rolunu oynamalıdılar. Çünki bu proses müəyyən zaman kəsiyində baş verəcək. Biz bir gündə, yaxud da ki, bir il, ya iki ildə dağılmış bütün şəhər və kəndlərimizi bərpa edə bilmərik. Ona görə burada ardıcıllıq, əlbəttə ki, gözləniləcək. Bu ardıcıllıqla bağlı, əlbəttə, hesab edirəm ki, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük verilməlidir. Çünki 300 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib, onların məişət şəraiti yaxşıdır. Ancaq hələ də uşaq bağçalarında, yataqxanalarda və digər yararsız, yəni uyğunlaşdırılmış binalarda köçkünlər yaşayır və burada da sosial ədalətin gözlənilməsi üçün Yeni Azərbaycan Partiyasının fəalları öz rolunu oynamalıdırlar.
Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. O ölkələrdə ki, bu məsələyə fikir verilmir, o ölkələr vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır. Belə olan halda, əlbəttə ki, gələcəkdə – 10 ildən, 20 ildən sonra çox ciddi problemlər yaşana bilər. Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır. Çünki biz bu gün də görürük ki, nəsillər dəyişdikcə bəzi ölkələrdə radikal qüvvələr ya hakimiyyətə gəlir, ya da ki, ildən-ilə, seçkilərdən-seçkilərə onlara verilən səslərin sayı çoxalır. Onların arasında faşist partiyaları var, onların arasında islamofob şüarlarla hakimiyyətə gəlmək istəyənlər var, onların arasında radikallar var. Bütün bunlar onu göstərir ki, tərbiyə işində boşluqlar olub. Sadəcə olaraq, ölkələrin təhsil sistemi bu sahəyə diqqət yetirməyib. Amma tərbiyə həm dərslər zamanı verilməlidir, eyni zamanda, ölkədə hökm sürən ab-hava ilə – o da tərbiyə üsullarından biridir. Məsələn, əgər Azərbaycanı misal gətirsək, bizdə iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür. Harada ki, xalqın maraqları ön plandadır, o ölkələrdə nəsildən-nəslə keçən ənənələrlə yaşayır və biz bu ənənələri yaşatmalıyıq. O ölkələrdə ki, milli identifikasiya artıq arxa plana keçir, o ölkələrdə ki, ənənəvi dəyərlər demək olar ki, deqradasiyaya uğrayır, o ölkələrin gələcəyi çox problemli ola bilər. Biz indi qlobal dünyada, qlobal informasiya məkanında yaşayırıq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan daim informasiya hücumuna məruz qalan ölkədir və bizə qarşı nə qədər çirkin kampaniyalar aparılıb, istisna edilmir ki, gələcəkdə də aparılacaqdır. Ölkəmizin imicini aşağı salmaq, ölkə daxilində inamsızlıq yaratmaq, saxta faktlar ortaya atmaq – bütün bunların bir məqsədi var, çaxnaşma, xaos şəraitində gələcəkdə, hansısa xarici dairələr üçün zəmin yaratmaq. Biz buna imkan verə bilmərik. Ona görə gənc nəslin tərbiyə edilməsi gündəlik fəaliyyətimiz olmalıdır. Həm ali məktəblərdə, ilk növbədə, ailələrdə və eyni zamanda, siyasi partiyalarda buna fikir verilməlidir. Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar. Burada, əlbəttə ki, təcrübəli nəslin fəaliyyətindən çox şey asılıdır. Misal üçün, Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılıb. Hesab edirəm ki bu, çox önəmli addımdır. Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər. Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir. Çünki xaricdən, oradan-burdan yalan, saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Məhz o hesabat da bunun üzərində qurulur və gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır. Digər önəmli məsələ isə odur ki, – Yeni Azərbaycan Partiyası həmişə bu sahədə fəal olub, bizim dövlət siyasətimiz də bu sahədə birmənalıdır, – Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Bu, bizim böyük sərvətimizdir. Mən də müxtəlif tədbirlərdə demişəm ki, bizim dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir.
Biz hamımız Azərbaycan xalqının nümayəndələriyik. Ancaq, eyni zamanda, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu üçün hər bir xalqın, hər bir dinin nümayəndəsinin öz ənənələri var, öz bayramları var, öz həyat tərzi var və bir-birimizə hörmətlə yanaşmağımız bizim böyük sərvətimizdir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə də dünyada nadir ölkələrdən biridir. Çünki baxın, inkişaf etmiş ölkələrdə indi hansı problemlər yaşanır. Onlar bu problemlərin öhdəsindən gələ bilməyiblər. Orada dini, milli zəmində ziddiyyətlər, ayrı-seçkilik baş verir. O ölkələrin bəzi şəhərlərində elə bölgələr var ki, oraya heç polis girə bilmir. Sanki bir dövlət içində dövlət qurublar. Nəyə görə? Çünki siyasət düzgün aparılmayıb, ümumiyyətlə, siyasət aparılmayıb. Hesab edirdilər ki, iqtisadi nailiyyətlər və meyarların yüksək olması orada yaşayan və oraya gələn bütün başqa xalqların nümayəndələri üçün xoşbəxtlik gətirəcək. Amma bu, belə deyil. Orada ədalətsizlik hökm sürür, təbəqələşmə hökm sürür, milli, dini zəmində ayrı-seçkilik var, irqçilik var. Biz bunun təzahürlərini görürük və son zamanlar bu, özünü daha qabarıq şəkildə göstərir, xüsusilə miqrant böhranı ilə əlaqədar. Miqrant böhranı da, əslində, göstərdi ki, elan edilmiş dəyərlər bir çox hallarda, sadəcə olaraq, şüar idi, real həyatda bu, yoxdur.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər, öz ailəsində, öz doğma torpağında hiss edirlər. Xalqlar arasındakı dostluq, mehriban münasibət bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Burada siyasət bundan sonra da ardıcıl şəkildə aparılacaq. Bizim siyasətimiz xalq tərəfindən də qəbul edilir. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir.
Amma biz yaxşı bilirik ki, son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub. Onlar bunu gizlətmirlər və hesab edirdilər ki, burada hansısa uğura nail ola bilərlər. Amma görünür ki, onlar Azərbaycan reallıqlarından xəbərsizdirlər.
Ermənistan düşmən dövlət kimi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi üçün bir nömrəli hədəf idi. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz ölümə gedirdilər. Bu, bizim böyük sərvətimizdir. Ona görə bu sahəyə çox böyük diqqət verilməlidir və Azərbaycan, – necə ki, biz bu gün dünya miqyasında multikulturalizm mərkəzlərindən birinə çevirmişik, – bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyətdə daim bu məsələyə diqqət yetirməlidir.
Biz bu il müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik. Mən giriş sözümdə bu məsələ ilə bağlı öz fikirlərimi dedim. Bir daha demək istəyirəm ki, 30 ildən sonra biz bu günü qürur hissi ilə qarşılayırıq. Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam. Burada da Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. Sadəcə olaraq, geniş ictimaiyyət bundan xəbərsizdir. İstisna edilmir ki, bundan sonra da çox olacaq. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır.
Əlbəttə ki, biz dövlət müstəqilliyini əldə edəndə, – mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirdim, – müstəqilliyimiz şərti xarakter daşıyırdı. Müstəqillikdən dörd ay sonra Ermənistan bizə qarşı Xocalı soyqırımını törətdi. Müstəqillikdən yeddi ay sonra Şuşa və Laçın işğal altına düşdü. Yəni, müstəqilliyimizin ilk illəri faciəvi illər idi və biz müstəqilliyi tamamilə itirə bilərdik. İndi isə – 30 ildən sonra biz ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi, Ermənistanı məğlub etmiş ölkə kimi bu yubileyi qarşılayırıq. Müharibə ilə bağlı bəzi yerlərdə gedən müzakirələrdən görürəm deyirlər ki, biz yeddi rayonu azad etmişik. Elə deyil. Biz, eyni zamanda, Şuşanı azad etmişik, eyni zamanda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonunu tam azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Martuni, indiki Xocavənd rayonunun 50 faizdən çox hissəsini azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert, indiki Ağdərə rayonunun böyük hissəsini azad etmişik, o cümlədən Suqovuşan qəsəbəsini. Biz təkcə yeddi rayonu azad etməmişik. Daha çox ərazini azad etmişik və bu gün yaratdığımız reallıq artıq dünya tərəfindən qəbul edilir. Bir daha demək istəyirəm ki, bu reallığı biz yaratmışıq – güc hesabına, iradə hesabına, birlik hesabına.
Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.
Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.
Beləliklə, bir çox hallarda dediyim kimi, bugünkü qurultayı da bu sözlərlə yekunlaşdırmaq istərdim: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.