YELİSEYİN KÖHNƏLMƏYƏN AMBİSİYALARI: AZƏRBAYCAN ƏLEYHİNƏ QƏTNAMƏNİN PƏRDƏARXASI

Fransa Milli Assambleyasının 4 fevral 2026-cı il tarixində qəbul etdiyi Azərbaycan əleyhinə qətnamə, müasir beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının necə bir təzyiq alətinə çevrilməsinin və eyni zamanda reallıqdan nə dərəcədə qopa biləcəyinin bariz nümunəsidir. Bu sənədin mahiyyətinə dərindən nüfuz etdikdə görünür ki, Paris bu addımı ilə sadəcə regional bir münaqişəyə münasibət bildirmir, həm də özünün qlobal siyasi ambisiyalarını və daxili siyasi konyukturasını qorumağa çalışır. Yekdilliklə qəbul edilən bu qətnamə, Fransa siyasi elitasının müxtəlif qütblərinin Azərbaycan məsələsində necə süni bir həmrəylik nümayiş etdirdiyini göstərir. Bu “yekdillik” əslində obyektiv reallığa deyil, onilliklər boyu Fransa cəmiyyətinə və idarəçilik sisteminə kök salmış güclü erməni lobbisinin siyasi diktəsinə əsaslanır. Beləliklə, Fransa parlamenti özünü neytral bir arbitr kimi deyil, münaqişə tərəflərindən birinin birbaşa vəkili kimi nümayiş etdirərək, beynəlxalq hüququn təməl prinsiplərini siyasi maraqlara qurban verir.

Qətnamənin zamanlaması onun strateji diversiya xarakteri daşıdığını daha qabarıq şəkildə üzə çıxarır. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması istiqamətində ciddi irəliləyişlərin olduğu, birbaşa ikitərəfli dialoqun üçüncü tərəflərə ehtiyac duymadan nəticə verdiyi bir mərhələdə Parisin belə bir kəskin sənədlə çıxış etməsi sülh prosesinə açıq bir müdaxilədir. Fransa bu yolla İrəvandakı revanşist qüvvələrə mənəvi-siyasi stimul verməyə çalışır və Ermənistanı sülh masasından uzaqlaşdıraraq onu yenidən özündən asılı bir geosiyasi alətə çevirmək məqsədi güdür. Bu cür yanaşma nəinki regionda sabitliyin bərqərar olmasına xidmət etmir, əksinə, illüziyalar yaradaraq Ermənistanın gələcək suverenliyi və təhlükəsizliyi üçün də riskli bir zəmin hazırlayır. Regional aktorların sülhə bu qədər yaxın olduğu bir vaxtda kənardan gələn bu növ “qızışdırıcı” qərarlar Fransanın Cənubi Qafqazda real sülhün deyil, özünün sarsılmış nüfuzunun davasını apardığını təsdiqləyir.

Məsələnin digər tərəfi isə Bakı və Paris arasındakı qarşılıqlı diplomatik gərginliyin daha geniş coğrafi müstəviyə keçməsidir. Azərbaycanın Fransanın neokolonial siyasətini beynəlxalq tribunlarda ifşa etməsi, Bakı Təşəbbüs Qrupunun dənizaşırı ərazilərdəki azadlıq hərəkatlarına verdiyi intellektual və siyasi dəstək Yelisey sarayında ciddi qıcıq doğurub. Fransa parlamenti bu qətnamə ilə bir növ Azərbaycanın bu fəaliyyətinə cavab verməyə, onu “beynəlxalq cinayətkar” kimi qələmə verərək özünün müstəmləkəçi keçmişini və bu gününü ört-basdır etməyə çalışır. Sənəddə xristian irsinin qorunması və dini amillərin qabardılması isə məsələni hüquqi müstəvidən çıxarıb sivilizasiyalararası toqquşma müstəvisinə çəkmək cəhdidir. Bu, Avropada artan islamofobiyanın və sağçı ritorikanın qanunverici orqan səviyyəsində təzahürüdür ki, bu da çoxmədəniyyətli Azərbaycan reallığı ilə daban-dabana ziddiyyət təşkil edir.

Yekun olaraq qeyd etmək olar ki, 4 fevral qətnaməsi hüquqi baxımdan Azərbaycan üçün heç bir praktiki nəticə doğurmasa da, Fransa-Azərbaycan münasibətlərindəki sonuncu körpülərin də yanması mənasına gəlir. Bu sənəd Fransanın regiondakı vasitəçilik potensialını rəsmən dəfn edir və Parisin Cənubi Qafqazdakı oyunçu statusunu yalnız “təhrikçi aktor” səviyyəsinə endirir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranmış yeni reallığı qəbul etmək əvəzinə, kağız üzərindəki qərarlarla tarixi gedişatı dəyişməyə çalışmaq Fransanın diplomatik acizliyinin və geosiyasi geriçiliyinin göstəricisidir. Bu prozaik mənzərə göstərir ki, beynəlxalq münasibətlərdə güc balansı və ədalət artıq birtərəfli qərarlarla deyil, yerdəki real nəticələrlə formalaşır və Fransa parlamenti bu reallığı nə qədər gec dərk etsə, Parisin regiondakı marjinallaşması bir o qədər sürətlə davam edəcəkdir.

MTM Analitik Qrupu