
Son günlər Yekaterinburqda Azərbaycan əsilli insanlara qarşı həyata keçirilən repressiyalar, işgəncələr və qətllər yalnız konkret cinayət hadisələri deyil, həm də Rusiyanın uzun illərdir Azərbaycan xalqına qarşı apardığı sistemli düşmənçiliyin, milli ayrı-seçkiliyin və imperialist zorakılığın yeni təzahürüdür. Əlbəttə ki, bu hadisələr təsadüfi deyil, çünki Rusiyanın tarixən Azərbaycan torpaqlarında və xalqı üzərində yürüdüyü soyqırım və işğal siyasəti heç zaman dayandırılmayıb, sadəcə dövrə uyğun müxtəlif formalara bürünüb. Rus imperiyası XVIII əsrin sonundan etibarən Qafqazı işğal etmək üçün planlı şəkildə hərbi ekspansiyaya başlayıb. Azərbaycanın müstəqil xanlıqlarının ardıcıl şəkildə zor gücü ilə ləğvi və rus idarəçiliyinə tabe etdirilməsi, Şimali Azərbaycanın 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə parçalanması və işğalı həmin dövrdən bəri xalqımıza qarşı həyata keçirilən milli məhvetmə siyasətinin başlanğıcı idi. Bu siyasətin təməlində islamı və milli kimliyi sıxışdırmaq üçün məscidlərə, məktəblərə təzyiqlər göstərilir, əhalini zorla ruslaşdırmağa çalışılır, demoqrafik tərkibi dəyişmək üçün Qafqaza xaricdən minlərlə erməni ailəsini köçürürdülər. Nəticədə XIX əsrdə Azərbaycan torpaqlarında milli azlıqların say nisbəti süni şəkildə artırıldı. XX əsrin əvvəllərində isə çar hakimiyyəti və erməni silahlı dəstələrinin birgə dəstəyi ilə 1905-1906-cı illərdə Bakı, Şuşa, Gəncə və digər şəhərlərdə minlərlə azərbaycanlı qətlə yetirildi. 1918-ci ildə baş verən soyqırımlarda 50 midnən çox azərbaycanlı öldürüldü.
Sovet dönəmində də mahiyyət dəyişmədi. 1920-ci illərdə milli ziyalıların represiyası, 1937-1938-ci illərdə repressiyalar dalğası, milyonlarla insanın sürgünə göndərilməsi və ya güllələnməsi Azərbaycan xalqının fiziki və mənəvi məhvinə yönəlmiş planın davamı idi. 1948-1953-cü illərdə Stalin hakimiyyəti tərəfindən yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya edildi. XX əsrin sonunda SSRİ-nin dağılması ərəfəsində də eyni xətt davam etdirildi, 1988-1990-cı illərdə Qarabağda ermənilərin separatçılığına açıq dəstək göstərildi, 1990-cı ilin 20 Yanvarında Bakıya ordu yeridildi, yüzlərlə günahsız insan amansızcasına qətlə yetirildi. Müstəqilliyin ilk illəri olduqca ağır keçdi, rus ordusunun iştirakı ilə Xocalıda dəhşətli soyqırımı baş verdi. Bu baxımdan bu gün Yekaterinburqda azərbaycanlılara qarşı edilən işgəncələr, kütləvi həbslər, insan ləyaqətini alçaldan davranışlar, qətllər Rusiyanın etnik diskriminasiya praktikasının davamıdır. Hadisələrin miqyası və xarakteri göstərir ki, bu kriminal qrupların deyil, məhz polis orqanlarının və dövlət strukturlarının ən azı biganəlik, əslində isə səmimi rəğbət göstərdiyi zorakılıq dalğasıdır. Artıq müstəqil hüquq müdafiə təşkilatları – “Memorial”, “OVD-Info”, “Novaya Gazeta” və Azərbaycan diaspor qurumları bildirir ki, Yekaterinburqda azərbaycanlı miqrantların yaşadığı məhəllələrdə onlarla evə basqın edilib, əhalinin sənədləri yoxlanılıb, çoxsaylı şəxs izahat verməyə məcbur edilib. Saxlanılan şəxslərin bəziləri polis idarələrində fiziki zorakılığa və təhqirlərə məruz qalıb. Şahidlər bildirir ki, saxlanılan insanlara “Siz hamınız banditsiniz”, “Qafqaz köpəkləri” ifadələri işlədilib. İctimai fəalların verdiyi məlumata görə, qətlə yetirilənlərdən biri polis bölməsində döyülərək öldürülüb, digərinin ölümü isə saxlanmadan bir gün sonra müəmmalı şəkildə baş verib. Hüquqi yardım göstərmək istəyən vəkillər təzyiqlə qarşılaşıb, bəzi ailələrə müxtəlif bəhanələrlə hədə-qorxu gəlinib ki, şikayət etməsinlər. Bu faktlar göstərir ki, Yekaterinburqda baş verənlər ayrı-ayrı fərdlərin deyil, bütöv bir xalqın ləyaqətinə hücumdur.
Bir məqamı da vurğulamaq lazımdır ki, Ukraynaya qarşı başlatdığı işğalçı müharibə bütün dünyaya Rusiyanın beynəlxalq hüququ, insan haqlarını və xalqların suverenliyini tanımadığını bir daha sübut etdi. İndi həmin davranış modeli özünün başqa təzahürlərini rus şəhərlərində yaşayan milli icmalar üzərində sınayır. Çünki imperiya təfəkkürü mütləq şəkildə daxildə də özünün “qul sahibliyi” kompleksini təkrar istehsal edir. Ukraynada şəhərlərin dağıdılması, minlərlə mülki insanın qətlə yetirilməsi, işgəncə düşərgələri qurulması necə vəhşilik nümunəsidirsə, Yekaterinburqda azərbaycanlı ailələrin evlərinə basqınlar, onlara qarşı kütləvi təhqir və şiddət də eyni zehniyyətin nəticəsidir. Bu cür addımlar onsuz da beynəlxalq aləmdə biyabır olan, sanksiyalara məruz qalan, öz iqtisadi və mənəvi çürüməsini gizlədə bilməyən bir ölkənin azğınlığının təzahürüdür. Ona görə də Yekaterinburqda azərbaycanlılara qarşı törədilən repressiya və cinayətlər sadəcə kriminal yox, ideoloji xarakter daşıyır. Rusiyanın məğlubiyyət və təcrid sindromundan doğan aqressiyası indi Azərbaycana qarşı etnik nifrət dalğasında təcəssüm edir və bu, beynəlxalq ictimaiyyətin gecikmədən reaksiya verməsini zəruri edən ağır bir təhdiddir.
MTM Analitik Qrup