YAXIN ŞƏRQDƏ MÜVƏQQƏTİ SAKİTLİK YERİNİ YENƏ QANLI SAVAŞA VERƏ BİLƏR

İsrail və İran arasında başlanan, sonradan da ABŞ-nin qatıldığı savaş və bunun gözlənilmədən sona çatması ilə proseslərin qarşıdakı dövr ərzində hansı məcrada inkişaf edəcəyi indi xüsusi maraq doğurur. Qeyd edilməlidir ki, iyunun 22-nə keçən gecə ABŞ-nin İsraillə İran arasında davam edən müharibəyə qoşulmasından sonra Yaxın Şərqdə eskalasiyanın genişlənməsi proqnozlaşdırılırdı. Amma iyunun 22-dən sonra keçən üç gün daha çox sürprizlərlə müşayiət olundu.

İlk baxışda ABŞ-nin savaşa qatılması təhlükəli bir eskalasiyadan xəbər verirdi və hadisələrin inkişaf axarı da bunu təsdiqləyirdi. Lakin üç gündən az müddətdə ABŞ Prezidenti Donald Tramp münaqişənin bitdiyini elan etdi və təkcə İranın deyil, həm də İsrailin hücumları bərpa etməsinə imkan verməyəcəyini açıq şəkildə bildirdi. Bütün bunlar ABŞ Hərbi Hava Qüvvələrinin İranda Fordo, Natanz və İsfahandakı hədəfləri vurmasından sonra baş verdi. Prezident Donald Tramp sözügedən ərazilərdə nüvə müəssisələrinin məhv edildiyini bəyan edir. Peyk görüntüləri də buradakı nüvə təsisatlarında əhəmiyyətli ziyan olduğunu təsdiqləyir. Hücumdan sonra  isə “The Wall Street Journal” nəşri Ağ Evdəki mənbəyə istinadən məlumat yaydı ki, ABŞ İranla əlaqə saxlayıb və bunun “birdəfəlik əməliyyat” olduğunu deyib. “Axios” portalı da bildirdi ki, Prezident Donald Tramp xüsusi elçi Stiv Uitkoffa ölkəsinin atəşkəs istəyini Tehrana çatdırmağı tapşırıb.

Fordo, Natanz və İsfahana edilən hücumların ardınca İran Qətərdəki ABŞ Hərbi Hava Qüvvələri bazasına hücum həyata keçirdi. Amma zərbələr nəticəsində tələfat və ciddi dağıntı olmadı. Buna paralel olaraq,  yayılan qeyri-rəsmi məlumatda bildirildi ki,İran hücumdan əvvəl Qətərə zərbənin harada həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib və baza əvvəlcədən boşaldılıb. Zərbədən sonra Tehran Vaşinqtonu Amerika bazalarına yeni zərbələr endirməyi planlaşdırmadığını və eskalasiyanı istəmədiyini bildirib. Tramp isə İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib: “14 raket atılıb, onlardan da 13-ü vurulub, biri isə təhlükəsiz istiqamətdə hərəkət etdiyi üçün buraxılıb. Məmnuniyyətlə bildirirəm ki, amerikalılardan heç kim yaralanmayıb və demək olar ki, heç bir ziyan dəyməyib. İrana əvvəlcədən xəbərdarlıq etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm, bunun sayəsində heç kim ölməyib və xəsarət almayıb”.

Bunun ardınca o, İsrail və İranın bir neçə saat ərzində qüvvəyə minəcək atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.  ABŞ Prezidenti bildirib ki, İsrail və İran ona “demək olar ki, eyni vaxtda” yaxınlaşıb və hər ikisi sülh istədiklərini bildiriblər. 24 iyun tarixində İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İrana qarşı iyunun 13-də başlayan əməliyyatın başa çatdığını bildirib. İran televiziyası da atəşkəs elan olunması barədə məlumat yayıb. Amma bunun ardınca İsrail İranı atəşkəs başlayandan sonra raket atmaqda ittiham edərək cavab verəcəyini bildirdi. Yenə həmin gün qeyri-rəsmi məlumatlarda bildirildi ki, Tramp və Netanyahu bu məsələ ilə əlaqədar telefonla danışıb. “Axios” yazır ki, ABŞ Prezidenti “son dərəcə sərt ifadələrlə” İsrailin baş nazirindən İran atəşkəsi pozsa da, cavab zərbələrindən çəkinməyi tələb edib. Tramp hər iki tərəfə, xüsusən də İsrailə qarşı məyusluğunu açıq şəkildə ifadə edib. Bundan sonra İsrail İrana qarşı “simvolik və koordinasiyalı” cavabı olaraq Tehranın şimalındakı radara tək zərbə endirib. Yenə qeyri-rəsmi olaraq belə məlumat yayıldı ki, Netanyahu ondan hücumdan çəkinməyi xahiş edən Trampla söhbətində deyib ki, o, zərbəni dayandıra bilməz.  Lakin sonda hücumun miqyasını əhəmiyyətli dərəcədə azaltmaq və Tehrandan uzaqda olan bir hədəfə rəsmi zərbə endirmək qərarı verilib. Bunun ardınca Netanyahunun ofisi İrana qarşı daha heç bir hücumun olmayacağını açıqlayıb. Elə bu fonda Tramp “Truth Social” şəbəkəsində yazıb: “Çin indi İrandan neft almağa davam edə bilər. Bunu mümkün etmək mənim üçün şərəf idi”.

Hazırda görünən odur ki, tərəflər sakitləşib və eskalasiya təhlükəsi aradan qalxıb. Amma proseslərin analizi əslində, tamam başqa mənzərəni üzə çıxarır. Əvvəla, ABŞ kəşfiyyat orqanları hesab edir ki, ABŞ Silahlı Qüvvələrinin İrana endirdiyi zərbələr Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib. CNN telekanalı, ”The New York Times” qəzeti  kəşfiyyat mənbələrinə istinadən bildiriblər ki, ABŞ-nin hücumu İranın nüvə proqramını yalnız bir neçə ay geri salıb. Qeyd olunur ki, bu nəticə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı tərəfindən hücumdan sonra aparılan analizə əsaslanır. İlkin kəşfiyyat qiymətləndirməsinə əsasən, İranda zənginləşdirilmiş uran ehtiyatları məhv edilməyib və sentrifuqaların əksəriyyəti də zədələnməyib. Tramp bu media orqanlarını ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbənin effektivliyini şübhə altına alan xəbərlərə görə yalan danışmaqda ittiham edib: “Saxta xəbərlər şəbəkəsi olan CNN və bədbəxt “The New York Times” tarixin ən uğurlu hərbi əməliyyatlarından birini dəyərdən salmaq üçün birləşdilər”. O əlavə edib ki, İrandakı nüvə obyekti tamamilə məhv edilib. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News” telekanalında medianın iddialarını yalan adlandırıb. Onun sözlərinə görə, Fordo nüvə obyektinə beton sığınacaqlara nüfuz edən 12 bomba atılıb: “Şübhə yoxdur ki, bombalar qoruyucu günbəz içəri girib və obyekt dağıdılıb”. Uitkoff CNN telekanalında, ”The New York Times” qəzetində dərc olunan yazıları şərh edərkən deyib: “Məzmunundan və mənbəyindən asılı olmayaraq, belə məlumatların sızdırılması Vətənə xəyanətdir. Bu, araşdırılmalı və bunun arxasında duran hər kəs cavab verməlidir”. Yenə qeyri-rəsmi məlumatlara əsasən, İsrail də İranın nüvə proqramının tam sıradan çıxmadığını düşünür. Elə bu kontekstdə İranın nüvə proqramını yenidən işə salması halında İsrailin hücumlarının təkrar edilməsi tamamilə gözləniləndir.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamirin dedikləri də bunu təsdiq edir: “Fenomenal nailiyyətə baxmayaraq, biz ayıq olmalıyıq. Qarşıda bir çox problem var. Diqqətimizi cəmləməliyik. Biz əhəmiyyətli bir fəsli yekunlaşdırdıq, lakin İrana qarşı kampaniya hələ bitməyib. Biz hazırkı əməliyyatın nailiyyətlərinə əsaslanan yeni bir mərhələyə qədəm qoyuruq. Biz İranın nüvə layihəsini illərlə ləngitmişik, eyni şey onun raket proqramı üçün də keçərlidir”. Nəzərə alınması vacib olan daha bir nüans budur ki, İsrail 1979-cu ildən bu yana ilk dəfə ABŞ-nin İrana açıq hərbi müdaxilə etməsinə də nail oldu. Bunun sonradan təkrarlanması tamamilə mümkündür. Bundan əlavə, İsrail üçün əsas məqsədlərdən biri İranda hakimiyyət dəyişikliyinə nail olmaqdır. İsrail açıq şəkildə İranda rejimin zərbələrdən sonra zəifləyəcəyinə ümid edir. Trampın isə İranda hakimiyyət dəyişikliyinə cəhd edib-etməmək məsələsinə münasibəti bir gündə dəyişib. Əvvəlcə o, ABŞ-nin çevrilişə ümid etdiyini açıq şəkildə bildirdi. Lakin bunun ardınca Tramp belə bir şey istəmədiyini qeyd etdi: “Rejim dəyişikliyi xaosa gətirib çıxarır. Və ideal olaraq, xaos olmadan bunu etmək yaxşı olardı”.

Görünən odur ki, İsrail İranda dini hakimiyyətin əvəzlənməsində fəaliyyətini davam etdirəcək və bu hal da savaşı tətikləyən əlavə faktor olaraq qalacaq. İran isə İsrailin Yer üzündən silinməsi siyasətindən geri çəkilməyi düşünmür. Bu da tərəflərin yenidən toqquşmalara başlamasını və Yaxın Şərqdə qanlı savaşın təkrar olunacağını istisna etmir. 

MTM Analitik Qrup