
Azərbaycanın xarici siyasətində yeni istiqamətlər və daha geniş regional əməkdaşlıq daim özünü qabarıq şəkildə büruzə verən məqamlar sırasında yer alır. Sözügedən kontekstdə son illərdə Yaxın Şərq bölgəsində Azərbaycanın mövqeyi getdikcə daha da möhkəmlənməkdədir. Bu proses ölkənin siyasi diplomatiyası, enerji layihələrində iştirakı, humanitar və dini-mədəni sahələrdə əlaqələri ilə sıx bağlıdır. Digər tərəfdən Azərbaycanın regional və beynəlxalq təşkilatlarla əməkdaşlığı da bu güclənməni şərtləndirən əsas amillərdəndir.
Daha bir mühüm nüans ondan ibarətdir ki, indi Yaxın Şərq ölkələrinin özləri də Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət və maraq ifadə edirlər. Bunu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri fonunda bir daha görmək mümkündür. Sözügedən səfər bir daha təsdiqlədi ki, Yaxın Şərq coğrafiyasında ölkəmizlə münasibətlərin inkişafına maraq olduqca yüksəkdir və bu, ən müxtəlif istiqamətləri əhatə edir. Belə istiqamətlərdən biri də enerji sahəsidir. Ümumiyyətlə, Azərbaycanın Yaxın Şərq ölkələri ilə enerji sahəsində əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.
Ölkəmizin sözügedən sferada uğurları yenidən qurulan Suriya üçün də olduqca cəlbedicidir. Təsadüfi deyil ki, bu məsələ Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşündə enerji məsələsinə də xüsusi diqqət edilib. Görüşdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd olunub, Suriyanın hazırda üzləşdiyi ciddi enerji probleminin həllində Azərbaycanın oynayacağı rol əsas müzakirə predmetlərindən birini təşkil edib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur ki, qeyd olunan məqam sözügedən ölkənin təkcə bəprasında yox, ümumən inkişafında həyati önəm kəsb edəcək. Elə Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini qeyd edib.
Bəlli həqiqətdir ki, Suriyada 2011-ci ildən ötən ilin dekabrınadək davam edən vətəndaş müharibəsi nəticəsində ölkənin enerji infrastrukturu ciddi dağıntıya məruz qalıb, daxili qaz hasilatı və elektrik istehsalı əhəmiyyətli şəkildə zəifləyib. Suriya hazırda qaz idxalına böyük ehtiyac duyur və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində addımlar atmağa çalışır. Bu məsələdə Suriyanın əsas tərəfdaşlarından biri isə məhz Azərbaycan olacaq. Yaxın Şərqə, indilikdə Suriyaya qaz ixracı Azərbaycanın ixrac coğrafiyasını genişləndirəcək, iqtisadi mənfəəti artıracaq və bölgədə geosiyasi çəkisini möhkəmləndirəcək. Azərbaycanın Suriyaya qaz nəqli üçün istifadə edə biləcəyi marşrutlar bir neçə variant üzrə mümkündür. Bunlardan birincisi Azərbaycan–Gürcüstan–Türkiyə–Suriya marşrutudur. Hazırda Azərbaycan qazı TANAP vasitəsilə Türkiyəyə çatır. Suriyada vəziyyət sabitləşməsi, əldə olunan razılıqlar fonunda Türkiyə üzərindən Suriya ərazisinə Azərbaycan qazı çatdırılacaq. Perspektivdə mayeləşdirilmiş qaz ixracı da mümkün hesab olunur. Azərbaycanın mayeləşdirilmiş qaz istehsalı imkanlarını artırması ilə müvafiq terminallar vasitəsilə Aralıq dənizi limanlarına və ya birbaşa Suriyanın limanlarına qaz çatdırılması bu müstəvidə mümkün variantlardan biridir. Regional inteqrasiya çərçivəsində qaz mübadiləsi də istisan deyil. Azərbaycanın dost və tərəfdaş olduğu ərəb ölkələri ilə əməkdaşlğı çərçivəsində “svop” mexanizmi vasitəsilə də Suriya bazarına dolayı yolla qaz ötürülməsi mümkündür.
Təbii ki, Azərbaycan-Suriya əməkdaşlığı təkcə enerji sektorunu əhatə etmir. İqtisadi sahədə Azərbaycan ilə Suriya arasında ticarət əlaqələrinin potensialı mövcuddur. Lakin Suriyada baş verən hərbi münaqişə nəticəsində bu əlaqələr ciddi şəkildə zəifləyib. Əvvəlki dövrlərdə neft-kimya, kənd təsərrüfatı məhsulları, qida və tekstil sahələrində əməkdaşlıq imkanları diqqət mərkəzində idi. Azərbaycan Suriyaya kənd təsərrüfatı texnikası, plastik və neft məhsulları ixrac edib, əvəzində meyvə-tərəvəz və tekstil məhsulları alıb. İndi Suriya iqtisadiyyatının bərpası məsələsi gündəmə gəldikcə, Azərbaycan şirkətləri üçün bu ölkədə infrastruktur, tikinti və enerji sahəsində fəaliyyət göstərmək imkanları yaranır. Azərbaycan regionun stabil və güclənən iqtisadi mərkəzi kimi, Suriyanın yenidənqurma prosesində iştirak etmək istəyən ölkələrdən biri kimi çıxış etməyə hazır olduğunu ən yüksək səviyyədə bəyan edib. Elə Prezident İlham Əliyevin Suriyanın rəhbəri Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşündə ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulanıb ki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər.
Onu da xatırlatmaq lazım gəlir ki, Azərbaycan və Suriya arasında mədəniyyət və təhsil sahəsində əlaqələr də müəyyən inkişaf mərhələləri keçib. Hər iki xalqın qədim tarixə və zəngin mədəniyyətə sahib olması, qarşılıqlı anlaşma üçün mühüm zəmin yaradır. Azərbaycan multikulturalizm və dinlərarası dialoq sahəsində qazandığı təcrübəni Suriya kimi multietnik və çoxkonfessiyalı bir ölkə ilə bölüşməyə hazırdır. Suriya ilə mədəni mübadilə layihələrinin canlandırılması artıq istisna deyil. Azərbaycan Suriyada humanitar fəlakətlərin ağır nəticələrini də nəzərə alaraq, bu ölkəyə humanitar yardımlarıı davam etdirir.
Nəqliyyat-logistika marşrutlarının yenidən qurulması və Zəngəzur dəhlizinin açılması fonunda Azərbaycanla Yaxın Şərq arasında əlaqələrin genişlənməsi gözlənilir. Bu da öz növbəsində Suriyanın bu yeni geoiqtisadi dəhlizlərdən faydalanmasına şərait yarada bilər. Azərbaycan isə Suriyanın malik olduğu tranzit imkanlarından istifadə edərək ixrac coğrafiyasını genişləndirməkdə maraqlıdır. Beləliklə, Suriya böhranının həllə doğru yönəlməsi, regionda sabitliyin təmin olunması fonunda Azərbaycan–Suriya münasibətlərinin yenidən canlanacağı gözlənilir. Azərbaycanın regiondakı geosiyasi çəkisinin artması, enerji və nəqliyyat layihələrində aktiv iştirakı, onu Yaxın Şərq ölkələri, o cümlədən Suriya üçün daha cəlbedici tərəfdaşa çevirir.
Ümumiyyətlə, Azərbaycan–Suriya münasibətləri uzunmüddətli perspektivdə strateji əhəmiyyətə malikdir. Suriyada məlum müharibə və xaos fonunda zəifləmiş əlaqələrin yenidən bərpası və genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycanın balanslı siyasəti və regional əməkdaşlıq çağırışları, Suriyanın isə sabitliyə doğru yönələn mövqeyi bu münasibətlərin inkişafını təşviq edir. Bu əlaqələrin dərinləşməsi təkcə iki ölkə üçün deyil, bütün Yaxın Şərq və Cənubi Qafqaz regionu üçün də müsbət nəticələr doğurmaq iqtidarındadır, bunu Bakı ilə Dəməşq nəzərə alırlar.
MTM Analitik Qrup