Suriya müharibəsinin 2011-ci ildən bəri davam edən faciəsi Yaxın Şərqdəki geosiyasi və hərbi mənzərəni əsaslı şəkildə dəyişdi. Lakin son dövrlərdə müxalifət qruplarının və əsasən İdlib ərazisində fəaliyyət göstərən silahlı qrupların yenidən fəallaşmasının hərbi əməliyyatlar müstəvisinə keçməsi regionun təhlükəsizlik və siyasi vəziyyətini ciddi təhdid etməyə başlayıb. Bu vəziyyət həm də beynəlxalq güclərin, xüsusilə ABŞ, Türkiyə, İran və Rusiya kimi əsas oyunçuların mövqelərini və onların regiondakı fəaliyyətlərini yenidən qiymətləndirməyə məcbur edib.
Hazırda Suriyada hərbi əməliyyatların yenidən alovlanması çox güman ki, müharibənin gedişatında bəzi mühüm dəyişikliklərə gətirib çıxaracaq. Bu vəziyyətin əsas nəticələrindən biri bəzi beynəlxalq güclərin müdaxiləsi ilə qarşısı alınan vətəndaş müharibəsinin yenidən başlanması ola bilər. Belə olan halda uzun illərdir davam edən toqquşmalar ölkənin daha da parçalanmasına gətirib çıxaracaq, qətliamlar, mülki itkilər artacaq. Bundan əlavə, Suriya müxalifətinin fəaliyyətini bərpa etməsi İdlib və müxalifətin nəzarətində olan bölgələrdə gərginliyi artıracaq. Bu isə qonşu ölkələrə də ciddi təsir göstərə bilər. Bu baxımdan Türkiyənin hansı addımlar atacağı, əvvəldə olduğu kimi humanitar fəlakətin qarşısının alınmasında əsas qüvvə kimi çıxış edib-etməyəcəyi əsas suallardan biridir. Çünki bu addımında görə Türkiyə hökuməti vaxtaşırı ölkə müxalifətinin ciddi qınağına tuş gəlmişdi. Türkiyə ərazisinə keçən milyonlarla qaçqın ordusunun humanitar ehtiyaclarının ödənməsi Ankara üçün əsl başağrısı olmuşdu. Digər tərəfdən indiki vəziyyət Türkiyənin milli təhlükəsizliyi baxımından da narahatedici vəziyyət yaradır. Təbii ki, hökumət öz sərhədində sabitlik istəyir, kürd qruplaşmalarının fəaliyyətini məhdudlaşdıran Ankara onların yenidən fəallaşmamasına çalışır. Lakin ABŞ İŞİD-ə qarşı mübarizə adı altında kürd döyüşçülərini dəstəkləyir. ABŞ-ın əsas məqsədi İŞİD-in və digər radikal islamçı qrupların regionda yenidən möhkəmlənməsini əngəlləmək olsa da əslində bu yolla region dövlətlərini təzyiq və təhdid altında saxlamağa çalışır. Bir tərəfdən də ABŞ müxalif qrupların yenidən fəallaşmasından öz maraqları qorumaq, xüsusən də Rusiya və İranın təsirini zəiflətmək üçün istifadə edir. Lakin ABŞ-ın bölgədəki mövqeyi daha çox Suriya daxilindəki kürd qruplarına yönəlib. Bu vəziyyətdə Türkiyə kürd qüvvələrinin hərbi mövcudluğunu narahatlıqla izləyir və müxalifətin fəallaşmasını öz maraqlarına uyğunlaşdırmağa çalışır. Ankaranın məqsədi YPG/PKK-nın Suriya üzərindəki təsirini azaltmaqdır. Bu baxımdan, Türkiyə, müxalifətin yenidən güclənməsi ilə İdlib və digər bölgələrdəki kürd qüvvələrinin sıxışdırılmasına çalışacaq.
İran Suriyada Bəşər Əsədin müttəfiqi olaraq, Suriya hökumətini dəstəkləməyə davam edir. Tehran Suriya müxalifətinin yenidən fəallaşmasının və hərbi əməliyyatların alovlanmasının ölkə hökumətinin daha da zəifləməsinə və ölkədəki siyasi sabitliyin pozulmasına yol açacağını düşünür. Bununla yanaşı, İran həm də regionda öz təsirini qorumağa çalışaraq bəzi hallarda Rusiyanın və Türkiyənin mövqeyinə qarşı çıxır. Rusiya isə Suriya müharibəsində əsas hərbi dəstək verən ölkə olaraq, Bəşər Əsədin hökumətinin mövcudluğunu qoruyub saxlamasında mühüm rol oynayıb. Kremldən gələn açıqlamalardan da aydın olur ki, Moskva bu dəfə də Suriyada müxalifətin fəallaşmasının və hərbi əməliyyatların alovlanmasının qarşısını almaq üçün hökumətə dəstəyini artırmaqda davam edəcək. Lakin Moskva bu dəfə də Türkiyə ilə olan əlaqələrindəki hərbi balansı qorumağa çalışacaq.
Suriyada vəziyyətin yenidən qarışması Yaxın Şərqdəki ümumi geosiyasi vəziyyəti ciddi şəkildə dəyişdirə, Səudiyyə Ərəbistanı, BƏƏ və digər ərəb dövlətlərinin yeni koalisiyalar qurmasına səbəb ola bilər. Əgər vəziyyət bir qədər də gərginləşərsə hərbi gərginliyin qonşu ölkələrdə də təsir etməsi mümkündür. Livan və İraqda mövcud olan müxtəlif silahlı qrupların yenidən baş qaldıraraq Suriyadakı hərbi əməliyyatlardan təsirlənməsi ehtimalı getdikcə yüksəlir.
Bir sözlə, beynəlxalq aktorlar bölgədəki mövqelərini yenidən nəzərdən keçirməlidirlər. ABŞ, Türkiyə, İran və Rusiya bu prosesi öz strateji maraqlarına uyğun şəkildə idarə etməyə çalışmaqla daha çox vəziyyətin sabitləşdirilməsinə çalışmalıdırlar. Əks halda haqqında çoxdan danışılan Yaxın Şərqin yenidən şəkillənməsi baş verə bilər. Bəlkə elə böyük güclərin istədiyi də budur?!
MTM Analitik Qrup